Faiq Əmirli 30 sutka həbs cəzası aldı

“Özünün də dediyinə görə, evindən çıxıb zibil atıb geri qayıdanda mülki geyimli şəxslər onu tutub aparıblar”

Source: Foto: Meydan TV


“Azadlıq” qəzetinin yayım direktoru karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilir

“Azadlıq” qəzetinin yayım direktoru, aprelin 8-də axşam saat 20.00 radələrində yaşadığı evin yaxınlığında saxlanılan Faiq Əmirli aprelin 9-da Səbail Mayon Məhkəməsinə çıxarılıb. Hakim Ülviyyə Şükürovanın sədrliyilə keçirilən məhkəmənin sonunda F.Əmirliyə 1 ay inzibati həbs cəzası kəsilib. F.Əmirli İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsini pozmaqda təqsirli bilinib.

İddiaya görə, F.Əmirli Səbail rayonu, “20-ci sahə” qəsəbəsində evdən çıxmaq üçün icazə SMS-i olmadan küçədə gəzib, bu zaman 8-ci polis bölməsinin əməkdaşı onu saxlayıb. Həmin vaxt üzərində heç bir sənəd olmadığına görə polis bölməsinə aparılıb və haqqında inzibati xəta protokolu tərtib edilib.

İnzibati xətaya dair məhkəmə iclasları açıq keçirilsə də, F.Əmirlinin işinə faktiki qapalı iclasda baxılıb. Məhkəməyə jurnalistlər buraxılmayıb.

“Faiq Əmirli özünü təqsirli bilmir. Özünün də dediyinə görə, evindən çıxıb zibil atıb geri qayıdanda mülki geyimli şəxslər onu tutub aparıblar. Ona yaxınlaşanda da birinci adını soruşublar”, – deyə “Azadlıq” qəzetindən bildirilib.

F.Əmirlinin xanımı Lalə Əmirli də Meydan TV-yə bildirib ki, həyat yoldaşını yaşadıqları evin yaxınlığından mülki geyimli şəxslər zorla “Jeep” maşına mindirib aparıblar. Onun sözlərinə görə, aprelin 8-i axşam saat 20.00 radələrindən aprelin 9-u günorta saatlarında məhkəməyə gətirilənə qədər F.Əmirlinin yeri haqda heç bir məlumat ala bilməyiblər.

F.Əmirli məhkəmə qarşısına çıxarılarkən vəkili də olmayıb.

Faiq Əmirli 2016-cı il avqustun 20-da saxlanıb və o, Cinayət Məcəlləsinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə və milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilib. İstintaq orqanları onu ABŞ-da yaşayan Fəthullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edib. Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb: vergidən yayınma və vəzifə səlahətindən sui-istifadə maddələri.

Faiq Əmirli Səbail Rayon Məhkəməsinin qərarı ilə 3.3 il azadlıqdan məhrum edilib.

2017-ci ilin sentyabrın 15-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.

Ana səhifəSiyasətFaiq Əmirli 30 sutka həbs cəzası aldı