Onların şikayətinə Ali Məhkəmədə baxılır
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və bu qurumun əməkdaşı olmuş polkovnik Azər Mehdiyev Ali Məhkəməyə şikayət edib.
MTN hadisələrinə görə həbs olunanların işi bir neçə qrupa bölünəndə E.Quliyevin də işi keçmiş işçisi ilə birlikdə məhkəməyə göndərildi. Qanunsuz dinləmələr, hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozma, mənimsəmə kimi əməllərdə ittiham olunan E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edildi. Onlar Bakı Hərbi Məhkəməsinin bu hökmündən apelyasiya şikayəti versələr də, təmin olunmadı. İndi isə onların şikayətinə Ali Məhkəmədə baxılır.
E.Quliyev kassasiya şikayətini bir dəfə geri götürsə də, ikinci dəfə yenidən Ali Məhkəməyə müraciət edib. Fevralın 25-də hakim İnqilab Nəsirovun sədrliyilə keçirilən prosesdə məlum olub ki, keçmiş MTN generalı və işçisi şikayətlərinə baxılarkən özləri də məhkəmədə iştirak etmək istəyirlər. Bu barədə Ali Məhkəməyə də ərizə göndəriblər.
Hakim bu haqda məlumat verərkən vurğulayıb ki, onların məhkəmədə iştirakla bağlı ərizəsi təmin edilib. Lakin hər ikisi cəza çəkdikləri müəssisədən istintaq təcridxanasına etap olunmaqdan imtina ediblər.
Meydan TV-nin əldə etdiyi məlumata görə, həm E.Quliyev, həm də A.Mehdiyev 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Cəzaçəkmə müəssisəsində saxlanılan məhkumlar hər hansı istintaq hərəkətində, yaxud məhkəmədə iştirak etmək üçün öncə istintaq təcridxanasına etap olunur. Hakimin bildirdiyinə görə, E.Quliyev də, A.Mehdiyev də birbaşa cəzaçəkmə müəssisəsindən məhkəməyə gətirilmək istəyir.
"Lakin belə bir hal qanunvericilikdə nəzərdə tutulmayıb", – deyə hakim bildirib.
Məhkəmədə həmçinin elan olunub ki, A.Mehdiyev kassasiya şikayətinə əlavələr göndərib. Digər proses iştirakçılarının tanış olması üçün əlavələr onlara təqdim olunub.
Sabiq MTN generalı E.Quliyevin də müdafiəsinə yeni vəkil qoşulub. Vəkil iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Ona aprelin 7-ə qədər vaxt verilib.
2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat və çoxsaylı həbslərdən sonra E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən uzaqlaşdırıldı. O, MTN-in Akademiyasına kafedra müdiri təyin edildi. Təxminən iki ay orada işləyəndən sonra həbs olundu.
E.Quliyevə 10 il 6 ay həbs cəzası verilməklə yanaşı, o, məhkəmənin hökmüylə general rütbəsindən də məhrum edilib. Agentura, əməliyyatların keçirilməsi üçün MTN-ə ayrılan pulların da mənimsənilməsində ittiham olunan E.Quliyevin bir sıra əmlakları da müsadirə edilib.