“Reallıq İlham Əliyevin dediklərinin əksini göstərir”

“İndi sual yaranır, niyə Prezident həmin cümləni səsləndirdi”.

Source: Specify Source


Azər Qasımlı: “Ölkə başçısının “təqib edilməməlidir” söyləməsi müəyyən mənada siyasi təqiblərin olduğunun etirafıdır”

Prezident

İlham Əliyev

Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən “Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir” fikrini səsləndirib. Bu açıqlamanın ölkədə siyasi təqibin olduğuna işarə edildiyini söyləyənlər də var.

Siyasi icmalçı Azər Qasımlı Meydan TV-yə dövlət başçısının dediklərini şərh edərkən bildirib ki, məlum çıxış əvvəlkilərlə eynilik təşkil edir:

“Əvvəllər də Prezident oxşar fikirləri səsləndirirdi, deyirdi ki, korrupsiyaya qarşı mübarizə aparılır, bütün sahələrdə dərin islahatlar keçirilir, dünya iqtisadiyyatında tənəzzül olsa da, Azərbaycan iqtisadiyyatında artım var. Onun çıxışlarında həm yalan məlumatlar, həm də rəqəmlərin şişirdilməsi yer alırdı. Eyni zamanda, Prezidentin əsas siyasi qüvvələrlə dialoq aparılması barədə açıqlaması da yalan idi, əvvəla, bütün siyasi təşkilatlar dialoqda iştirak etmir və dialoqun məğzi də naməlum qalır. Ümumi götürdükdə, ölkə başçısı çıxışlarında problemləri etiraf etmir”.

Ancaq Azər Qasımlı hesab edir ki, “heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir” açıqlamasını müəyyən mənada etiraf kimi qəbul etmək olar:

“Əgər İlham Əliyev Baş prokurora desəydi ki, Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur, lakin siz də bu sahədə problemin olmamasına çalışmalısınız. O zaman yenə Prezidentin tam şəkildə yalan danışdığını düşünərdik. Ancaq ölkə başçısının “təqib edilməməlidir” söyləməsi müəyyən mənada siyasi təqiblərin olduğunun etirafıdır. Yəni əvvəl siyasi təqiblər olub, bundan sonra olmamalıdır. İndi sual yaranır, niyə Prezident həmin cümləni səsləndirdi. Məncə, bu, Avropa Şurasına, Avropa Birliyinə və digər beynəlxalq təşkilatlara mesajdır. Əvvəla, Avropa Şurası ilə problemlər var, çözülməlidir, ikinci, Avropa Birliyi ilə saziş imzalanmalıdır, rəsmi Bakı sənədin imzalanmasının marağındadır.

Azer-Qasimli.jpg
Azər Qasımlı

Prezident mesaj verir ki, bundan sonra heç kim siyasi baxışlarına görə təqib olunmayacaq. Amma bu açıqlama da yetərli deyil, çünki tam etiraf deyil ki, Azərbaycanda siyasi təqiblər olub. Əgər İlham Əliyev desəydi ki, siyasi təqiblər olub, səhvlər var idi, lakin bunların qarşısı alınacaq, islahatlar aparılacaq və ardınca da real göstərişlər də verərdi, o zaman başqa yanaşmamız olardı. Bütün hallarda yenə imitasiyadır və daxili və xarici auditoriyanı aldatmaq üçündür”.

Azər Qasımlı xatırladıb ki, Prezident Kamran Əliyevə həmin tapşırığı verəndə, DTX AXCP üzvü Səadət Cahangirin evində axtarış aparıb, kompüterini müsadirə edib, özünü də bütün günü saxlayıblar:

“Bəs bu, siyasi təqib deyilmi? Yaxud İlkin Rüstəmzadə günlərdir təzyiq altındadır, belə anlaşılır ki, Prezidentin söylədikləri imitasiyadır, reallıqda isə heç nə dəyişmir. Vəziyyətin köklü dəyişməsi üçün İlham Əliyev tam etiraf etməli və real addımlar atmalıdır. Təəssüf ki, nə etiraf görünür, nə də real addımlar atılır. Xarici auditoriya üçün bu bəyanatın verildiyini dedik, bəlkə hakimiyyətdaxili transformasiyalarla bağlı da bu mesaj verilir. Ona görə heç kimin təminatı yoxdur ki, onu siyasi baxışlarına görə təqib etməyəcəklər”.

AXCP sədrinin müavini Seymur Həzi Prezidentin məlum açıqlamasını şərh etməyin çətin olduğunu düşünür:

“Bütün dünya ictimaiyyəti Azərbaycanda koronavirus məhbusları ilə bağlı bəyanatlar yayır, xarici media bu barədə yazır, ABŞ-ın dini etiqad azadlığı üzrə səfiri deyir ki, əliniz o insanların qanına batmamalıdır. Belə şəraitdə həmin cümləni işlətmək qabiliyyət tələb edir. Yaxşı olardı, reallığa baxaq, çünki reallıq Əliyevin dediklərinin əksini göstərir”.

Seymur Həzi
Seymur Həzi

Seymur Həzi iddia edir ki, bundan sonra da həbslər və təqiblər gözləyirlər:

“Çünki biz ən mümkün təklifləri hökumətə verdik ki, gəlin, bu məsələləri müzakirə edib çıxış yolları axtaraq. Bunun əvəzində hakimiyyət Milli Şura üzvləri haqqında hansısa qondarma cinayət işləri açmaqla, təqib etməklə məşğuldur”.

İctimai fəal Bəxtiyar Hacıyev Prezidentin söylədiklərindən sonra xüsus dəyişiklik gözləmədiyini bildirib.

Untitled design.png
Bəxtiyar Hacıyev

Onun sözlərinə görə, ölkə başçısı əvvəllər də buna bənzər açıqlamalar verib, amma dərhal da müxtəlif insanlara, siyasi partiya fəallarına, vətəndaş cəmiyyəti üzvlərinə qarşı repressiyalar olub:

“Düşünmürəm ki, bütün bunlar Prezidentin özünün məlumatsızlığı fonunda, yaxud onun iradəsindən kənar baş verib. Ona görə də bu açıqlamadan xüsusi bir dəyişiklik gözləmirəm”.

Ana səhifəSiyasət“Reallıq İlham Əliyevin dediklərinin əksini göstərir”