MSK-nın qarşısına “Fu Məzi” yazmış fəal işgəncələrdən danışır

“Sonra içəri salanda bir şüşə qab verdilər ki, sənindir”.

Source: Meydan TV


Fuad İsmayılov həbsdə altı gündür aclıq etdiyini bildirir

Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara seçki pozuntularına etiraz olaraq “Fu Məzi” şüarı yazmış Fuad İsmayılov martın 13-də yenidən məhkəmə önünə çıxarılıb. Martın 13-də Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulov onun haqqında 60 sutkalıq həbs qərarından verilmiş şikayətə baxıb.

Fevralın 9-da keçirilmiş parlament seçkilərində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səshüquqlu komissiya üzvü olmuş F.İsmayılov deyir ki, onun həbsi siyasi motivlidir. Onun sözlərinə görə, narkotik ittihamı əsassızdır, saxtadır. Üstündən çıxdığı iddia olunan narkotik maddəyə gəlincə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci bölməsində cibinə atıldığını söyləyir. O bildirib ki, həm narkotiklə şərlənməsinə, həm də işgəncəyə məruz qalmasına etiraz olaraq, 6 gündür ki, aclıq edir:

“Mən evdən çıxanda iki maşından düşdülər. Zorla məni maşına mindirib, 32-ci bölməyə gətirdilər. Bölmədə nəsə iş gedirdi, bir saat maşında saxladılar. Sonra içəri salanda bir şüşə qab verdilər ki, sənindir. Nəsə yazdılar. Əvvəlcə nə isə başqa şeylə iş açmaq istəyirdilər. Mənə aid olmayan şeyləri mənim boynuma yazırdılar. Amma axşam nəsə təzə bir şey fikirləşdilər. Məni bir otağa gətirdilər, arxa cibimə marixuananı qoydular. Tez-tələsik video da çəkdilər. Sonra ekspertizaya apardılar”, – deyə F.İsmayılov bildirib.

Onun sözlərinə görə, öncə bölmədə döyüblər. Sonra ekspertizaya da döyə-döyə aparıblar: “AP 166 nömrəli maşında döyürdülər. Deyilənə görə, bölmənin rəis müavininin maşınıdır. Qaytaranda yenə döydülər. O qədər vurdular ki, qulağım zədələndi, üzərimdə xəsarət izləri var. Məni kameradan çıxarırdılar, 20 nəfər üstümə tökülüşürdü. Məhkəmə mənim haqqımda İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə qərar çıxarıb, təcridxanaya göndəriblər. Təcridxanada isə gələn-gedən hamısı mənə siyasətlə bağlı sual verirdi. Deyirdilər ki, sən dövlətə qarşı çıxırsan. Deyirdim, mən dövlətə qarşı çıxmıram, əksinə, dövlətin yaxşı olmasını istəyirəm. Ona görə məni tez-bazar gizlətməyə çalışırdılar”.

F.İsmayılovun vəkili Cavad Cavadov vəsatətlər qaldırıb: narkotikin üzərində Fuadın əl-barmaq izlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilsin; onun işgəncə şikayətlərini araşdırmaq məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilsin; onun tutulduğu iddia olunan ərazidəki müşahidə kameralarının görüntülərinə baxılsın və Fuadın həqiqətən orada saxlanıb-saxlanmasdığı müəyyənləşdirilsin; fevralın 9-da seçki məntəqəsində F.İsmayılovun döyüldüyünü əks etdirən və saytlarda yayımlanan görüntülərə baxış keçirilsin…

“Fuad İsmayılov seçkidə Fikrət Cəfərlinin müşahidəçisi olub. Seçki günü məntəqədə zorakılığa məruz qalıb. Bunu təsdiqləyən video-sübutları da vəsatətimizdə təqdim etmişik. Daha sonra Fuad MSK-nın qarşısında zorakılığa məruz qalıb. Martın 7-də isə yoxa çıxıb. Ailəsinin Daxili İşlər Nazirliyinin “102” xidmətinə çoxsaylı müraciətlərindən sonra onun yerini müəyyənləşdirmək mümkün olub. Mən martın 10-da onunla görüşmək üçün təcridxanaya getsəm də, görüşməyə icazə verilməyib”, – deyə vəkil bildirib.

C.Cavadov F.İsmayılov haqqında Suraxanı Rayon Məhkəməsinin 60 günlük inzibati həbs qərarının ləğv olunmasını istəyib: “Dövlətə qarşı çıxmaq qondarma işləri quraşdırmaqdır. Bu işlər sonra Avropa Məhkəməsinə gedir və dövlət cərimələnir”.

Lakin hakim Rəşad Abdulov nə vəkilin vəsatətlərini təmin edib, nə də apelyasiya şikayətini. 60 günlük həbs qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

C.Cavadov məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, F.İsmayılovun işgəncəyə məruz qalması haqda məhkəmədə dediklərilə əlaqədar prokurorluğa şikayət olunacaq.

Ana səhifəSiyasətMSK-nın qarşısına “Fu Məzi” yazmış fəal işgəncələrdən danışır