İqtisadçı: “Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlamalıdır”
Koronavirus pandemiyasının təsir etdiyi sahələrdə fəaliyyət göstərən
vergi ödəyiciləri üçün güzəştlər
açıqlanıb.
Həmin güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur. Güzəştlərdən biri fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsidir.
Bundan əlavə, onlar 1 il ərzində cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilir.
Güzəştdə 2019-cu il üçün son verginin ödənilməsi müddətinin sentyabrın 1-dək uzadılması nəzərdə tutulub.
Eyni zamanda, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddəti də sentyabrın 1-dək uzadılır. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması isə 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək təxirə salınır.
ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququ da 20 apreldən sentyabrın 1-dək uzadılıb.
İqtisadçı Rövşən Ağayev deyir ki, hökumətin vətəndaşlara və biznesə yardımları sadəcə qısamüddətli dəstəkdir. Biznes birdəfəlik yardım aldı, işsizlər və əmək müqaviləsilə çalışanlar üçün 2 aylıq dəstək fondu açıqlandı:
“Səhv eləmirəmsə, yalnız yoxsulluq müavinəti alanlar üçün proqram ara vermədən 6 ay davam edəcək. Görünən odur ki, 2009 və 2015-ci il böhranlarının nəticələrini analiz edən hökumət bu dəfə də iqtisadiyyatda dərin çalxalanmaların qısamüddətli (maksimum 3-5 ay) olub, sonradan tədricən dirçəlmə müşahidə ediləcəyini təxmin edib. Planını da buna uyğun formalaşdırıb”.
İqtisadçı deyir, real baş verənlər isə artıq göstərir ki, qlobal iqtisadiyyatda enmə və durğunluq daha uzun müddət davam edəcək. Ən azından ilin sonuna qədər qeyri-müəyyənlik və iqtisadi sarsıntılar olacaq:
“Ona görə hökumətin daha uzun müddətə yeni bir iqtisadi dəstək planı açıqlaması lazımdır. Hətta mayın 4-də karantin yumşadılsa belə, qlobal iqtisadi əlaqələr və neft bazarında durum sabitləşməyənə, xidmət sektoru tam gücüylə işə düşməyənə qədər Azərbaycan üçün ciddi narahatlıqlar qalacaq”.
Rövşən Ağayev deyir ki, ölkədə elmi müəssisə və müstəqil "beyin mərkəzləri"ndən ibarət mütəxəssislərin də cəlb edildiyi qrup yaxın və orta və uzaq dövr üçün gözləntiləri əks ətdirən bir sənəd hazırlamalıdır:
“Onu da deyim ki, iqtisadçılarla yanaşı, həkimlərin də prosesə cəlbi çox önəmlidir. Həmin dediyim sənəddəki gözləntilər üzərinə hökumətin dəstək planı dizayn edilməlidir. Yardımlarla bağlı şəffaflıq artırılmalıdır. Təkcə dövlət büdcəsindən ayırlan vəsaitlərin hara getməsi barədə məlumat açıqlanmamalıdır. Həm də Mərkəzi Bankın bank sektoruna dəstəyi çox detallı və operativ ictimaiyyətə çatdırılmalıdır. Yeri gəlmişkən, Mərkəzi Bank aylıq bank statistikasını indiki kimi 45 gün sonra yox, maksimum 15 gün ərzində açıqlamalıdır. Tədiyə balansında Türkiyə təcrübəsində olduğu kimi aylıq satatisitka yayımına keçməlidir. Ölkənin beynəlxalq investisiya mövqeyi barədə rüblük məlumatlar açıqlamalıdır”.
İqtisadçı əlavə edir ki, nəhayət, dövlət zəmanətilə ayrılacaq kreditlər barədə şəffaf siyahılar olmalıdır. Ən vacibi dövlətdən pandemiya ilə bağlı yardım alan işsiz və yoxsulların siyahısı cəmiyyətə tam açıq olmalıdır:
“Buna da deyirlər şəffaflıq və ünvanlılığın ictimaiyyətin gücü ilə təmin edilməsi”.
Koronavirus pandemiyası ərəfəsində dövlət əvvəlcə 200 min nəfərə, sonra isə 600 min insana birdəfəlik 190 manat verilməsi ilə bağlı qərar verib. Bundan əlavə, fərdi sahibkarlara vergi güzəştləri tətbiq edilib.