Martın 7-də Azərbaycanın 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayev həlak olub. Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qazax Müalicə-Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Eltun Qarayevin “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı yaralandığı bildirilsə də, odlu silahın kim tərəfdən açıldığı haqda məlumat verilmir.
Məlumatda qeyd olunur ki, baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.
Eltun Qarayev Bərdə rayonundan hərbi xidmətə çağırılıb.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov “Report”a əsgərin Şəhidlər xiyabanında dəfn olunacağını deyib.
Onun sözlərinə görə, əsgərin nəşi martın 7-də doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilərək ailəsinə təhvil veriləcək: “Eltun Qarayev Şəhidlər xiyabanında dəfn ediləcək. Bununla bağlı hazırlıq işləri görülür. Yas mərasimin təşkil etmək üçün mağar qurulub”.
E.Qarayev 2001-ci il martın 14-də Bərdə rayonunun Qazqurdalı kəndində anadan olub. O, 2019-ci ilin aprel ayında hərbi xidmətə yola salınıb.