“Otel sahibi xarici pasportlarımızı girov götürüb, bit, birə içərisində yaşayırıq”
Ötən ilin sonunda kapitan Rövşən Abdullayevə, baş mexanik Mikayıl Mikayılova, kapitan köməkçiləri Arif Əsgərova və Fərəc Əliyevə Afrikanın Atlantik sahilindəki liman şəhəri Nuadibuda balıqçı gəmisində işləmək təklif olunub. Aylıq maaş və gəminin üzmə rayonu barədə dəqiq məlumat aldıqdan sonra dənizçilər vasitəçi şəxs Rasim Əliyevə işləməyə razı olduqlarını bildiriblər.
Kapitan Rövşən Abdullayev Meydan TV-yə bildirib ki, tərəflər razılığa gələndən sonra baş mexanik Mikayıl Mikayılova ona elektron aviabilet alınıb və ikisi də bu il yanvarın 4-də İstanbula uçublar. Türkiyədə onları balıqçılıq şirkətinin nümayəndələri Rasim Əliyev, Vedat Yüksel və Raqib Karadeniz qarşılayıb. Kapitan görüş zamanı həmin şəxslərdən işlə bağlı müqavilə tələb edəndə, bildiriblər ki, razılaşma sənədi onlara Mavritaniyada təqdim olunacaq.
Təlimat aldıqdan sonra Rövşən Abdullayev və Mikayıl Mikayılov təhvil-təslim işlərini həyata keçirmək üçün yanvarın 7-də gəminin keçmiş kapitanı Hamza adlı şəxslə birlikdə Mavritaniyanın paytaxtı Nuakşot şəhərinə uçublar. Uçuşdan öncə kapitan Rövşən Abdullayevə viza üçün 250 ABŞ dolları və Vedat Yüksellə “Aktaş” balıqçılıq və ticarət şirkəti arasında “Aktaşlar C” gəmisinin kiralanmağına dair fransız dilinə tərcümə edilmiş müqavilə təqdim olunub.
Dənizçilər Nuakşot hava limanından birbaşa balıqçılıq mərkəzi hesab olunan Nuadibu şəhərinə yollanıblar. Qalacaqları “Meimouna” otelində onları Bilali adlı yerli vətəndaş qarşılayıb və gəmiyə özünün cavabdeh olduğunu bildirib.
Kapitan Rövşən Abdullayev deyir ki, yanvarın 11-də gəmiyə baxış keçirən zaman su nəqliyyat maşınının məişət şəraitinin bərbad, texniki vəziyyətinin, isə nasaz olduğunu görüb:
“Müqavilədə gəminin aylıq icarəsi 30 min dollar göstərilib. Onlar mənə demişdi ki, gəmi cəmi altı aydır ki, işləmir. Amma mən baxan kimi dedim ki, nə altı ay, ən azı iki-üç ildir ki, bu gəmi lövbərdə dayanıb. Gəminin içərisində qalın torpaq qatından təbəqə yaranmışdı. Bundan başqa, texniki durumu çox bərbad idi. Təsəvür edin, onlar gəmi üçün yanacağı kanistrla aldılar. Mən onları başa sala bilmədim ki, bu sizin üçün maşın deyil. Gəminin gündəlik dayanan durumda yanacaq istifadəsi üç yüz litrdir. Bu tip gəmilər seyrdə üç ton yanacaq sərf edir. Bunlar 50-60 litr dizel yanacağı gətiriblər ki, töküb işlədərsiniz. Sadaladığım problemlərlə bağlı bizi bu işə cəlb edən şəxslərlə danışdım. Onlar dedilər ki, səbrli ol, məsələni həll edəcəyik”.
Balıqçı şirkətinin nümayəndələri kapitanı xatircəm ediblər ki, yanvarın 13-də Nuadibuya gələcək daha iki dənizçi – Arif Əsgərovla Fərəc Əliyev vasitəsilə 10-20 min dollar göndərəcəklər. Lakin əvəzində cəmi 360 dollar yollayıblar:
“Burada olduğumuz müddətdə cavabdeh şəxslər faktiki ehtiyaclarımızdan da çox az pul göndəriblər. Mart ayının 7-də qaldığımız oteldə yığılan borcu- təxminən 2991 dolları ödədilər və biz daha ucuz otelə yerləşdik. Bizə əvvəlcədən bir türk kafesinin ünvanını vermişdilər ki, orada yemək yeyərsiniz, pulunu biz ödəyəcəyik. Kafenin borcunu ödəmədilər, yalnız otelin pulunu verdilər. Söylədilər ki, iki-üç günə yemək borcunuzu da bağlayacağıq. Üstəlik, sizə pul da göndərəcəyik ki, ehtiyaclarınızı qarşılayasınız. Əlavə olaraq, ailələrinizə avans olaraq maaş göndərəcəyik. Bizə gəminin bir həftə, maksimum on gün ərzində tam işlək vəziyyətə gətirəcəklərini dedilər. Bildirdilər ki, həmin müddətdən sonra tam işə başlayacaqsınız. Təəssüflər olsun ki, onların sözlərinin hamısı yalandır. Deyilənlərin heç birini yerinə yetirmədilər”.
Hazırda dörd Azərbaycan dənizçisi yad ölkədə taleyin ümidinə qalıb. Onlar bundan sonra müqəddəratlarının necə həll olacağını gözləyirlər. Gəmini öz güclərinə təmir edib və orada yaşamaq planları isə uğursuz alınıb.
Qaldıqları “Noure” otelinə və yaxınlıqda yerləşən türk kafesində onların adına xeyli borc yığılıb. Balıqçı şirkətinin nümayəndələri əvvəlcə dənizçilərə borclarını ödəyəcəklərinə vəd versələr də, sonradan mobil telefonlarını söndürüblər. Kapitan deyir ki, yemək yedikləri kafenin və qaldıqları otelin sahibləri onlara mənəvi təzyiqlər göstərir. Pullarını tələb edirlər. Hətta otelin sahibi dənizçilərin xarici pasportlarını alıb:
“Bu günə qədər verilən vədlərə əməl olunmayıb. Onlardan dəfələrlə tələb etmişik ki, əgər işiniz alınmırsa, bizə bilet alın geri qaytarın. Burada olduğumuz dövrdə və hal-hazırda yaşadığımız stress, maddi və mənəvi üzüntülər, günlərlə ac qalmağımız və təzyiqlərlə üzləşməyimiz barədə məsul şəxslərə “WhatsApp” vasitəsilə çatdırmağımıza baxmayaraq, heç bir nəticə əldə olunmayıb. Martın 23-dən Vedat Yüksel telefonunu bağlayaraq bizimlə əlaqəni kəsib. Rasim Əliyev mənə Vedat Yüksellə Raqib Karadenizi tapa bilmədiyini və bizə pul göndərməyəcəyini bildirdi. Bu üç nəfər məsul şəxs bizi burada çıxılmaz vəziyyətdə qoyublar. Yaşadıqlarımızı sözlə ifadə etmək mümkün deyil. Belə olmaz, insanıq biz, ac, susuz qalmışıq. Rasim Əliyev deyir ki, gedin, kimə istəyirsiniz, şikayət edin. Mənim pulum yoxdur. Halbuki, demişdi ki, gələcəkdə bütün iş fəaliyyətinizi mənimlə məsləhətləşəcəksiniz. Bütün olanları mənə məruzə edəcəksiniz. Belə bir vəziyyətdə bu adam bizdən üz döndərib. Dəfələrlə dedim ki, alınmırsa, geri biletimizi alın, vətənizimə dönək”.
Nuadibu şəhərində oteldə girov qalan azərbaycanlı dənizçilər media vasitəsilə Azərbaycandan yardım istəyirlər. Onlar son ümid olaraq Azəbaycanın Mərakeş Krallığındakı səfiri Oktay Qurbanova, Azərbaycan Dənizçiləri İctimai Birliyinin sədri İlham Nəsirova müraciət ediblər.
Azərbaycanlı dənizçilər hüquq-mühafizə orqanlarına müraciət edib, adları çəkilən şəxslərlə bağlı hüquqi ölçü götürülməsini və onlara dəyən mənəvi və maddi ziyanın ödənilməsini, həmçinin tezliklə vətənə qayıtmaq istədiklərini dilə gətiriblər:
“Bu adamlar tərəfindən səhhətimizə dəyən ziyan, psixoloji durumumuz qeyri-kafidir. Sinir sistemimiz pozulub. Biz o adamlardan təzminat tələb edirik. Hüquq-mühafizə orqanları qarşısında vəsadət qaldırılsın. Həmin o şəxslər məsuliyyətə cəlb olunsun. Xahiş edirik, vəziyyətimizlə bağlı aidiyyəti qurumlar bizə yardım etsin. Səhhətimizdə nə qədər problemlər çıxır. Buranın adı şəhərdir. Sanki ucqar bir kənddir. Azərbaycanda belə bir kənd görə bilməzsiniz. Buranın iqlimi dəri xəstəlikləri yaradır. Bit-birə, dəhşət şəraitində yaşayırıq. Çıxış yolu hələ ki, dözməkdir”.
Balıqçı şirkətinin nümayindələri Vedat Yüksel və Raqib Karadenizlə əlaqə saxlamaq mümkün olmayıb.
Rasim Əliyev Meydan TV-yə açıqlamasında bildirib ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır:
“Dənizçiləri Mavritaniyaya mən göndərməmişəm. Heç bir dələduzluq etməmişəm. Raqibgilə dənizçi lazım idi. Mən də Bakıdan adam tapdım. Gəldilər, razılaşdılar. Sonra da Mavritaniyaya getdilər. Vedat Yüksellə Raqib Karadeniz telefonlarını bağlayıb. Həmin şəxslər dörd dənizçinin Bakıdan İstanbula və Mavritaniyaya biletlərini alıblar. İki gün İstanbulda yataqxanada qaldılar. Hansısa dələduzluqdan söhbət gedə bilməz. Bu işdir, alına da bilər, alınmaya da. Məgər mən dənizçilərdən pul almışam? Əksinə, burada olanda cibimdən pul vermişəm ki, yemək yesinlər. Mən sadəcə köməklik etmək istədim. Arada heç bir müqavilə yoxdur, nə etməliyəm? Raqiblə Vedat mənə xəbər yolladılar ki, səbrli olsunlar, onları oradan çıxaracağıq, yaxud da işlə təmin edəcəyik. Burada mən normal pul da qazanmıram ki, onları oradan çıxarım. Mən də çıxılmaz vəziyyətdəydim, istəməzdim. Onlar orada olduğu müddətdə yeməyə pul göndərmişəm. Kapitanın ailəsinə 8 yüz dollar verilib. Hamısı mənim sayəmdə olub. Vedatla Raqibə təzyiq etmişəm göndəriblər. Bu da mənim “çox sağ ol”umdur. İndi şərt qoyurlar ki, bizim iki aylıq maaşımızı verin. Dedim, gedin, problemlərinizi həll edin”.
Azərbaycan Dənizçilər Birliyinin sədri
İlham Nəsirov
Meydan TV-yə həmkarlarına görə maddi dəstək olmaqla bağlı çağırış etdiyini deyib:
“Toplanacaq maliyyə vəsaiti Azərbaycan vətəndaşlarının otelə və kafeyə olan borclarının ödənilməsi üçün nəzərdə tutulub. Həmçinin Azərbaycanın Türkiyədəki Səfirliyinə, o cümlədən, Türkiyənin Azərbaycandakı Səfirliyinə, Azəbaycanın Mərakeş Krallığındakı Səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm. Türkiyə ilə danışıqlar aparılıb, dənizçilərə vəkil təyin olunacaq. Bu məsələnin hüquqi yolla həllinə çalışacağıq. Onlara ümumilikdə dörd min dollar pul lazımdır. Həmin məbləğin toplanmasına çalışırıq”.