Fransa XİN: Azərbaycan hakimiyyətini Əfqan Muxtarlının hüquqlarına hörmət etməyə çağırırıq

Fransa bütün dünyada mətbuat və fikri ifadə azadlığına sadiqdir

Source: meydan tv


XİN “Sərhədsiz Reportyorlar”ın müraciətini şərh edib

Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi sentyabrın 26-da Parisdə keçirilən ənənəvi brifinqdə rəsmi Parisi Azərbaycanda məhkum jurnalist Əfqan Muxtarlının təqibi faktına münasibət bildirməyə çağıran “Sərhədsiz Reportyorlar” təşkilatının müraciətini şərh edib.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb:

“Fransa bütün dünyada mətbuat və fikri ifadə azadlığına sadiqdir. Sentyabrın 16-da ATƏT-in Varşavada keçirilən konfransında Avropa İttifaqının bəyanatında qeyd edildiyi kimi, Fransa və onun Avropadakı tərəfdaşları jurnalist Əfqan Muxtarlının işini diqqətlə izləyir. Fransa Azərbaycan hakimiyyətini Muxtarlının hüquqlarına hörmət etməyə çağırır”, deyə XİN nümayəndəsi bildirib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhəri gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Ana səhifəSiyasətFransa XİN: Azərbaycan hakimiyyətini Əfqan Muxtarlının hüquqlarına hörmət etməyə çağırırıq