Rusiyanın təzyiq göstərməməsinin səbəbləri

Amma Rusiyanın Ermənistana yardımına baxmayaraq, hadisələr elə sürətlə və elə ardıcıllıqla inkişaf edir ki, Moskva onlara yetişə bilmir.

Foto: Meydan TV


Status-kvonun bərpası üçün Kremlə əvvəlcə Paşinyanın “getməsi” və onun çağırışı lazımdır

Dağlıq Qarabağ ətrafında münaqişənin həlli Azərbaycan və Ermənistanın maraqları arasında tarazlıq tapılmasından ibarətdir. Bu fikri Rusiya Prezidenti Vladimir Putin cümə axşamı “VTB Kapital”ın “Rusiya çağırır!” forumunda çıxış edərkən bildirib.

“Uzunmüddətli həll nədə və ya haradadır? Hər iki tərəfi – həm dəyişməz hörmətlə yanaşdığımız Azərbaycan xalqının, həm də erməni xalqını qane edəcək maraqlar balansını tapmaqdadır”, – deyən Putin əlavə edib ki, Azərbaycan etnik münaqişə ilə əlaqəsi olmayan yeddi rayonu qaytarmaq hüququnda və daha sonra Dağlıq Qarabağın mənsubiyyətinin həll edilməsində israr edir. “Hər kəsin öz doğrusu var, – deyə Rusiya lideri qeyd edib. – Burada sadə həll yoxdur, çünki çox mürəkkəb bir düyün yaranıb”.

Daha sonra Putin münaqişənin Rusiyanın təklif etdiyi həllini xatırladıb. “Biz ilk gündən Qarabağ zonasının müəyyən rejimi təmin edilməklə, Ermənistanla qarşılıqlı fəaliyyət göstərməklə, beş + iki rayonun Azərbaycana verilməsi mümkünlüyü haqqında danışmaq zərurətinə əsaslanırdıq”, – deyə o bildirib.

Bununla da Putin bizi Qarabağla bağlı Madrid prinsiplərinə ((ing. Madrid proposals) 2007-ci ilin noyabrında Madriddə münaqişə tərəflərinə təklif edilmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təməl prinsiplərin şərti adı) yönləndirib. Bu prinsiplər aşağıdakıları nəzərdə tutub:



– Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması;



– Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə zəmanəti verən müvəqqəti statusun verilməsi;



– Ermənistan və Dağlıq Qarabağ arasındakı dəhliz açılması;



– Gələcəkdə Dağlıq Qarabağın yekun hüquqi statusunun hüquqi cəhətdən məcburi olan referendum əsasında müəyyən edilməsi;



– bütün daxili məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılmasının təmin edilməsi;



– sülhün qorunub saxlanması üzrə əməliyyatları da ehtiva edən beynəlxalq təhlükəsizlik zəmanəti.

Gördüyümüz kimi, Rusiya Prezidenti (yeri gəlmişkən, MQ-yə həmsədr ölkələrin digər rəhbərləri və nümayəndələri də) yeni reallığın yaranması – Azərbaycanın BMT Nizamnaməsinin VII Hissəsinin 51-ci maddəsinə uyğun olaraq “Fərdi və ya kollektiv özünümüdafiə hüququ”nu həyata keçirməsi faktına məhəl qoymamağa çalışır. Azərbaycan özü BMT və ya MQ tərəfindən heç bir kömək olmadan artıq ölkənin Ermənistan tərəfindən işğal edilmiş 4 rayonunu tamamən və 3 rayonunu qismən azad etməyə müvəffəq olub. Həmçinin, Putin BMT TŞ-nin Qarabağla bağlı işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan dörd qətnaməsinə (30 aprel 1993-cü il tarixli 822 saylı, 29 iyul 1993-cü il tarixli 853 saylı, 14 oktyabr 1993-cü il tarixli 874 saylı və 12 noyabr 1993-cü il tarixli 884 saylı) məhəl qoymamağa çalışır (əvvəlki kimi) və MQ üzvü olan ölkənin qərəzsizliyi prinsipinə zidd olaraq təcavüzkarı (Ermənistan) və təcavüz qurbanını (Azərbaycan) bir tutur.

Bununla belə, sentyabrın 27-də başlayan Ermənistan SQ-nin darmadağın edilməsinə Moskva kifayət qədər sakit reaksiya verib. Bakının ünvanına heç bir hərbi ritorika, hərbi əməliyyatları dayandırmaq üçün heç bir siyasi təzyiq olmayıb.


Moskva niyə təzyiq göstərmir?

Aydındır ki, bu, hazırda xoşagəlməz ssenarini dayandırmağın kifayət qədər çətin olması ilə əlaqədardır. Birincisi, müdaxilə üçün heç bir formal əsas yoxdur, ikincisi isə, Suriya, Liviya və Ukraynadakı iştirakın onsuz da yorduğu Kreml bu dəfə də Cənubi Qafqazda Rusiya və Türkiyə ilə strateji əlaqələri olan Azərbaycanla daha bir münaqişəyə daxil olmaq istəmir.

Bundan başqa, Moskvanın Yerevanı müdafiə etmək istəməməsini əhəmiyyətli dərəcədə Ermənistan Baş naziri Nikol Paşinyanın tutduğu siyasi kursla da şərtləndirir. Birincisi, o, Qarabağın rəhbərlərindən biri və Vladimir Putinin şəxsi dostu olan Robert Koçaryanı həbs edib. Həm də Putin şəxsən Paşinyandan Koçaryanı azad etməsini xahiş edib, amma qəti rədd cavabı alıb. Bu, əlbəttə ki, Nikol Vovaeviçlə Vladimir Vladimiroviç arasında yaxşı şəxsi münasibətlər qurulmasını tamamilə qeyri-mümkün edib.

Daha sonra Paşinyan KTMT Baş katibi Yuri Xaçaturovu da həbs etməyə çalışıb. Kremldə hesab edirlər ki, bütün bunlar Yerevanın kuratorlarının Potomak sahillərindən öyrədilməsi ilə edilib. Beləliklə, Ermənistanda KTMT-nin – şəxsən Putinin yaratdığı təşkilatın rolu heçə endirilib.

Daha sonra yeni seçilmiş Baş nazir Ermənistan xüsusi xidmətlərindən Rusiyayönümlü kadrları, demək olar ki, tamamilə təmizləyib. Bundan başqa, o, Ermənistan hakimiyyətinin yüksək vəzifələrinə Kremldə ABŞ-ın casusları hesab olunan şəxsləri gətirib. Həmçinin, Paşinyan Baş Qərargahı və generaliteti təmizləyib, Rusiya ali hərbi məktəblərində təhsil alan generalları vəzifədən kənarlaşdırıb.

Eyni zamanda, o, İstintaq Komitəsinin sorğusu əsasında Rusiya xüsusi təyinatlısı Belyakinin qatilini Rusiyaya ekstradisiya etməkdən imtina edib. Həmçinin, Rusiya şirkətlərinin Ermənistandakı törəmə şirkətlərinə qarşı cinayət işləri açılıb.

Putinin səbr kasasını daşıran son damla isə Ermənistanda rus kanallarının pulsuz yayınlanmasının qadağan edilməsi olub. Açıq-aşkar Ermənistanda Rusiyanın təsirinə qarşı yönəlmiş bu addım Rusiyanın siyasi isteblişmentində tamamilə Ermənistan hakimiyyətinin əleyhinə bir əhval-ruhiyyə yaratdı.

Əslində, sanki azğın Paşinyanı devirmək Moskvanın əlində heç nədir. Amma bunu etmək mümkün olmayıb – Nikol, sözün əsl mənasında, Ermənistandakı bütün Rusiyapərəst isteblişmentin kökünü kəsib. Ən əsası isə Paşinyanın seçimi əslində erməni xalqının seçimi idi. Və hələlik erməni cəmiyyətində yeni rəhbərə ictimai tələb yoxdur. Ermənilər hələlik öz liderlərindən imtina etməyə hazır deyillər. Buna görə, aydındır ki, nə qədər ki, Paşinyan Ermənistanda hakimiyyətdədir, Putin onu xilas etmək üçün barmağını belə oynatmayacaq. Əlbəttə, Putin Ermənistanı qorumağa hazırdır, amma yalnız Paşinyan rejimi devrildikdən sonra. Amma, hələlik Paşinyan öz kürsüsündə kifayət qədər möhkəm oturub. Yalnız indi, Ermənistan ordusunun cəbhədə uğradığı məğlubiyyətlər fonunda Yerevanda ona qarşı fronda formalaşmağa başlayıb.

Azərbaycana gəlincə, onun Qarabağ problemini həll etməsi üçün “imkanlar aynası” yaranıb. Və əlbəttə ki, uzun müddətdir məsələnin güc yolu ilə həllinə hazırlaşan ölkə rəhbərliyi bundan faydalanmaya bilməzdi.

Amma, artıq deyildiyi kimi, Qarabağ probleminin həlli Rusiyanın maraqlarına uyğun deyil. Bu halda o, Azərbaycana və Ermənistana və bunun nəticəsi olaraq da bütün Cənubi Qafqaza təsirini itirir. Buna görə o, status-kvonun bərpasını istəyərdi. Putinin “qəribə” ritorikasını məhz bu izah edir.


Status-kvonu necə bərpa etmək olar?

Amma status-kvonun bərpası üçün Kremlə əvvəlcə Paşinyanın “getməsi” və onun çağırışı lazımdır. Yalnız bundan sonra Bakını “inandırmağa” başlamaq olar ki, sizin (azərbaycanlıların) imiciniz üçün qələbələr artıq kifayət edir.

Amma, sanki inadına, hər şey əks ardıcıllıqla baş verir. Buna görə Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatın gedişatını bir az olsun ləngitmək üçün Rusiya Ermənistana hərbi yardım göstərir. Humanitar yük adı altında mülki təyyarələrlə bu ölkəyə silah sistemləri göndərilir və bu silahlar Azərbaycanın hücumunu ləngitməyə imkan verir. Flightradar 24 aviauçuşların izlənilməsi sistemi son günlər Ermənistana məxsus nəqliyyat təyyarələrinin intensiv olaraq Rostov-na-Donu və Mineralnıe Vodı aeroportlarına endiyini müəyyən etməyə imkan verib.

Bununla əlaqədar Azərbaycan hökuməti rəsmi olaraq İKAO-ya – Beynəlxalq Mülki Aviasiya Təşkilatına Ermənistan hökumətinin qeydiyyatdan keçirdiyi mülki hava gəmilərindən istifadə ilə Ermənistana silah daşınması faktlarının araşdırılması barədə vəsatətlə müraciət edib.

İş o yerə çatıb ki, oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev açıq mətnlə Rusiyanı Ermənistan ordusuna silah göndərməkdə ittiham edib. “Rusiya müntəzəm olaraq erməni ordusunun Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar həyata keçirən bölmələrinə silah göndərir. Silahlar Gümrüdəki Rusiya hərbi bazasından göndərilir”, – deyə o, İtaliyanın Rai-1 telekanalına müsahibəsində bildirib və əlavə edib ki, kənardan kömək olmasa, Rusiyadan silah göndərilməsə, Ermənistan bir gün belə dayana bilməzdi.

“(…) bu gün kənardan kömək olmasa Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi. Həm siyasi dəstək, həm hərbi, həm də mənəvi dəstək, özü də bunlar bitərəfliyə riayət etməli olan ölkələr tərəfindən gəlir”,- deyə o bildirib.

Yeri gəlmişkən, həmsədr ölkələrin atəşkəs çağırışlarının səbəbi də budur. Bu fasilələr işğalçıların itirilmiş əraziləri geri almağa çalışmaq üçün öz qüvvələrini yenidən qruplaşdırmasına imkan verir.

Amma Rusiyanın Ermənistana yardımına baxmayaraq, hadisələr elə sürətlə və elə ardıcıllıqla inkişaf edir ki, Moskva onlara yetişə bilmir. Görünür, bu gün-sabah Qarabağda Ermənistanın hərbi müsibəti reallıq olacaq. Onda Kremlin Ermənistanı manipulyasiya etmək imkanı minimuma enəcək və nəhayət, çoxdan gözlənilən sülh bərqərar olacaq.

Ana səhifəAnalitikaRusiyanın təzyiq göstərməməsinin səbəbləri