Mingəçevir Şəhərində yerləşən Mənzil İstismar Sahələri (JEK kimi tanınır) aprelin 1-dən mənzil haqlarının yığımına başlayıb. Bu barədə Meydan TV-yə Mingəçevir sakinləri məlumat veriblər. Onların sözlərinə görə, qapı-qapı gəzən MİS əməkdaşları mənzil haqlarının ödənilməsini tələb edirlər. Həmin əməkdaşlar əlcək və respirator maskalardan istifadə etmirlər.
Deyilənləri adının açıqlanmasını istəməyən MİS əməkdaşı da Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun göstərişi ilə mənzil haqları yığılmalıdır. Hər birinə sərbəst hərəkətləri üçün arayış da verilib:
“Bizə deyildi ki, min manat mənzil haqqın yığsaq, onun 140 manatı maaşımıza əlavə olunacaq. Yığmasaq, heç bir qəpik də almayacağıq. Biz də əmr quluyuq, nə deyirlər, edirik”.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev Meydan TV-yə deyib ki, MİS və polis əməkdaşları yalnız küçədə və məhəllələrdə olan vətəndaşların evlərə göndərilməsi iklə məşğudur: “İndi hara işləyir ki, pul da yığılsın? MİS işçiləri yalnız məhəllə-məhəllə gəzib həyətlərdəki sakinləri evə göndərir. Onlara arayış da bu səbəbdən verilib”.