“Tofiq Yaqublu bir aydan çoxdur, eyni paltarda saxlanılır”

N.Həzi deyir ki, Penitensiar Xidmətin həbsdə saxlanılan şəxslərin bütün zəruri avadanlıqlarla təmin edilməsi haqda bəyanatları da reallığı əks etdirmir

Source: Meydan Tv


Nigar Həzi: “Nə paltar çatdıra bilirik, nə də başqa zəruri əşyaları”

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu bir aydan çoxdur ki, həbsdədir. Qızı Nigar Həzi Meydan TV-yə bildirib ki, bu müddətdə dəyişmək üçün ona aparılan paltarları və başqa zəruri əşyaları götürməyiblər.

Martın 6-dan Azərbaycanda COVİD-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həbs yerlərində sovqat qəbulu, görüşlər qadağan olunub. N.Həzi deyir ki, pandemiya ilə əlaqədar qadağaları anlayışla qarşılayır, amma şəxsi bir azdan artıq müddətdə eyni paltarlarda saxlamaq, zəruri gigiyenik vasitələrsiz qoymaq elə onun sağlamlığını təhlükəyə atmaq deməkdir: “Ata bir aydan çoxdur, demək olar, eyni paltardadır. Nə paltar çatdıra bilirik, nə də başqa zəruri əşyaları. Adam bir ay eyni paltarda necə qala bilər? Özü də gigiyenanın bu qədər önəmli bir vaxtında…”

T.Yaqublunun səhhətində problemlər olduğunu vurğulayan N.Həzinin sözlərinə görə, hətta dərmanları da çatdıra bilmirlər: “Qadağaları qoyanda hər şeyi nəzərə almaq lazımdır. Ən bərbad həbs yerlərindən birində adam necə sağlam qala bilər?”

N.Həzi deyir ki, Penitensiar Xidmətin həbsdə saxlanılan şəxslərin bütün zəruri avadanlıqlarla təmin edilməsi haqda bəyanatları da reallığı əks etdirmir: “Bir şeyi ki, məhbus öz puluyla alırsa, orada hansı təminetmədən söz gedə bilər?”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bildirir ki, pandemiya ilə əlaqədar ərzaq qəbulu və görüşlər qadağan edilsə də, dərman və paltarların çatdırılmasına məhdudiyyət yoxdur.

T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəSiyasət“Tofiq Yaqublu bir aydan çoxdur, eyni paltarda saxlanılır”