Anar Məmmədov: “Xədicə İsmayıl vasitəsilə qrant aldığımı dedilər”
“Criminal.az” saytının baş redaktoru Anar Məmmədov dekabrın 30-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel") çağrılıb.
Məlumatı Meydan TV-yə jurnalistin özü verib.
Anar Məmmədov deyib ki, idarənin özünü Heydər kimi təqdim edən şöbə rəisi şikayət olduğunu söyləyib:
“Mənə bildirdi ki, səndən Aysel Mustafayevə şikayət edib. Rəis şikayətin məğzinə keçməzdən əvvəl məni polisə qarşı qərəzli olmağımın səbəbini soruşdu. Cavab verdim ki, nəinki polisə, heç bir dövlət məmuruna qarşı qərəzim yoxdur. Təəssüf ki, onlar da mənim haqqımda sizin kimi düşünürlər”.
Anar Məmmədovdan araşdırmaçı jurnalist Xədicə İsmayıl ilə əlaqələrinin olması barəsində də soruşublar:
“Mənə dedi ki, guya, Xədicə İsmayıl vasitəsilə qrant alıb sayt işlədirəm. Mən bunu təkzib edib bildirdim ki, onu jurnalist kimi tanıyıram, elə bir əlaqəmiz yoxdur”.
Şöbə rəisi hansı xəbərlərdə polisə qarşı qərəzin olduğunu göstərmədi, yalnız Salyan rayonunda polisin qız tərəfindən bıçaqlanması xəbəri ətrafında danışdı. Bu informasiyanın saytda yayılmasının polisinin nüfuzuna zərbə olduğunu söylədi:
“Eyni zamanda, mənimlə bağlı iki şikayətin olduğunu xatırladıb, xəbərdar etdi”.
Anar Məmmədov Aysel Mustafayevanın şikayəti ilə bağlı izahat verərək idarəni tərk etdiyini bildirdi.
Xədicə İsmayıl olaya “Facebook” səhifəsində münasibət bildirib.
“Aydın olmadısa, bir də deyim. Nə qrant almıram, nə sayt açmıram, nə sayt işlətmirəm. İlham Əliyev bandotdelinə desin, bir az ciddi işlərlə məşğul olsun. Bu gün bloklanmış kriminal saytının redaktoru Anar Məmmədovu çağırıblar bandotdelə, mənim guya onunla bərabər işləməkçün aldığım qrant barədə sorğu-sual eləməyə. Deyəsən sınaq müddətinin son ilində təzə iş açmaq keçir ürəklərindən”.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ilin martında Anar Məmmədovun 5,6 il şərti azadlıqdan məhrum edilməsi barəsində hökm çıxarıb. O, Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə ittiham olunurdu.
Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.