“İnvestisiya Holdinq dövlət şirkətləri üçün əlavə xərclər yaradacaq”

“Bu sxem əslində vaxtilə banklara və digər maliyyə institutlarına nəzarət edən, sonradan isə ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka verilən “Maliyyə bazarlarına nəzarət palatası”nı xatırladır”.

Source: Specify Source


İqtisadçı: “ AİH-in yaradılması və bazar iqtisadiyyatına keçid institutu kimi formalaşması vaxt itkisinə gətirib çıxaracaq”

Azərbaycan İnvestisiya Holdinqi Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Holdinqin yaradılması ilə bağlı Prezident fərmanında deyilir ki, həyata keçirilən struktur islahatları, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edəcək.

Prezident İnvestisiya Holdinqini Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsaslanaraq yaradıb. Məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunmasının təşkilidir.

Prezidentin fərmanı ilə avqustun 7-də publik şəxs kimi yaradılan Azərbaycan İnvestisiya Holdinqinə avqustun 19-da Mətin Balasən oğlu Eynullayev İdarə Heyətinin sədri təyin edilib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, AİH-in yaradılması haqqında fərmanda da bildirilir, holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərclərinin maliyyələşdirilməsi üçün dövlət müəssisələri ona haqq ödəyəcəklər. Bundan sonra idarəetməyə veriləcək dövlət şirkətlərinə və müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə aid edilmiş məsələləri AİH həll edəcək:

“AİH-in yaradılması və formalaşması ilə əlaqədar olaraq vacib bildiyim bəzi qənaətlərimi sizinlə bölüşmək istəyirəm. Fikrimcə, AİH adı çox uğursuzdur, Azərbaycan İnvestisiya Holdinqi ona həvalə olunmuş işin mahiyyətini özündə əks etdirmir və adından bazar iqtisadiyatı institutu deyil, özəl bölməyə məxsus olan şirkət təsiri bağışlayır. Adətən belə şirkətlər səhm bazarlarında əməliyyatlarla məşğul olur”.

117868116_10220947302224033_1301266000361393493_n.jpg
Qubad İbadoğlu

Eyni zamanda, Qubad İbadoğlu deyir ki, AİH-in yaradılması, təşkili və bazar iqtisadiyyatına keçid institutu kimi formalaşması vaxt itkisinə gətirib çıxaracaq:

“AİH-in maliyyələşməsi dövlət şirkətlərinin ödəmələri hesabına aparıldığından, bu dövlət şirkətləri üçün daimi əsaslarla əlavə xərclər yaradacaq. Bu sxem əslində vaxtilə banklara və digər maliyyə institutlarına nəzarət edən, sonradan isə ləğv edilərək səlahiyyətləri Mərkəzi Banka verilən "Maliyyə bazarlarına nəzarət palatası"nı xatırladır. Digər tərəfdən də dövlət şirkətlərinin hər birinin spesifik problemləri olduğundan onların yenidən strukturlaşması və səhmləşdirilməsinə yanaşma da fərqli olacaq. Belə olan halda da onların hamısının fəaliyyətinin bir mərkəzdən tənzimlənməsi səhv yanaşmadır”.

İqtisadçı deyir ki, bundansa hər bir dövlət şirkətinin açıq və rəqabətli müsabiqə əsasında özünə məsləhətçi seçməsi və yaxın dövr üçün struktur islahatlarına başlaması daha yaxşı olardı:

“Görünür, hakimiyyət həmişə olduğu kimi yenə də bir qrupun özəl maraqlarından çıxış edir. Toxunulmazlıq statusuna malik və daxildə başqa qrupa mənsub olan dövlət şirkətlərinin rəhbərlərini dəyişə bilməyənlər onları bir çətir altına yığaraq, nəzarəti ələ keçirmək və qarşıdan gələn özəlləşdirmə prosesində istəklərinə nail olmaq niyyətindədirlər”.

Ana səhifəİqtisadiyyat“İnvestisiya Holdinq dövlət şirkətləri üçün əlavə xərclər yaradacaq”