ADO teatrı Mədəniyyət Nazirliyini məhkəməyə verdi

Hazırda biz ADO teatrı olaraq Mədəniyyət Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırdıq

Source: google.az


Elmin Bədəlov: “Bakı Şəhər İcra Hakimiyyətindən cavab ala bilməsək, bu quruma qarşı da məhkəmədə iddia qaldırılacaq”

ADO (Azərbaycan Dağınıq Oda teatrı) Mədəniyyət Nazirliyini məhkəməyə verib. Buna səbəb iki ildir ki, nazirliyin ADO-nun paytaxtda küçə tamaşalarının keçirilməsi müraciətini cavabsız qoymasıdır.

Teatrın rəhbəri Elmin Bədəlov “Facebook” səhifəsində bu barədə məlumat yayıb:

“İki il ərzində nazirlikdən heç bir əsaslı cavab verilməyib. Biz nazirliklə yanaşı, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etdik. Amma bu qurumdan da əsaslı cavab gəlməyib. Hazırda biz ADO teatrı olaraq Mədəniyyət Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırdıq. Tələbimiz ondan ibarətdir ki, nazirlik bizə qanunla müəyyən olunan qaydada və müddətdə cavab versin. Hazırda Bakı Şəhər İcra Hakimiyyətindən cavab gözləyirik. Cavab ala bilməsək, bu quruma qarşı da məhkəmədə iddia qaldırılacaq.

Məhkəmələr bizi qane etməyən qərar qəbul etdiyi halda, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Öz hüquqlarımızı bərpa etməyə çalışacağıq".

Bu il sentyabrın 26-da Mədəniyyət Nazirliyi tərəfindən teatrın küçə nümayişlərinə səbəbi əsaslandırılmayan qadağa qoyulduğu bildirilib.

Qoyulan qadağa ilə əlaqədar teatrın tamaşaçıları tərəfindən petisiya yaradılıb.

Petisiyada bildirlir ki, Mədəniyyət Nazirliyi 2 ildən çoxdur ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) küçə nümayişləri haqda rəy vermir:

“26 sentyabr 2019 tarixində isə nazir Əbülfəs Qarayev ADO teatrına küçədə tamaşa göstərmək üçün qadağa qoyub.

Ölkəmizin mədəniyyətinin inkişafı üçün qoyulan qadağanın aradan qaldırılmasını, küçə nümayişlərinə icazə verilməsini istəyirik. Bunun üçün birləşməli, dostlarımıza, cəmiyyətə müraciət edərək, paylaşaraq imza toplayaq və mədəniyyətimizi xilas edək.

Yaradıcı nəslin özünü ifadə azadlığı üçün birləşək. Mədəniyyətimizin öldürülməsinə qarşı çıxaq. Küçə tamaşalarına icazə verilməsini tələb etmək üçün imzalayaq”.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, məsələdən xəbərdardırlar:

“Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Kim istəsə, kimisə məhkəməyə verə bilər. Məhkəmə isə doğru bildiyi qərarı verəcək. Nəticəsi sonda hamıya bəlli olacaq”.

Ana səhifəMədəniyyətADO teatrı Mədəniyyət Nazirliyini məhkəməyə verdi