Hüseyn Abdullayevdən Prezidentə: Atanızla aramızda olmuş yaxınlığa xatir bağışlamağa hazıram

“Mən bu qədər aqressiv, hadisələrə qətiyyən adekvat olmayan təzyiq və işgəncələri haqq etməmişəm”.

Source:


Keçmiş deputat İlham Əliyevə məktub yazıb

Almaniyanın Bakıdakı səfirliyi Azərbaycan hökumətilə Prezident və Xarici İşlər Nazirliyi səviyyəsində hazırda həbsdə olan deputat Hüseyn Abdullayevin məsələsini müzakirə edib. Bu barədə H.Abdullayev özü iyunun 12-də Prezident İlham Əliyevə ünvanladığı məktubunda yazıb.

Almaniyada siyasi sığınacaq alsa da, 2018-ci ilin aprelində Türkiyədə tutulub Azərbaycana göndərilən H.Abdullayev bir müddət öncə Almaniya Prezidenti Frank Valter Ştain Mayerə, Bundestaqın üzvlərinə məktublar göndərmişdi. H.Abdullayevin sözlərinə görə, Almaniya Prezidentinin ofisindən onun vəkilinə cavab məktubu göndərilib: “6 aprel 2020-ci il tarixli cavab məktubunda göstərilib ki, Almaniyanın Azərbaycandakı səfirliyi mənim məsələmi Azərbaycan Prezidenti və Xarici İşlər Nazirliyi səviyyəsində bir neçə dəfə qaldırıb. Bu səylərinə görə cənab səfirə təşəkkürümü bildirirəm”.

Keçmiş deputatın İlham Əliyevə məktubuna gəlincə, H.Abdullayev bildirir ki, ona qarşı ittihamlar qondarmadır. İki ilə yaxın Bakı İstintaq Təcridxanasında təkadamlıq kamerada saxlanılıb. Ailə üzvlərilə telefon danışığı, görüşmək hüququndan məhrum olunub, mənəvi, psixoloji işgəncələrə məruz qalıb.

“Mən bu qədər aqressiv, hadisələrə qətiyyən adekvat olmayan təzyiq və işgəncələri haqq etməmişəm. Bununla belə, heç kimə qarşı kin və ədavət saxlamıram. Ola bilər ki, Sizə yalan və qərəzli məlumatlar verilib, vəziyyəti bu həddə çatdırıblar. Buna baxmayaraq, bu haqsızlığı edənləri də mərhum atanızla aramızda olmuş yaxın və səmimi münasibətlərə xatir bağışlamağa hazıram.

18 iyunda Ali Məhkəmədə mənim işimə baxılacaq. Azərbaycanın beynəlxalq aləmdəki imicinə ciddi zərbə vurmuş bu insan oğurluğu hadisəsinə (özünün Türkiyədə tutulub Azərbaycana gətirilməsini nəzərdə tutur) mənə bəraət verilməklə aradan qaldırmaq mümkündür. Haqq etdiyim bəraətimi aldıqdan sonra Almaniyaya qayıdıb öz işim və yaradıcığımla məşğul olub, xalqımız üçün yeni-yeni nəğmələr yazmaq istəyirəm”, – deyə H.Abdullayev məktubunda yazıb.

H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Onun işindən Ali Məhkəməyə şikayət verilib.

H.Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb – 4 min manat cərimə cəzasına məhkum edilib.

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir: “Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.

Ana səhifəSiyasətHüseyn Abdullayevdən Prezidentə: Atanızla aramızda olmuş yaxınlığa xatir bağışlamağa hazıram