Polislə bağlı video yayan AXCP üzvünə hökm oxundu

O, AXCP fəalına ən ağır cəza verilməsini istəyib.

Foto: Meydan TV


Gözəl Bayramlıya hökm oxuyan hakim bu dəfə başqa bir cəbhəçini cəzalandırdı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev aprelin 20-də Salyan Rayon Məhkəməsinin hökmüylə həbs olunub. Hakim Ağarza Səmədovun sədrliyilə çıxarılan hökmə əsasən, Z.Salayev Salyan Rayon Polis Şöbəsinin baş təhqiqatçısı Həmzə Əzizova böhtan atmaqda, onu təhqir etməkdə təqsirli bilinərək, 2 il 3 ay azadlıqdan məhrum edilib.

Z.Salayevin həbsinə səbəb isə bu ilin yanvarında sosial şəbəkələrdə yaydığı video olub. Həmin videoda AXCP fəalı Həmzə Əzizovla mübahisə edərək, onun rayondakı qadınlardan birinə təcavüz etdiyini, həmin qadının bədbəxtliyinə səbəb olduğunu bildirir. Sözügedən qadın elə bu polis əməkdaşına bıçaqla xəsarət yetirməyə görə hazırda həbsdədir.

Z.Salayev o videonu yayandan bir neçə gün sonra – yanvarın 24-də həbs olunmuş, ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə 30 sutka həbs cəzası verilmişdi. Z.Salayev bu həbs zamanı Səbail rayonu, 8-ci polis bölməsində işgəncələrə məruz qaldığını bildirmiş, ailəsinə məktubunda başına gələnlərin təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, polis bölməsində işgəncələrdən sonra onun belindəki yırtıq (qrıja) partlayıb, polislər məcbur qalıb xəstəxanaya apardılar.

Z.Salayev həbsdən buraxıldıqdan sonra həmin problemlə əlaqədar əməliyyat olunub.

Z.Salayev həbsdən buraxılandan sonra H.Əzizov ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. O, AXCP fəalının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Aprelin 20-də məhkəmədə Z.Salayev vəkili Elçin Sadıqovun üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini söyləyib, prosesin təxirə salınmasını istəyib. Lakin onun istəyinə əhəmiyyət verilməyib. Ona dövlət hesabına vəkil təyin edilsə də, Z.Salayev onun xidmətindən imtina edib, öz vəkilinin vasitəsilə müdafiə olunmaq istəyini bildirib.

Məhkəmədə iddia qaldıran polis əməkdaşı da iştirak edib. O, AXCP fəalına ən ağır cəza verilməsini istəyib.

Z.Salayev isə ittihamı qəbul etməyib, yalan yaymadığını, kimsəyə böhtan atmadığını vurğulayıb.

Təxminən 15 dəqiqəlik müşavirədən sonra hakim Ağarza Səmədov Z.Salayevin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib, 2 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Z.Salayev bundan öncə də bir neçə dəfə inzibati qaydada həbsdə olub. Bu həbslərdən biri də onun bloger Mehman Hüseynov üçün azadlıq tələbilə keçirdiyi aksiyadan sonraya təsadüf edib.

Hakim Ağarza Səmədov bundan öncə Qazax Rayon Məhkəməsinin hakimi olanda AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında 3 illik həbs hökmü çıxarmışdı.

Ana səhifəSiyasətPolislə bağlı video yayan AXCP üzvünə hökm oxundu