Polad Aslanovun başqa bir saytın əməkdaşını hədələdiyi bildirilir
"Xeberman.com" saytının həbsdə olan baş redaktoru Polad Aslanova qarşı yeni ittiham irəli sürülüb. Jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanın Meydan TV-yə bildirdiyinə görə, P.Aslanova "öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə"yə görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 134-cü maddəsilə ittiham elan olunub. Baş redaktor başqa bir saytın əməkdaşını ölümlə hədələməkdə ittiham olunur.
G.Aslanova bildirib ki, istintaq sirri olduğuna görə həmin şəxsin adını indi çəkməsə də, istintaq başa çatandan sonra onu mütləq açıqlayacaq: "Ən azı ona görə ki, insanlar bu cür davranan adamları tanımalıdır".
G.Aslanova onu da bildirib ki, sözügedən şəxs həyat yoldaşı həbs olunduğu vaxt məhkəmənin qarşısına dəstək məqsədilə gələnlər arasında olub.
“45 kiloqram çəkisi olan Polad Aslanov özündən fiziki cəhətdən qat-qat güclü olan "jurnalist"i guya bu ilin may ayında ölümlə hədələyib. Necə olub ki, bu "jurnalist" həmin vaxt polisə məlumat verməyib? O vaxt məlumat verməmişdisə, indi nə oldu? Onu ölümlə hədələyən adamın məhkəməsinə dəstək üçün niyə gəlmişdi? Bunu bizimlə çöldə gözləyən şəxslər də təsdiqləyə bilərlər”, – deyə Gülmirə Aslanova bildirib.
P.Aslanov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. O, bu il iyunun 12-də həbs olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb.
Yaxınları isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir. Həyat yoldaşı bildirir ki, xüsusi xidmət orqanlarının zəvvarların ziyarətlərini təşkil edən şirkətlərdən rüşvət alması barədə yazılarına öncə hərbi xidmətə aparmaqla cəzalandırılıb. Baxmayaraq ki, onun sülh şəraitində hərbi xidmətə yararsız olması barədə hərbi bileti olub, ürəyindəki problemlər haqda həkim rəyi var: “Hərbi xidmətdən qayıdandan sonra da Polad Aslanov yazılarını dayandırmadı, onların dediklərilə razılaşmadı. Ona görə bu şəkildə şərləyib həbs elədilər.