Əli Hüseynli: “Yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament fəaliyyətini davam etdirməlidir”
Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də prezident İlham Əliyevin sorğusu əsasında parlamentin buraxılması barədə Milli Məclisin müraciətinin Konstitusiyaya uyğunluğu məsələsini müzakirə edib.
Plenum Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərliyi ilə baş tutub.
Plenumda sorğu verən tərəfin nümayəndəsi kimi Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri kimi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev iştirak ediblər.
Ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov olub.
İclasda çıxış edən Gündüz Kərimov qeyd edib ki, bu qərar parlamentdə çoxluq təşkil edən, Yeni Azərbaycan Partiyasının üzvləri olan deputatların təşəbbüsü, o cümlədən parlamentdə digər partiyalardan olan deputatlar və bitərəf deputatlarla birgə onların böyük əksəriyyəti tərəfindən qəbul edilib:
“Parlamentin buraxılması institutu Azərbaycan qanunvericiliyində yeni institutdur. Milli Məclisin buraxılması ictimai, siyasi və hüquqi baxımdan böyük əhəmiyyətə malik hadisədir. Bu hadisənin baş verməsi nəinki birbaşa bugünkü nəticələrə, həmçinin gələcək üçün də çoxşaxəli ola bilər. Bu təsirlər arasında potensial növbəti seçkilər, yeni qərarlar, yeni qanunlar, parlamentin yeni orqanları, o cümlədən deputatların indiki və gələcək statusu məsələsi ortaya çıxa bilər”, – Gündüz Kərimov deyib.
Əli Hüseynli isə bildirib ki, bu gün Konstitusiya Məhkəməsinin verəcəyi qərar Azərbaycan dövlətçiliyi baxımından, hakimiyyət qollarının fəaliyyəti baxımından müstəsna əhəmiyyət kəsb edir.
“Qanunvericilik hakimiyyəti təkcə millət vəkillərinin qanunları qəbul etməsi kimi başa düşülməməlidir. Milli Məclisin konstitusiya ilə üzərinə qoyulmuş və dövlət həyatında müstəsna əhəmiyyət kəsb edən digər funksiyaları var. Yeni parlament fəaliyyətə başlayana qədər hazırkı parlament qanunvericilik hakimiyyəti kimi fəaliyyətini davam etdirməlidir”, – Əli Hüseynli deyib.
Müşavirədən sonra davam edən iclasda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.
O bildirib ki, plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.
Hüquqşünas Ələsgər Məmmədli Konstitusiya Məhkəməsinin qərarından təəssüfləndiyini bildirib.
Onun fikrincə, Konstitusiya Məhkəməsi cəmi 3 il sonra etiraf etdi ki, 2016-cı ildə Konstitusiyaya 98-1 ci maddə əlavə ediləndə ona bunun hüquqi tərəfini soruşanda Konstitusiyanın anasını ağladıb və hüquqi yox, siyasi qərar verib.
“Prezidentə parlamenti buraxmaq səlahiyyətini verən 98-1 ci maddəni Konstitusiyaya uyğun hesab edəndə düşünməli idi ki, Konstitusiyanın 111-ci, 112-ci maddələrində müharibə, fövqəladə vəziyyət elanı zamanı buraxılan parlamentə 24 saat içərisində ehtiyac olacaq. 2016-cı ildə əsaslanıb, rədd edəcəyi arquneti, 2019-da əsaslanıb qəbul etdi. Bir hüquqçu olaraq, ölkənin hüquq mühitində qərar verənlərin məntiqinə və bilgisinə təəssüf edirəm!”
Milli Məclis
də çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.