AİHM Oqtay Gülalıyevin şikayətini baxılacaq işlər sırasından çıxarıb

Dövlət ərizəçiyə 3500 avro təzminat ödəyəcək

Source: Google

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin şikayəti üzrə qərarını

açıqlayıb

. Məhkəmə şikayəti baxılacaq işlər siyahısından çıxarıb.

Oqtay Gülalıyev AİHM-ə 2012-ci ildə şikayət etmişdi. Həmin vaxtlar ona cinayət işi açılmış, o, məhkəməyə qədər həbs edilmişdi. Onun vəkilləri məhkəməyə qədər həbsin qanunsuzluğunu mübahisələndirmişdilər.

Şikayətin kommunikasiyası zamanı ərizəçi dostca həll təkliflərini rədd etmişdi. Ardınca iddia (maddə 5.3) olunan pozuntunu etiraf edən, ərizəçiyə 3500 avro ödəməyi üzərinə götürən dövlət məhkəməyə təktərəfli deklarasiya təqdim edib. Şikayətin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq siyahıdan çıxarılmasını istəyib. AİHM qərarında qeyd edir ki, təktərəfli deklarasiya haqda ərizəçiyə məlumat göndərilib. Amma o, həmin məlumata cavab verməyib.

Beləliklə, məhkəmə şikayətin siyahıdan çıxarılmasını məqsədəuyğun hesab edib. Dövlət ərizəçiyə 3500 avro təzminat ödəyəcək.

Fevralın 6-da AİHM Azərbaycandan göndərilmiş daha 4 şikayəti baxılacaq işlər siyahısından çıxarmışdı. Həmin şikayətlər “Rəşad Ramazanov Azərbaycana qarşı“, “Ələkbər İsmayılov Azərbaycana qarşı“, “Orxan Əliyev Azərbaycana qarşı“, “Elman Dəmirov Azərbaycana qarşı” işləri olub. Hökumət həmin işlərlə bağlı ərizəçilərə 8600 avro təzminat ödəyəcəyi ilə bağlı öhdəlik götürüb.

Ana səhifəSiyasətAİHM Oqtay Gülalıyevin şikayətini baxılacaq işlər sırasından çıxarıb