Azərbaycanda daha bir nəfər koronavirusdan öldü

“Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”.

Source: Foto: sosial şəbəkə


Xüsusi rejimli xəstəxanalarda 163 nəfər müalicə alır

Martın 28-də Azərbaycanda daha 17 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər isə vəfat edib.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilib ki, ölən 1951-ci il təvəllüdlü Azərbaycan vətəndaşı ağır gedişli ikitərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib. Xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb:

“Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Məlumatda ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD – 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparıldığı qeyd olunur.

Azərbaycanda indiyədək 182 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 4 nəfəri ölüb, 15 nəfəri sağalaraq evə göndərilib.

“Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır”,-deyə qərargah bildirib.

Ana səhifəSosialAzərbaycanda daha bir nəfər koronavirusdan öldü