Vəzifəsini itirmiş məmurların da adı siyahıda qalıb
4 deputat və Milli Məclisi Aparatının rəhbəri Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü təyin edilib.
Bununla bağlı parlamentin növbədənkənar sessiyasının iyunun 5-də keçirilən iclasında qərar qəbul edilib.
Qərara əsasən, deputatlar – Adil Əliyev, Əminə Ağazadə Elşad Mirbəşiroğlu, Arzu Nağıyev və Aparat rəhbəri Səfa Mirzəyev Milli Məclisi tərəfindən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin təyin ediliblər.
İndiyədək Komissiyanın Milli Məclisi tərəfindən təyin olunmuş üzvləri Ziyafət Əsgərov, Əli Əhmədov, Əli Hüseynov, Bəxtiyar Əliyev və Lətif Hüseynov (Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi) idi.
Komissiyanın saytında dərc olunan siyahıya əsasən, Komissiyanın sədri Ramiz Mehdiyevdir. O, hazırda AMEA-nın prezidenti olsa da, siyahıda vəzifəsi “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri” kimi göstərilib.
Bundan başqa, siyahıda üzvlər kimi Vilayət Eyvazov, (Daxili işlər naziri) Şahin Əliyev (Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri), Fuad Ələsgərov, (Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri), Əli Nağıyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi) yer alır.
Komissiyanın Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş üzvləri isə Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri), Fikrət Məmmədov (Məhkəmə Hüquq Şurasının Sədri, Ədliyyə naziri) və Ali Məhkəmənin sədri Ramiz Rzayevdir.
Bir müddət əvəvl Zakir Qaralov Baş Prokuror vəzifəsindən azad edilsə də, onun da adı Komissiyanın Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş üzvləri sırasında qalmaqdadır.
Siyahıda Komissiyanın katibi kimi qeyd edilən 31 yaşlı Kamal Cəfərov isə son seçkilərdə deputat seçilib.