Pasiyentlər arasında koronavirusa yoluxanların olduğu deyilir
Bakıdakı 1 saylı Tibbi Kliniki Mərkəz (Semaşko) qapadılıb. Artıq 3 gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb. Meydan TV əməkdaşı mərkəzə getsə də, qapıların bağlı olduğunu görüb. Xəstəxananın karantində olduğu, dezinfeksiya işləri aparıldığı bildirilib.
Mərkəzin həkimləri də deyilənləri təsdiqləyib. Adının açıqlanmasını istəməyən həkimlərdən biri deyib ki, buna səbəb cərrahiyyə şöbəsində olan pasiyentlərdə koronavirus infeksiyasının aşkarlanmasıdır:
“Martın 18-də bütün xəstələrdən analizlər götürülüb, 6 nəfərdə virus aşkarlanıb. Ancaq hamısının vəziyyəti kafidir, özlərini yaxşı hiss edirlər. Cərrahiyyə şöbəsi ən işlək şöbə olduğundan gediş-gəliş çoxdur. Ona görə də yoluxma ehtimalı yüksəkdir. Bu səbəbdən təkcə şöbə deyil, bütün xəstəxana karantinə alınıb, həkimlərdən analiz götürülüb”.
Adının açıqlanmasını istəməyən başqa bir həkim də onlardan analiz götürüldüyünü təsdiqləyib:
“Martın 20-21-də hamımızdan analiz götürüldü. Cavablar martın 23-də çıxacaq. Hamımız həyəcan içərisindəyik, əgər yoluxmuşuqsa, bu, ailəlmizdəkilərin də yoluxması deməkdir”.
Həkimin sözlərinə görə, 1 saylı Tibbi Kliniki Mərkəz paytaxtın ən “yük” götürən xəstəxanasıdır:
“Paytaxtda bu xəstəxananın funksiyasını yerinə yetirən ikinci bir yer yoxdur. Yalnız Sabunçuda yerləşən 3 saylı xəstəxanadır, o da həm mərkəzdən çox uzaqdır, həm də vəziyyət qənaətbəxş deyil. Bugünlərdə qəzaya düşən, yaralanan adamların vəziyyəti ağır olacaq, ona görə də çalışmaq lazımdır ki, evdən çıxılmasın”.
Mərkəzin qəbul şöbəsində çalışan həkimlərdən birinin Meydan TV-yə verdiyi məlumata görə, Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərdən biri koronavirus şübhəsilə karantinə alınıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Meydan TV-yə deyiblər ki, koronavirus faktı ilə bağlı yalnız Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilə bilər:
“Koronavirus faktı açıqlananda operativ qərargah dərhal bununla bağlı məlumat yayır. Bu, şayiədir, yaxud həqiqətdir, bunu yaymaq məqsədəuyğun görünmür. Bununla bağlı Baş Prokurorluğun da çağırışı olub, digər saytlara xəbərdarlıq da edilib. Biz də dəfələrlə bildirmişik ki, virusun aşkarlanma faktı olanda dərhal operativ qərargah məlumat yayır. Dediyiniz fakt indiki an üçün məndə rəsmi yoxdur”.
1 saylı Tibbi Kliniki Mərkəzin qapadılmasına gəlincə, TƏBİB-in mətbuat xidmətindən buna da dəqiq cavab verilməyib:
“Bir çox müəssisələrdə profilaktik tədbirlər aparıla bilər.Ancaq sonradan həmin müəssisələrin fəaliyyəti bərpa edilir”.
Hər hansı həkimin virusa yoluxması faktına gəlincə, TƏBİB sözçüsü bu xəbərin də operativ qərargahdan verilməli olduğunu diqqətə çatdırıb:
“Bunu da dəfələrlə izah etmişik ki, kiminsə haqqında şəxsi məlumatları ötürə bilmərik”.