Martın 23-də Sumqayıt şəhər sakinində koronavirus (COVİD 19) aşkarlandığı deyilir. Nəticədə bütün ailə üzvləri karantinə alınıb. Hadisə 8-ci mikrorayon, bina 10/8 ünvanında baş verib. Bina sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, özünü yaxşı hiss etməyən şəxs təcili yardım çağırıb. Onda koronavirusa yoluxmanın əlamətləri hiss edildiyindən özü və ailə üzvləri xəstəxanaya aparılıb. Bundan sonra bütün bina karantinə alınıb:
“Dünən heç kimin evdən çıxmasına icazə verilmədi. Bütün məhəlləni dezinfeksiya etdilər”.
Sakinlərin sözlərinə görə, virus şübhəsilə aparılan şəxs yaxın günlərdə xaricdən səfərdən qayıdıb.
Daha iki fakt Bakıda qeydə alınıb. Həsən Əliyev 1061/8 ünvandan (şəhərdə Xim şəhərciyi kimi tanınır) və Masazırdakı Yeni Bakı, 6-cı kompleks, bina 25-dən ambulansın sakinləri apardığı haqda məlumatlar var. Hər iki məlumatı və görüntüləri Meydan TV-yə ərazidə yaşayan sakinlər verib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycanda koronavirusa yoluxanlaırn ümumi sayı isə 72 nəfərdir. Onlardan 10 nəfər sağalıb, bir nəfər isə ölüb. Hazırda 61 nəfər xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Martın 24-dən etibarən ölkədə karantin rejimi
elan edilib
.