Hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək
Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr yenidən artırılır. Budəfəki artım yalnız vəzifəli şəxslər və hüquqi şəxslərə münasibətdə nəzərdə tutulub.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə dəyişiklik layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.
Məcəllənin hazırda qüvvədə olan variantında isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.
Həmçinin İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr də vəzifəli və hüquqi şəxslərə münasibətdə artırılır.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək
Məcəllənin hazırki variantı isə belədir: Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.
Layihə Milli Məclisin dekabrın 18-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Ələsgər Məmmədli: "Problem səhiyyə sisteminin korrupsiyalaşmasındadır”
Hüquqşünas Ələsgər Məmmədli Meydan Tv-yə deyir ki, yoluxmanın artmasının səbəblərini səhiyyə sisteminin ciddi şəkildə korrupsiyalaşmasında axtarmaq lazımdır:
“Apteklərdə dərmanların qiyməti 5-10, hətta 50 dəfə bahalaşıb. Pandemiyaya ilə mübarizədə ən ciddi məsələlərdən biri sağlıq ocaqlarının xəstələrinin qəbul etmə imkanlarının çox məhdud olmasıdır. Nəticədə çox sayda xəstə evdə müalicə almır, əksinə, ölür. Hökumət cəmiyyətin bu problemləri görməmək üçün daha çox vətəndaşların davranışına hədəflənir. Halbuki maska da taxıldı, məsafə də gözlənildi, amma pandemiya sürətlə artır. Maska insanları COVİD-19 infeksiyasından qorusaydı, yoluxma bu qədər artmazdı. Bu, koronovirusa qarşı mübarizənin metodunun doğru seçilmədiyi göstərir”.
Ələsgər Məmmədlinin qənaətincə, ən böyük problem xəstələrin dərmanla təchiz olunmamasıdır: “İkinci, xəstələrin heç bir ehtiyacının qarşısının alınmamasıdır. Nəticədə xəstələr qida üçün dükana, dərman üçün aptekə gedirlər və virus da yayılır. Bu, onu göstərir ki, xəstələr getdiyi məkanlarda viruslar havada qalır və kimlərsə yoluxa bilir. Ona görə də hökumət mübarizənin keyfiyyətsizliyindən diqqəti yayındırmaq üçün maska taxmayanlara cərimələri artırır və problemi orda axtarmağa çalışırlar. Halbuki problem səhiyyə sisteminin korrupsiyalaşmasındadır”.
Fuad Ağayev: "Pozuntular cərimə məbləğlərinin az olduğuna görə baş vermir"
Vəkil Fuad Ağayev İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini bu şəkildə yenilənməsinə lüzum olmadığını bildirib: “Prinsip etibarilə müzakirələr pozuntuların niyə baş verməsi sualı üzərində qurulmamalıdır. Pozuntular cərimə məbləğlərinin az olduğuna görə baş vermir. Cərimə məbləğləri də az deyil. Pozuntular olursa, müvafiq şəxslərin məsuliyyətə cəlb olunması vacibdir. Çünki Azərbaycanda epidemoloji vəziyyət çox gərgindir və ağırdır”.
Fuad Ağayev bildirib ki, fiziki şəxslərin dərhal cərimə olunması, məcəllənin 211.2 maddəsi, yəni alternativsizlik cərimənin tətbiqi də doğru deyil:
“Əgər xəbərdarlıq sistemi olsaydı, ardınca cərimə tətbiq edilsəydi, vəziyyət daha hüquqi və nizamlı sayıla bilərdi. Ümumilikdə, belə bir düzəlişə ehtiyac yoxdur. Çünki Milli Məclisin qarşısında bundan qat-qat vacib məsələlər var. Yəni İnzibati Xətalar Məcəlləsinin icrası və tətbiqi qanunverici orqanlıq deyil. 100, 200 manat artımla arzu olunan perspektivə nail olunması görünmür. Sual olunur, Milli Məclis niyə görə 10 noyabr üçtərəfli bəyanatı müzakirəyə çıxartmayıb, ən azı sənəd bu orqanın təsdiqinə və referenduma çıxarılmalıydı. Səbəb də odur ki, bəyanat Azərbaycanın suveren hüquqlarını məhdudlaşıdırıb. Amma Milli Məclis bu barədə susur. Yaxud son günlər erməni terrorçular rus sülhməramlıları tərəfindən dəstəklənir və Azərbaycan üçün problemlər yaradırlar, parlament isə münasibət bildirmir. Milli Məclis qarşısındakı ümdə məsələləri kənara qoyub, İnzibati Xətalar Məcəlləsinə elə bir əhəmiyyəti olmayan düzəlişlərlə məşğuldur”.