Gərgərlilər: 30 ildir heyvandarlıqla məşğul ola bilmirik

Sovet dağılandan sonra kəndin bütün otlaq sahələri bir adamın əlində cəmləşib, o da heç kimin heyvanını otlaqlara buraxmır. 30 ildir ki, əhali heyvanını tövlədən kənara çıxara bilmir.

Source: meydan.tv


Kəndlilərin deməsinə görə, otlaq sahələri bir adamın istifadəsindədir

“Örüş sahəsinə yaxın düşə bilmirik. Dava-dalaş düşür, adamlar polisə çəkilir… Halbuki, Sovet hökuməti dağılandan sonra o sahələr əhalinin istifadəsinə verilmişdi. O sahələrdə hərə bir tərəfində mal-qarasını otarırdı. Ancaq 30 ildir ki, bir adam hamısını ələ keçirib. Kənd camaatı heyvanını otarmağa yer tapmır”.

Gədəbəyin Gərgər kəndinin əhalisi əsasən əkinçilik, maldarlıq, heyvandarlıqla məşğul olur. Ancaq kənd sakinlərinin Meydan TV-yə deməsinə görə, 30 ilə yaxındır ki, kənddəki otlaq sahələri zəbt olunub. Bu səbəbdən də əhalinin bir hissəsi heyvanını satıb, bir hissəsi isə tövlə şəraitində saxlamaq məcburiyyətindədir. Kənd sakinləri:


“Vaxtilə dövlətə ən çox ət, pendir verən kənd idi”

“Sovet dağılandan sonra kəndin bütün otlaq sahələri bir adamın əlində cəmləşib, o da heç kimin heyvanını otlaqlara buraxmır. 30 ildir ki, əhali heyvanını tövlədən kənara çıxara bilmir. Nəticədə vaxtilə heyvandarlığı ilə tanınan kəndimizdə bu məşğuliyyət tamamilə yox olub. Baxırsan ki, bizim kimi sadə bir kəndlidir, o da heyvandarlıqla məşğul olur, ancaq arxasında kim dayanırsa, kimə arxayındırsa, 30 ildir, bir adam otlaq sahəsinə yaxın düşə bilmir. Vaxtilə bu kənd dövlətə ən çox ət, pendir verən kənd olub. İndi heyvanlarımız təbii otlaq görmür, hava udmur”.


“100 hektar sahə bir adamın əlindədir”

Kəndlilərin deməsinə görə, Nüsrət adlı şəxs təxminən 100 hektar ərazini zəbt edib. Bu sahə uzun illərdir ki, bir adamın istifadəsindədir deyə, əhali otlaq sahələrinə yaxn düşə bilmir. Həmin şəxs minlərlə heyvanı orada otarır. Sahədə tez-tez mübahisə düşür, dava-dalaş səviyyəsinə çatır, polis müdaxilə edir, kəndliləri şöbəyə aparır. Bu səbəbdən də kəndlilər dövlət qurumlarına müraciət ediblər ki, münaqişə yaranmaması üçün məsələ dövlət səviyyəsində həllini tapsın. Ancaq illərdir ki, onların müraciətləri cavabsız qalır. Kənd sakinləri müraciətin bir nüsxəsini də Meydan TV-yə göndəriblər. Onlar iddia edir ki, indiyədək heç bir dövlət qurumu müraciətlərinə cavab verməyib.


Örüş sahələri bərabər istifadə üçündür

Gədəbəy Rayon İcra Hakimiyyətindən bildirilib ki, kənd sakinlərinin iddia etdikləri sahələrin icarə müqaviləsi yoxdur. Həmin ərazilər rəsmi sənədlə bir şəxsin istifadəsindədir. Ancaq qurumdan həmin şəxsin adını bildirməyiblər: “Kənddə kifayət qədər örüş sahəsi var, kəndlilər istifadə edir. Kiminsə qanuni, sənədli yerini əlindən alıb başqasına vermək olmaz axı… Əgər kəndlilər düşünürlərsə, o adamın əlindəki sənəd qanunsuzdur, buyursunlar, ölkənin məhkəməsi, hüquq-mühafizə orqanı var, müraciət etsinlər, məhkəmə araşdırsın, qərar versin”.

Kəndlilərsə deyir, 1990-cı illərdə faktiki istifadələrində olan örüş sahələrinə görə yerli icra hakimiyyəti sənəd verəcəyini vəd etsə də, sonradan xəbər tutublar ki, 100 hektardan çox yer bir nəfərə verilib.

Hüquqşünas Namizəd Səfərov deyir, kəndlərdəki örüş sahələri hər bir kəndliyə bərabər istifadə hüququ verir. Kənd sakinləri məsələnin hüquqi tərəflərini dərindən öyrəndikdən sonra məhkəməyə kütləvi müraciət edə bilərlər.

Ana səhifəBölgəGərgərlilər: 30 ildir heyvandarlıqla məşğul ola bilmirik