DTX-nın indi də İmişlidə əməliyyat apardığı deyilir

“Bu kimi hallardan bəzilərinin üstü açılıb. İndi ümumi icra hakimiyyətinin fəaliyyəti yoxlanır. İndi ordan nələr çıxacaq, onu demək çətindir”.

Source:


Qara maskalıların icra hakimiyyətinin binasına daxil olduğu bildirilir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu dəfə İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi bildirilir. Bu barədə Meydan TV-yə İmişli sakinləri məlumat veriblər. Onların deməsinə görə, bu gün, mayın 5-i səhər saatlarından rayon icra hakimiyyəti binasında yoxlamaya başlanıb. İcra hakimiyyəti binasının ətrafını polis mühafizə edir.

Daha bir mənbə isə əməliyyatın koronavirus pandemiyası dövründə icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən sui-istifadə hallarına yol verilməsi ilə bağlı olduğunu söyləyib:

“Yardımlarda yeyinti olub. Yerlərdəki icra nümayəndələri tərəfindən insanlara saxta arayışlar verilib. Bu kimi hallardan bəzilərinin üstü açılıb. İndi ümumi icra hakimiyyətinin fəaliyyəti yoxlanır. İndi ordan nələr çıxacaq, onu demək çətindir”.

Mənbə artıq icra hakimiyyəti əməkdaşlarından bir neçə nəfərin saxlanıldığını da söyləyib. Hələlik, onların kim olması barədə məlumat yoxdur.

Adının açıqlanmasını istəməyən yerli məmurlardan biri Meydan TV-yə deyib ki, icra hakimiyyəti başçısı Vilyam Hacıyev binaya daxil olandan 15 dəqiqə sonra içərisi maskalı şəxslərlə dolu bir neçə maşın gəlib. Həmin vaxt icra hakimiyyətinə gəlmiş şikayətçilərin hamısını binadan çıxarıblar və çəkiliş aparılmasın deyə telefonlarını alıblar. Vilyam Hacıyevin və müavinlərinin saxlanıldığı barədə xəbərlır var. Lakin deyilənlər rəsmi təsdiqlənməyib.

Sakinlər bildirirlər ki, yaxın zamanlarda bu barədə məlumat yayılacağı gözlənilir. İçəridə olan insanlar belə deyiblər.

Meydan TV məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.

Son günlər Baş Prokurorluq ölkənin bir sıra rayonlarında icra nümayəndələrinin karantin rejimini pozması və ayrılan yardımları yaxınlarına paylamasına şübhələrin yaranması ilə bağlı cinayət işinin açılmasına dair məlumatlar yayıb. (Koronavirus pandemiyası ilə bağlı aprelin 24-dən Azərbaycanda karantin rejimidir) Həmin məlumatların birində də İmişli rayonunun Bəhrəmtəpə qəsəbə icra nümayəndəsi vəzifə səlahiyyətlərini aşaraq qanunsuz arayışlar verməkdə şübhəli sayılırdı.

1.jpeg
Vilyam Hacıyev

Aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Bir gün sonra, aprelin 30-da da icra hakimiyyəti başçısı (artıq keçmiş) Mahir Quliyev barəsində Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında həbs-qətimkan tədbiri seçildi. O, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham edilir.

DTX fevral ayında Neftçala Rayon İcra Hakimiyyətində də əməliyyat keçirmişdi. Daha sonra Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı. Fevralın 22-də Səbail Rayon Məhkəməsi Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Təqdimatı Dövlət Təhlükəsizlik Xidməti verib. Keçmiş başçıdan başqa onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov haqqında da eyni qərar verildiyi bildirilir.

Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, rüşvətalma, rüşvətvermə ilə bağlı faktlara görə həbs ediliblər.

Ötən il dekabrın 19-da isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Ağstafa rayonunun İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlandı. Daha sonra onların hər ikisi məhkəməyə çıxarılaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçildi.

Onlar rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham edilirlər. Dövlət Təhlükəsizlik Xidməti Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının kabinetində və başqa yerlərdə çəkildiyi bildirilən görüntülər də yaymışdı.

Ana səhifəSiyasətDTX-nın indi də İmişlidə əməliyyat apardığı deyilir