Rəhim Qazıyev: “Mənə dedilər ki, onun dostudur”
Polis sabiq müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni tərəfindən döyüldüyü qənaətindədir. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev yerli mətbuatda bu barədə yazılanları Meydan TV-yə təsdiqləyib.
Rəhim Qazıyev isə kamera görüntülərinə baxdığını, amma onu vuranı keçmiş kürəkəninə oxşatmadığını bildirib.
“Düzdür, mənə dedilər ki, onun dostudur, ancaq dəqiq informasiya olmadığı üçün açıqlama verə bilmirəm. Polisdən yalnız onu söylədilər ki, ciddi araşdırma gedir, son nəticədə məlumat veriləcək. Ona görə hələ geniş danışa bilmirəm”, – sabiq nazir Meydan TV-yə söyləyib.
“Necə yəni o deyil? Özüdür. Sadəcə, Qazıyevə bildiriblər ki, hələ araşdırma gedir, bir qədər gözləyin, danışmayın”, – deyə Elşad Hacıyev bildirib.
Sabiq müdafiə naziri
Rəhim Qazıyev
iyunun 12-də günün ikinci yarısında naməlum şəxs tərəfindən küt alətlə vurulduğunu deyir. Nəticədə sabiq nazir başından ağır xəsarət alıb.
O, Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsində ilkin ifadə verib.