Sabah Budapeşt-Bakı birbaşa çarter reysi təşkil olunacaq
Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarını ölkəyə təxliyə edəcək. Bununla əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunması planlaşdırılır.
Məlumatı Azərbaycanın
Macarıstandakı səfirliyi
yayıb.
Məlumada deyilir ki, həmin reys vasitəsilə ilk növbədə "WizzAir" şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyə olunması nəzərdə tutulur:
“Təyyarənin tutumu imkan verdiyi təqdirdə martın sonunadək "WizzAir" şirkətinin təxirə salınacaq reysinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq”.
Məlumatda o da bildirilir ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar:
“Bununla əlaqədar sərnişinlərin Heydər Əliyev Hava Limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasında tətbiq olunan qaydalara ciddi şəkildə riayət etməli xahiş olunur”.
Macarıstanın “
Wizzair
” aviaşirkətinin 15 mart Budapeşt-Bakı reysi təxirə salınmışdı. Hava şirkətinin sərnişinlərə uçuşun təxirə salınması ilə bağlı göndərdiyi üzrxahlıq məktubunda deyilirdi ki, uçuş koronavirusa görə Azərbaycan qaydalarına əsasən ləğv edilib.
Eyni zamanda, “Buta Airways”in İstanbul-Bakı reysi də ləğv edildiyindən Azərbaycan vətəndaşları həm Budapeşt, həm də İstanbul aeroportlarında qalmışdılar.
AZAL rəsmisi Paşa Kəsəmənski Meydan TV-yə həmin vətəndaşların ölkəyə gətirilməsi üçün xüsusi reyslər nəzərdə tutulduğunu demişdi.
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu İranda da özünü göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkə İranla sərhədi bağlayıb. Azərbaycan da ondan sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Daha sonra məhdudiyyəti 2 həftə də uzadıb. Amma bu qərarın yük maşınlarına aid olmadığı bildirilir.
Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən müvəqqəti dayandırılıb. Martın 14-dən isə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi 10 gün müddətinə bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb. Martın 18-dən etibarən isə Rusiya ilə sərhədlər qapanacaq. Yalnız yük maşınlarının hərəkətinə icazə veriləcək.
Hazırda əsasən, İran və İtaliyadan qayıdan bir çox şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 6 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.
Rəsmi məlumat
a görə, Azərbaycanda virusa 28 nəfər yoluxub. Onlardan 1 nəfər ölüb, 6 nəfər isə sağalıb.