“Azadlıq” qəzetinin əməkdaşı Əli Kərimlinin evindən çıxarkən saxlanılıb

AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, son günlərdə baş verənlər hakimiyyətin Ə.Kərimlinin təcridi ilə bağlı xüsusi planı olmasını sübut edir.

Source: Google


Təzəxan Mirələmlinin hara aparıldığı bilinmir

“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli AXCP sədri Əli Kərimlidən müsahibə alıb çıxarkən saxlanılıb. Bu barədə Meydan TV-yə “Azadlıq” qəzetindən məlumat verilib:

“Üç gündür ki, Əli Kərimlinin, həmçinin onunla evdə yaşayan ailə üzvlərinin bütün telefon və internet əlaqələri məhdudlaşdırılıb. Təzəxan Mirələmli partiya sədrindən müsahibə almaq üçün onun evinə gedib və binadan çıxanda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun hara aparıldığı məlum deyil”.

T.Mirələmli ilə yanaşı, AXCP-nin Xətai rayon şöbəsinin fəalı İslam İslamzadənin saxlandığı bildirilir.

“İslam İslamzadə aprelin 17-də günorta saat 13.00 radələrində həyat yoldaşı ilə birlikdə Qış parkının yanındakı kitab mağazasına gedib. Həyat yoldaşı düşüb mağazaya girib, özü isə idarə etdiyi “Hyundai Elantra” markalı, 90-TG-814 dövlət-nömrə nişanlı maşında qalıb. Az sonya yoldaşı çıxanda görüb ki, nə özü var, nə yoldaşı. Altı saatdan çoxdur ki, onun yeri barədə heç bir məlumat ala bilmirik”, – partiya fəallarından Zəfər Əhmədov Meydan TV-yə bildirib.

AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, son günlərdə baş verənlər hakimiyyətin Ə.Kərimlinin təcridi ilə bağlı xüsusi planı olmasını sübut edir. Onun sözlərinə görə, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti Ə.Kərimli ilə birbaşa əlaqədə olan şəxslərdir: “Mühafizəçi Niyaməddin Əhmədov məhz onun evinə gedib çıxdıqdan sonra izlənərək saxlanılıb. Ruslan Əmirovun həbsinin də motivi bənzər olub. Bu gün həbs olunan İslam İslamzadə də bir gün əvvəl modem almaq üçün AXCP sədrinin evinə gedib. Təzəxan bəy isə onlara müsahibə üçün gedib. Əli Kərimli bu gün başqa TV-yə müsahibə verdiyini bildirib və ondan sabah gəlməsini xahiş edib. Jurnalist blokdan çıxan kimi saxlanılıb. Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür”.

Aprelin 17-də AXCP-nin Abşeron şöbəsinin üzvü Vüqar Əbilov haqqında da 20 sutka inzibati həbs qərarı çıxarılıb. O, polisə müqavimətdə ittiham olunub. Əbilovun həbsi ilə təkcə son on gündə polisə müqavimət və karantin rejimini pozma ittihamlarıyla həbs olunan cəbhəçilərin sayı 6-ya çatıb. Onlardan 5-nə 30 sutka həbs cəzası verilib. Həbs edilənlər arasında AXCP sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçiləri Ruslan Əmirov və Niyaməddin Əhmədov, gənc fəallar Baba Süleymanov, Nicat Abdullazadə də var.

Daxili İşlər Nazirliyi isə bu həbslərin müxalifətə qarşı repressiya kimi qiymətləndirilməsini “obyektivlikdən uzaq, dezinformasiya və cəmiyyəti çaşdırmaq cəhdi” adlandırıb.

Ana səhifəSiyasət“Azadlıq” qəzetinin əməkdaşı Əli Kərimlinin evindən çıxarkən saxlanılıb