“Çox güman ki, Xurşidbanu Natəvanın çəkdirdiyi su kəmərindən su içənlərdir”
Ağdam şəhərindəki Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleksi İmarət Qərvənd qəbristanlığı tamamilə dağıdılıb.
Fransada yaşayan Rza Diqqəti İkinci Qarabağ Müharibəsindən sonra əraziyə səfər edən zaman məzarlığa baş çəkərək, “İnstagram” bloqunda fotolar və video paylaşıb.
Fotoqraf klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın uçurdulmuş məzar məqbərəsinin görüntülərini yayımlayıb. O, bildirib ki, bu kompleksdə ilk dəfə Birinci Qarabağ Müharibəsindən öncə olub:
“1992-ci ildə şəhər işğal olunmamışdan əvvəl bu mədəniyyət mərkəzini ziyarət etdim. Natəvanın məzar daşındakı memarlığa, heykəlin gözəlliyinə heyran qaldım. Ağdam azad edildikdən sonra noyabrın 20-də yenə bura gəldim və gördüyüm mənzərə dəhşətli idi. Öyrəndim ki, onun məzarını məqsədli olaraq dağıdıb, qarət ediblər. Hətta sümüklərini də aparıblar. Bunu edənlər, çox güman ki, Xurşidbanu Natəvanın çəkdirdiyi su kəmərindən su içənlərdir”.
XVIII – XIX əsr Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleksində Pənahəli xan (1763), İbrahimxəlil xan (1806), Mehdiqulu xan Cavanşir (1845), Cəfərqulu xan Nəva (1867), Gövhər ağa (1888), Xurşidbanu Natəvan (1897), Xanbikə xanım (1921) dəfn olunub.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, qurum bununla bağlı lazımi addımları atacaq:
“Hələ ki, rəhbərlik səviyyəsində danışıqlar aparılır. Yaxın vaxtlarda verilən qərarla bağlı mətbuatda açıqlama yayımlanacaq”.