AXCP-nin daha bir fəalı 30 sutka həbs cəzası aldı

Məlumata görə, aprelin 14-də Nəsimi Rayon Məhkəməsində cəbhəçi fəalın işinə baxılarkən bu haqda onun yaxınlarına xəbər verilməyib.

Source: Foto: sosial şəbəkə


Baba Süleymanovun Əli Kərimlinin evinin yanında saxlanıldığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı Baba Süleymanova 30 günlük inzibati həbs qərarı çıxarılıb. Qərarı aprelin 14-də Nəsimi Rayon Məhkəməsində hakim Cəmilə Musayeva verib. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.

B.Süleymanov İnzibati Xətalar Məcəlləsinin (IXM) 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə cəzalandırılıb. Amma AXCP-dən bildirirlər ki, B.Süleymanov aprelin 13-də axşam saatlarında saxlanılarkən onun evdən çıxmaq üçün SMS-icazəsi olub.

“Aprelin 13-də axşam 22.30-da partiya sədri Əli Kərimli canlı yayıma çıxmalıydı. Amma onun və evdə olan ailə üzvlərinin hamısının internet və telefon əlaqələrini kəsiblər. Həmin vaxt nə baş verdiyini öyrənmək üçün Baba Süleymanov onun yaşadığı əraziyə gedib. Elə Əli Kərimlinin evinin yaxınlığında da saxlanılıb”, – AXCP-dən belə deyirlər.

Məlumata görə, aprelin 14-də Nəsimi Rayon Məhkəməsində cəbhəçi fəalın işinə baxılarkən bu haqda onun yaxınlarına xəbər verilməyib.

AXCP sədri Əli Kərimli baş verənləri ölkədə repressiyaların davamı kimi qiymətləndirir. Deyir ki, Prezident İlham Əliyev repressiyaların yeni dalğasının başlanacağını hələ martın 19-da bayram çıxışı zamanı anons etmişdi:

“Həmin dırnaqarası bayram təbrikində İlham Əliyev müxalifəti düşmən elan elədi, “beşinci kolon” adlandırdı. Müxalifətçilərin təcrid olunacağının açıq şəkildə anonsunu verdi, bunu tarixi zərurət adlandırdı. Tofiq Yaqublunun həbsi artıq anonsun gerçəkləşməsi idi. Azərbaycanda müxalifətə qarşı mübarizə koronavirusa qarşı mübarizəni arxa plana keçirib”.

Ə.Kərimlinin sözlərinə görə, hazırda həbsdə AXCP olan 9 nəfər siyasi məhbus var. Aprel ayında AXCP-nin dörd fəalı – partiya sədrinin köməkçisi Faiq Əmirli, ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirov, Binəqədi şöbəsinin üzvü Nicat Abdullazadə və Baba Süleymanov həbs olunub. Hər birinə də 30 sutka inzibati həbs cəzası verilib. AXCP-nin Xəzər rayon şöbəsinin üzvü Aqil Hümbətov isə Maştağadakı psixiatriya xəstəxanasına salınıb.

Prezident İlham Əliyev martın 19-da bayram təbrikində belə demişdi:

“Biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o “beşinci kolon”dan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın, onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibət qaydaları mövcud olacaq. Hər kəs bunu bilsin, istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu “beşinci kolon”un nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıb. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, “beşinci kolon”, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər”.

Ana səhifəSiyasətAXCP-nin daha bir fəalı 30 sutka həbs cəzası aldı