Nazirlik işğaldan azad edilmiş torpaqlardakı abidələrin monitorinqinə başlayıb

Təyinatına uyğun şəkildə istifadə olunmayıb, təhqir edilib.

Foto: Mədəniyyət Nazirliyi


"İndiyədək 312 tarix-mədəniyyət abidəsinin monitorinqi aparılıb"

Mədəniyyət Nazirliyi işğaldan olunmuş Azərbaycan ərazilərində tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin monitorinqinə başlayıb.

Nazirliyin məlumatında bildirilir ki, (mct.gov.az) indiyədək dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi aparılıb.

Monitorinq zamanı həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib.

Bundan başqa, 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılıb.

Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış müəssisələrinin son 30 ildə həyata keçirməli olduğu faktaraşdırıcı missiyalar təşkil edilmədiyinə görə inventarlaşdırma prosesi boşluğu doldurmalı olub.

İşğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb. Təyinatına uyğun şəkildə istifadə olunmayıb, təhqir edilib.

Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə ziyan görüb.

Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib.

Ağdam şəhərində yerləşən Pənahəli xanla (XIX əsr), Mehdiqulu xanın türbəsi qismən, İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub.

Qeyd olunur ki, Ermənistanın təşkilatçılığı ilə Xocavənddə yerləşən Azıx mağarası, Ağdamdakı Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi arxeoloji ekspedisiyalar, qanunsuz qazıntı işləri təşkil edilib.

Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb.

Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

Ermənistan tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılıb.

Qubadlı, Füzuli və Ağdamdakı 1941-1945-ci il müharibəsinə aid xatirə abidələri tamamilə məhv edilib.

Füzulidə Məhəmməd Füzulinin heykəli, Laçının Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşadakı büstü, şair Xurşidbanu Natəvanın Ağdamda yerləşən qəbirüstü abidəsi dağıdılıb (Rza Diqqəti: Ağdamdan Xurşidbanu Natəvanın sümüklərini də aparıblar – (

Meydan.TV

).

Azərbaycan mədəniyyət abidələrinin dağıdılması bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın, “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya”nın müddəalarını kobud şəkildə pozulduğu qeyd olunur.

Ana səhifəMədəniyyətNazirlik işğaldan azad edilmiş torpaqlardakı abidələrin monitorinqinə başlayıb