“Cəlilabadda 5 həkimin test nəticələri müsbət çıxıb”

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilir ki, bu barədə yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama verir.

Source: Specify Source


Karantinə alınmış şəxslər evə buraxılarkən son anda qərar dəyişdirilib

Cəlilabad Şəhər Mərkəzi Xəstəxanasında karantin rejimində saxlanılan 96 nəfər bu gün evə getmək üçün hazırlaşsalar da, son anda qərar təxirə salınıb. Qapı ağzına toplaşıb avtobus gözləyən gəncləri polislər buraxmayıb. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə onlardan üçüncü test də götürülməlidir.

Bu barədə Meydan TV-yə həmin xəstəxanada karantin rejimində saxlanan gənclər məlumat veriblər.

Onlar 14 gün öncə Türkiyədən gələrkən karantinə götürülüb və Cəlilabad Şəhər Mərkəzi Xəstəxanasına göndəriliblər.

Onların sözlərinə görə, bir neçə nəfərdə testin nəticələri müsbət çıxıb və həmin şəxslər Masallı Rayon Xəstəxanasına göndəriliblər:

image_from_ios (5).jpg
Cəlilabad Şəhər Mərkəzi Xəstəxanası

"Bizə deyirlər ki, əgər kimdəsə təkrar testin nəticələri müsbət çıxsa, yenidən karantində qalacaqsız. İndi hamımızı test verməyə aparırlar. Gənclərin bir qismi etiraz edir. Operativ Qərargahdan qeyri-rəsmi əldə etdiyimiz məlumata görə, onlardan belə bir göstəriş olmayıb. Buradakı həkimlər arasında koronavirus aşkarlandığı deyilir. Yəqin ona görə bizi yenidən test etmək istəyirlər", – gənclərdən biri deyib.

“Cəlilabad Şəhər Mərkəzi Xəstəxanasında çalışan 5 həkimdən götürülmüş testin nəticələri də müsbət çıxıb. Onlar karantinə alınaraq Masallıya göndərilib”. Bunu isə xəstəxananın adının açıqlanmasını istəməyən həkimi Meydan TV-yə deyib. Onun sözlərinə görə, həkimlər karantinə götürülsə də, ailə üzvləri, ünsiyyətdə olduğu adamlar diqqətə alınmayıb:

“Bugünlərdə bəzi saytlar həkim yoldaşlarımızdan birinin adıyla bu barədə məlumat yaydılar. Həmin həkimi polis çağırıb, təzyiq göstərib, deyib ki, bu, dövlət əhəmiyyətli məsələdir, rəsmi məlumat olmasa, həkimlərin virusa yoluxması ilə bağlı açıqlama vermək olmaz. Amma burada söhbət insanların taleyindən gedir. O həkimlərin ünsiyyətdə olduğu ailə üzvləri də yoluxa və başqalarına yoluxdura bilər. Bu halda görün nə qədər adam infeksiyanın qurbanına çevrilər. Əslində belə məsələyə göz yummaq dövlətə qarşı çıxmaqdır. Ölkə rəhbərliyini məlumatlandırırıq ki, bilsinlər, yalan məlumatlar verilir, yoluxanların yaxınları nəzarətə alınmır”.

image_from_ios (1).jpg
xəstəxana

Cəlilabad Şəhər Mərkəzi Xəstəxanasından Meydan TV-yə cavab verilməyib. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilir ki, bu barədə yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama verir.

Operativ Qərargahın məlumatına görə, ölkə ərazisində indiyədək 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 545 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

image_from_ios (3).jpg
xəstəxana
Ana səhifəSosial“Cəlilabadda 5 həkimin test nəticələri müsbət çıxıb”