Parlament seçkilərinə yekun vuruldu
Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 25-də növbəti iclasını keçirib.
Komissiya 9 fevral növbədənkənar parlament seçkilərinə yekun vurub və sənədləri Konstitusiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edib.
Bu barədə “
Azərtac
” məlumat yayıb.
Komissiya sədri Məzahir Pənahov bildirib ki, seçkilərdə sosial şəbəkə fenomeni xüsusi rol oynayıb:
“Seçkilərlə bağlı arşdırma işləri çox şəffaf şəkildə keçirilib. Bu müddət ərzində bütün proseslər ictimaiyyətə çatdırılıb. Bütün məlumatlar MSK-nın saytında da vaxtında yerləşdirilib. Ümumilikdə deyə bilərik ki, seçki prosesi çox yüksək səviyyədə keçirilib. Səsvermənin yekunları hərtərəfli araşdırılıb. Bu gün Mərkəzi Seçki Komissiyasında baxılmamış, araşdırılmamış məsələ qalmayıb”.
Fevralın 13-də MSK iclasında 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd dairəsi, 80 saylı İmişli-Beyləqan dairəsi üzrə seçkinin nəticələrini ləğv edib. Bu dairələrdən MSK müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli, Çingiz Qənizadəni lider elan etmişdi.
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.
Prezident İlham Əliyev seçkinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini söyləyib.
Ancaq seçkini müşahidə edən beynəlxalq təşkilatlar onun kimi düşünmürlər. Fevralın 10-da ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası növbədənkənar parlament seçkilər ilə bağlı mətbuat konfransı keçirib.
Hər üç müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib.
2019-cu il dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.
Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.
Azərbaycanda parlament seçkiləri əslində 2020-ci ilin noyabrında keçirilməli idi.