Polşada yaşayan Azərbaycan vətəndaşları təxliyə üçün çarter reysinin təşkil olunmasını xahiş edirlər

“Üstəlik bu insanların psixoloji durumu heç də yaxşı deyil”.

Polşa. Foto: Meydan TV


“Yaşayış və qida üçün maliyyə çatışmazlığı olan insanlar az deyil”

Polşada 150-dən çox Azərbaycan vətəndaşı vətənə qayıda bilmir. Onların arasında tələbə və bu ölkədə işləyən azərbaycanlılar da var.

Bu barədə Meydan TV-yə Polşada təhsil alan Təranə Cəfərova danışıb.

Bildirib ki, tələbələrin valideynləri Azərbaycanda işlərinin bağlanması səbəbindən övladlarına maddi yardım edə bilmirlər:

“Polşada koronavirusun sürətlə yayılması, ölənlərin sayının artması bu ölkədə qalmağı hər gün çətinləşdirir”, – Təranə Cəfərova deyib.

Onların Azərbaycanın Polşadakı səfirliyinə, Xarici İşlər Naizrliyinə və Diasporla iş üzrə Dövlət Komitəsinə müraciət etdiklərini, ancaq istənilən cavabı ala bilmədikləri qeyd olunub.

T.Cəfərova qalanlar arasında ailəli şəxslər, qadınlar və sağlamlığında problem olan insanların olduğunu bildirib:

“Üstəlik bu insanların psixoloji durumu heç də yaxşı deyil. Çünki yaşayış və qida üçün maliyyə çatışmazlığı olan insanlar az deyil. Biz Azərbaycan dövlətindən təxliyə üçün çarter reyslərinin təşkil olunmasını xahiş edirik”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva aprelin 7-də Meydan TV-yə bildirib ki, onlar xarici ölkələrdə qalan vətəndaşların müraciətlərini səfirliklər vasitəsi ilə alırlar və bu barədə operativ qərargaha informasiya ötürülür.

Ancaq L.Abdullayeva Azərbaycanın ciddi karantin rejiminə keçdiyini və bütün ölkələrlə sərhədlərin bağlandığını vurğulayaraq əlavə edib ki, xaricdəki vətəndaşlarımız mümkün qədər karantin rejiminə riayət etsinlər. Onlar olduqları yerdə ciddi karantin rejimi bitənə qədər gözləməlidirlər, yəni aprelin 20-nə qədər. Bu, artıq dövlət səviyyəsində qəbul olunan qərardır. Ölkəyə giriş və çıxış məhdudlaşdırılıb.


Meydan TV

aprelin 7-də Rusiya və Ukraynada olan Azərbaycan vətəndaşlarının analoji problemlə qarşılaşdığı barədə yazmışdı.

Azərbaycan Nazirlər Kabineti aprelin 5-dən saat 00:00-dan 20 aprel saat 00:00-dək ciddi karantin rejiminə keçidlə bağlə qərar qəbul edib.

Ana səhifəSiyasətPolşada yaşayan Azərbaycan vətəndaşları təxliyə üçün çarter reysinin təşkil olunmasını xahiş edirlər