İstintaq Niyaz Niftiyevlə bağlı qərarını dəyişib
Binəqədi bələdiyyəsinin sədri Niyaz Niftiyev həbsdən azad edilsə də, bir gün sonra istintaq orqanı onunla bağlı qərarını dəyişib. Aprelin 18-də Nərimanov Rayon Məhkəməsinə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilib. Məhkəmə də təqdimatı təmin edib. Bələdiyyə sədri haqqında istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
N.Niftiyev Binəqədi bələdiyyəsində Gəlirlərin və yerli vergilər şöbəsinin rəisi Sahib Abışovla birlikdə tutulmuşdu. Onlar xüsusi karantin rejimində sərbəst hərəkət etmək imkanı əldə etmək istəyənlərə saxta arayışlar verməkdə ittiham olunur. İddiaya görə, bələdiyyə sədri və şöbə rəisi birlikdə 431 nəfərə saxta arayış satıblar. Arayışlarda həmin adamların qəsəbə ərazisində meyvə-tərəvəz və başqa yeyinti məhsullarının satışıyla məşğul olduqları yazılıb.
Onların tutulması barədə rəsmi məlumatda deyilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi arayış satışı barədə daxil olan məlumat əsasında bələdiyyənin binasında əməliyyat keçirib.
Onlar iki gün şübhəli şəxs qismində saxlandıqdan sonra aprelin 17-də N.Niftiyev barəsində polis nəzarətinə vermə, S.Abışov haqqında isə həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Meydan TV-yə danışan yaxınları bildirib ki, istintaqı da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır: “Aprelin 17-də onun polis nəzarətinə vermə qətimkan tədbiri ilə buraxılması da istintaq orqanının öz təşəbbüsü olub. Nə baş veribsə, bir gün sonra fikirlərini dəyişiblər”.
“Niyaz Niftiyevi aprelin 17-də buraxıblar, ertəsi gün adamlara yardım paylamağa gedib. Bu barədə həm özünün “Facebook” səhifəsində, həm də bələdiyyənin səhifəsində paylaşım edib. Bundan bir neçə saat sonra həbs ediblər. Bilmirik ki, onun sakit dayanmaması, adamlara yardım etməsi qıcıqlandırıb, yoxsa başqa hansı səbəb var”, – yaxınları bildirib.
N.Niftiyev aprelin 18-də “Facebook” səhifəsində fotolarla birlikdə belə bir paylaşım edib: “Yardım etdiyimiz insanlarin sayı 1000-ə yaxınlaşır. Biz birlikdə güclüyük…”
N.Niftiyev özünü təqsirli bilmir. O bildirib ki, istintaqda bəhs olunan 341 arayışdan cəmi 3-də onun imzası var. Onlar da həqiqətən Binəqədi ərazisində xırda ticarətlə məşğul olan şəxslərə verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, qanunsuz hazırlama) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələrilə cinayət işi başlanıb. İstintaq araşdırmaları da da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.
N.Niftiyev “Azadinform” informasiya agentliyinin baş redaktoru olub. Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan N.Niftiyev “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif edilib.