Pandemiya və media

İlk növbədə media, jurnalistlərin fəaliyyətinin hüquqi rejimi qorunma tədbirlərinə əməl etməklə adi durumlardakından fərqli olmamalıdır.

Source: Foto: Turan İA



Dövlətlərin pandemiya dövründə informasiyalara çatımla bağlı öhdəlikləri adi durumlardakından fərqli deyil

Hər şey birdən dəyişdi, yeni düzən bir çox təməl insan hüquq və azadlıqlarına ictimai sağlamlıq maraqları ilə əsaslandırılan məhdudiyyətlərin tətbiqi ilə davam edir. Bəzən bu məhdudiyyətlər medianı, jurnalsitləri də “vurur”. Əksər Avropa ölkələrində, qonşu Türkiyədə, Gürcüstanda məhdudiyyətlər topluma açıqlanarkən, media fəaliyyətinin, jurnalistlərin istisna təşkil etdiyi açıq mətnlə vurğulanırdı. Bu istisnalar küçəyə çıxma yasaqlanan günləri də əhatə edirdi. Yəni, jurnalistlər qorunma tövsiyələrinə əməl etməklə, adi günlərdə olduğu kimi işlərinin başında ola bilərdilər. Azərbaycanda nisbətən fərqli durum müşahidə edildi. Karantin qaydalarını pozmağa görə, bir neçə jurnalistin inzibati qaydada həbs edilməsi yaşandı. Küçəyə çıxmaq yasağının tətbiq edildiyi günlərdə isə media, jurnalistlərə ayrı-seçici yanaşma hakim oldu.

Coronavirus pandemiyası kimi böhranlar son 100 ildə yaşanmayıb. Böhran bu xüsusiyyətinin fonunda bəzən, ola bilsin, hüquqlara bütün məhdudiyyətləri haqlı göstərsin. Ancaq bir çox təməl hüquqlarla birlikdə ifadə, informasiya əldə etmək hüququ xüsusi həssas yanaşma tələb edir. Bu yazıda diqqət dünyada ümumi qəbul edilmiş standartların işığında ifadə azadlığının, medianın roluna və yerinə yönəlib.


İfadə, informasiya azadlığının önəmi

İfadə azadlığı Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi ilə qorunur. Həmin maddəyə görə, “hər bir şəxs fikir və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir; bu hüquqa maneəsiz olaraq əqidəyə malik olmaq və dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir”. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsi bu hüququ daha geniş ifadə edir. Qeyd edilən sənədlər bütün dövlətlərin üzərinə bu hüququ qarantiya altına almaq öhdəliyi qoyur. Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi də ifadə azadlığı hüququnu daha əvvəldə qeyd etdiyimiz sənədlərdə olduğu kimi qoruma altına alır və Avropa Şurası məkanına daxil olan ölkələr bu qarantiyaları təmin etmək öhdəliyi daşıyırlar.

İfadə azadlığı hüququ təməl hüquq olsa da mütləq deyil. Dövlətlər bu hüquqa legitim əsaslarla məhdudiyyətlər gətirə bilərlər. İctimai sağlamlıq da həmin legitim əsaslardan biri ola bilər. Ancaq BMT-nin yazının əvvəlində qeyd edilən 2 sənədi şərh etməklə vəzifələndirilmiş İnsan Haqları Komitəsi (BMT İHK) qeyd edir ki, bu məhdudiyyətlər istisna hallarda, 3 mərhələli testdən keçirilməklə tətbiq oluna bilər. Təbiq edilən məhdudiyyətlər mütləq bu xüsusiyyətlərə sahib olmalıdır: 1) Qanunda nəzərdə tutulmalıdır. Burda qanun deyərkən, parlamentin qəbul etdiyi akt nəzərdə tutulur; 2) Qanuni bir məqsədə çatmağı hədəfləməlidir. Məhdudiyyətin məqsədi başqa şəxslərin hüquqlarına hörmət, milli təhlükəsizlik, ictimai düzən, sağlamalıq və ya əxlaqı qorumaq olmalıdır; 3) Gərəkli və adekvat olmalıdır.

Konkret olaraq, hazırkı durumda hökumətlərin vəzifəsidir ki, ifadə azadlığına, jurnalistika fəaliyyətinə məhdudiyyət tətbiq edərkən, ictimai sağlığa və ya başqa qanunla qoruma altına alınan digər maraqlara yönəlik təhdidin məzmununu və ifadələri məhdudlaşdırmağa yönəlmiş tədbirlərin gərəkli və adekvat olmasını topluma izah etsinlər. İnsan Haqları Komitəsi belə durumlarla bağlı hər zaman jurnalistləri, araşdırmaçıları və insan haqları müdafiəçilərini hədəfə almaq qorxularını ifadə edir. Bizim durumda, küçəyə çıxmaq yasağı jurnalistlərə də tətbiq edilirsə, qaydanı tətbiq “jurnalistin küçəyə çıxması ictimai sağlığı necə təhdid edir?” kimi suallara mütləq aydınlıq gətirməlidir. Dəlillərlə izah edilməlidir ki, jurnalist fəaliyyətinə məhdudiyyət qoyulmasının ictimai sağlamlıq üçün faydası, jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinin verdiyi faydadan daha artıqdır.

Pandemiya kimi ictimai sağlığı hədələyən böhranlar zamanı idarə edənlərin hərəkətləri və ya hərəkətsilikləri təbii olaraq, ictimai diqqəti çəkən məsələyə çevrilir. Pandemiyanın toplumda doğurduğu qorxu bəzən rəsmilərə, bəzən hökumətin siyasətinə qarşı əsaslı və ya əsassız rəy, düşüncələri ortaya çıxara bilər. Bu baxımdan, rəsmilərə yönəlmiş belə tənqidləri məhdudlaşdırma ifadə azadlığı ilə uyğun gəlmir. BMT İHK qeyd edir ki, “ictimai müzakirələr kontkestində … ifadə azadlığının yasaqlanmamasının önəmi son dərəcə vacibdir”.

İnformasiya əldə etmək ifadə azadlığının əsas hissəsini təşkil edir. Fərdlərin ictimai bilgi sahibi olan qurumlardakı informasiyalara çatım haqqı var. BMT İHK dövlətlərin ictimai məzmunlu bilgiləri proaktiv (öz-özünə) açıqlamalı olmasını, bununla bağlı bilgilərə çatımı asanlaşdıran qanunvericilik yaratmalı olmasını xüsusi qeyd edir. İnformasiya əldə etmək hüququnun təmin edilməsi bütün ictimai funksiya daşıyan qurum və fərdləri əhatə edir. Bilgilərə çatım da məhdudiyyətlərə məruz qala bilər, ancaq Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakta uyğun gəlməlidir.

İfadə azadlığı hüququ ilə bağlı yuxarıda bəhs edilən təminatlar mediaya, jurnalistlərə münasibətdə xüsusilə təmin edilməlidir. Beynəlxalq insan haqları qurumları, öz sənədlərində “qanunun aliliyinə söykənən dövlətlərdə medianın önəmli rolu”nu və demokratik cəmiyyətlərdə medianın açar rolunu dəfələrlə qeyd ediblər. Məsələn, BMT İHK qeyd edir ki, “İctimai və siyasi məsələlərlə bağlı informasiya və ideyaların vətəndaşlar arasında sərbəst yayılması həyati önəm daşıyır. Bu durumda ictimai məsələlərlə bağlı hər hansı senzura və ya məhdudiyyətlər olmadan məsələləri şərh edə bilən, ictimaiyyəti məlumatlandıran azad media vazkeçilməzdir. Həm də ictimaiyyətin medianın xəbərlərinə əldə etmək haqqı var”.


Media, İfadə azadlığı, Sağlamlıq hüququ

Sağlamlıq hüququ da İnsan Haqları Bəyannaməsi tərəfindən qorunur və gücünü üzv dövlətlərin epidemiyaların qarşısını alması, müalicə və nəzarət etməsini tələb edən “İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt”ın 12-ci maddəsindən alır. Bu maddə həmçinin, dövlətlərin üzərinə epidemiyaları izləmək, xəstəliklərlə bağlı bilgiləri toplamaq kimi vəzifələr də qoyur. İnformasiya əldə etmək hüququ sağlamlıq məsələləri ilə bağlı informasiyaları, düşüncələri araşdırmağı, əldə etməyi, yaymağı da əhatə edir. Yəni, dövlətlərin informasiya əldə etməklə bağlı öhdəlikləri pandemiya dövründə əvvəlki adi durumlardan fərqli deyil.

Göründüyü kimi, sağlamlıq, ifadə, informasiya azadlığı bir-birlərinən ayrılmayacaq qədər əlaqəlidir. BMT-nin İqtisadi, sosial və mədəni haqlar Komitəsi (BMT İSMHK) vurğulayır ki, “informasiya əldə etmək sağlamlıq hüququnun təməl ayrılmaz hissəsini təşkil edir”. Dövlətlər sağlamlıq məsələləri ilə bağlı ifadələri məhdudlaşdırdıqda, belə informasiyalara çatımı əngəllədikdə, habelə, belə bilgiləri proaktiv (özü-özünə açıqlamaq) yaymadıqda, toplumlar sağlamlıq hüququ ilə bağlı mənfi təsirlərə məruz qala və beləliklə, sağlamlıq hüquqlarından tam olaraq, yararlanmaya bilərlər.

BMT İSMHK sağlamlıqla bağlı bilgilərə senzuranın tətbiqini, yaxud, toplumun ictimai sağlamlıqla bağlı müzakirə və təşəbbüslərə qatılmasını əngəlləyə biləcək addımların atılmasına qarşı xəbərdarlıq edir. Çində ilk vaxtlarda pandemiya ilə bağlı bilgilərin gizli tutulması xəstəliyin izlənməsinə və ona müdaxilə edilməsinə çox ciddi əngəllər yaratdı. Hansı ki, belə bir durumda informasiya əldə edilməsi hüququna sayğı göstərilməsi bəlkə də həyati önəm daşıya bilərdi.

BMT-nin xüsusi məruzəçisi özəlliklə, ictimai sağlamlıq siyasətləri ilə bağlı şəffaflığın, informasiyaları əlinin altında saxlayan siyasət müəyyən edənlərin hesabatlılığının vacibliyini və öz sağlamlıqlarını qoruya bilmələri üçün fərdlərin imkanlarının artırılmasının vacibliyini vurğulayır. BMT İSMHK da həmçinin, “sağlamlığın qorunması və müəalicə ilə bağlı vacib bilgilərin qəsdən gizlədilməsi və yanlış məzmunda ictimaiyyətə ötürülməsi”ni qınayır.


Böhranlar zamanı medianın sərbəst fəaliyyət göstərmək imkanı olmalıdır

Hökumətlər unutmamalıdır ki, yalan məlumatlar ictimai sağlamlıqla bağlı böhranlarının həllində ən ciddi çətinlikləri yaratmaq gücündədir. Pandemiyaların ilk zamanlarında təlaşlı insanlar bir qayda olaraq, həqiqi və xəyali məlumatların məngənəsində qalırlar. Buna görə, yalan xəbərlərin önlənməsi üçün aydın, şəffaf siyasətin hazırlanması hökumətlərin ilk sırada gələn vəzifələrindən olmalıdır. Yalan məlumatlardan təkcə sağlamlıq hüququ yox, başqa insan haqları da neqativ təsirlənə bilir. Yalan məlumatlar təhdid yarada bilir, bununla belə həmin təhdid yaratmaq potensialı olan bilgilərin necə gəldi məhdudlaşdırlması da yolverilməzdir. Bütün məhdudiyyətlər qanunilik, zərurilik və adekvatlıq testinə cavab verməlidir. Həm də bu kriteriyalar tətbiq edərkən, hökumətlər ifadə azadlığının sahib olduğu təminatların yalnız doğru ifadələr və informasiyalarla çərçivələnməməsinin fərqində olmalıdılar. Doğru olmayan ifadələr, informasiyalar, şişirtmələr və sair də ifadə azadlığının təminatlarından faydalana bilər.

960×0.jpg
Koronovirus

Koronovirus kimi ictimai sağlıqla bağlı böhranlarda medianın sərbəst fəaliyyət göstərmək imkanına sahib olması xüsusilə önəmə sahibdir. Azad və müstəqil media xəstəliyə qarşı yerli və beynəxalq mübarizəni izləyə, ictimai sağlamlıqla bağlı tədbirlərin şəffaflığını və hesabatlılığını təmin edə bilər. Media xəstəlikdən təsirlənən qrupların, insanların mesajlarının idarə edənlərə, digər önəmli qurumlara çatdırılması vəzifəsini də daşıyır. Bu çox önəmli funksiyanı yerinə yetirən medianın yanılma haqqı da diqqətdə saxlanılmalı, belə vicdanlı yanılmalar ifadə azadlığına müdaxilələrin əsasına çevrilməməlidir.

Medianın sərbəst fəaliyyət göstərmək imkanına sahib olması virusun qarşısının alınması kimi tədbirlərdə də əvəzsiz rol oynayır. Jurnalistlərin doğru xəbərləri yalanları ortadan qaldırır, propaqandaları önləyir, “nifrətli çıxışlarla” da ilə mübarizə aparır. Qeyri-dəqiq, ayrıseçkilik və ya qəsdən yanıltma məzmunlu məlumatlar dözümsüzlüyə səbəb ola bilər. Bu baxımdan, etik jurnalistika prinsipinə sadiqlik, dəqiq və etibarlı məlumatlar yaymaq vacibdir.


Hökumət nələri etməlidir?

Yuxarıda qeyd edilənlərin işığında pandemiya kimi böhran dövrlərində hökumətin informasiya açıqlığı ilə bağlı etməli olduqlarını əsasən, iki istiqamətdə ümumiləşdirmək olar. Birinci istiqamət müəyyən növ informasiyaların proaktiv açıqlanmasıdır. Hökumətlər yoluxma hallarının sayı, onun coğrafi arealı, ölümlər, sağalma halları barədə bilgiləri operativ açıqlamalıdır. Bundan başqa, pandemiya ilə mübarizə məqsədilə yaradılan qaydalar, tədbirlər planları hər kəsin əli çatacaq qədər şəffaf olmalıdır. İkinci istiqamət medianın, jurnalsitlərin fəaliyyət mühitinə yönəlik olmalıdır. İlk növbədə media, jurnalistlərin fəaliyyətinin hüquqi rejimi qorunma tədbirlərinə əməl etməklə adi durumlardakından fərqli olmamalıdır. İnformasiyalara çatım qanunvericiliyi ictimaiyyətin bilgiləırə çatımını daha da asanlaşdırmaq istiqamətində tətbiq etməlidir. Məsələn, müəyyən növ informasiyaların açıqlanmasını məcburi etmək, fərdlərin, qrupların ictimai funksiya daşıyan qurumlardan informasiya əldə etməsinə imkan verən çevik sistemləri formalaşdırmağı bu sıraya daxil etmək olar. Azərbaycan kimi informasiya əldə edilməsi haqqında ayrıca qanunları olan ölkələrdə bu qanunun daha təsirli tətbiqi də təmin edilməlidir. İctimai sağlamlıqla bağlı böhran durumlarında jurnalistlərə basqılara son verilməli, qaynaqlar xüsusi qorumaya malik olmalıdır.

Ana səhifəSiyasətPandemiya və media