Göyçay sakini: Müstəntiq qarşı tərəflə əlbir olub cinayəti ayağıma yazdı

Hadisəni törədən qalıb kənarda, hər şeyi mənim üzərimə yıxıblar

Source: meydan tv


İki nəfərin ölümü ilə nəticələnən avtoqəzanın səbəbkarı kimdir?

“Hadisəni törədən sürücü Şamaxıdandır. Müstəntiq də şamaxılı idi. Əlbir olub, işləri düzüb-qoşub, cinayəti mənim ayağıma yazdılar. Cinayət də çox ağır çəkilidir. Ortada iki nəfər həyatını itirib. İki avtomobilə ümumilikdə 10 min manata yaxın maddi zərər dəyib. Hadisəni törədən qalıb kənarda, hər şeyi mənim üzərimə yıxıblar. Bu cinayət mənim üstümdə qalsa, həm həbsə gedəcəm, həm də 10 min manatı ödəməli olacam”.

Göyçayın Qarayazı kənd sakini, 21 yaşlı Vasif Cabbarov Meydan TV-yə danışır ki, ötən il iyunun 17-də gecə saat 3 radələrində idarə etdiyi avtomobil “Qazel”lə toqquşub. Nəticədə onun maşınında olan iki sərnişindən biri hadisə yerində, digəri Şamaxı Mərkəzi Xəstəxanasında keçinib. Özü isə xəsarət alıb.


“Öz yolundan qəfil əks yola keçdi, toqquşduq”

Vasif Cabbarov iddia edir ki, avtomobil qəzasında günah onda yox, qarşı tərəfin sürücüsündə olub:

“Avtomobil alveri ilə məşğul oluram. Ucuz qiymətə köhnə avtomobilləri alıram, ustada düzəltdirirəm, hər həftənin şənbə günləri Sumqayıtdakı maşın bazarına aparıb satıram. Həmin vaxt da idarə etdiyim maşını Sumqayıta satmağa aparırdım. Yəni maşının sahibi sənədlə başqası idi. Yazıb ki, guya qəza şəraitini mən yaratmışam, qarşı yola çıxmışam. Mən Bakı istiqamətində hərəkət edirdim. “Qazel” əks yolla hərəkət edirdi. Toqquşmaya səbəb də sürücünün qəfil əks yoldan mənim hərəkət etdiyim yola keçməsi oldu. Mən öz sürətimlə yolumu gedirdim, sürətlə gəldi, qəfil keçdi mənim yoluma, hər şey bir anda baş verdi, əyləci basmağa macal tapmadım, toqquşduq”.

Şamaxı polisindən bildirilib ki, bu hadisə ötən yay Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı ərazisindən keçən 123 kilometrliyində, yaşayış məntəqəsi hesab olunan ərazidə baş verib. Vasif Cabbarov iki nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qəzanın baş verməsində və avtomobili sənədsiz idarə etməkdə təqsirləndirilib. İstintaqı Şöbənin istintaq bölməsinin müstəntiqi Baba Atakişiyev aparıb. Ötən ilin noyabrında istintaq yekunlaşıb və iş məhkəmə baxışına göndərilib, hazırda məhkəmə prosesi davam edir, məsələyə hüquqi qiyməti də məhkəmə verəcək. Bu səbəbdən polis şöbəsi deyilənlərə hər hansı münasibət bildirmir.

Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilir. 5 aydır davam edən məhkəmədə tərəflər və şahidlər dindirilib. Vasif Cabbarov məhkəmənin gedişatından da razı deyil. Deyir, hadisə zamanı qarşı maşının sükanı arxasında Şamaxı sakini Nemət Feyzillayev olsa da, sənədlərdə avtomobili idarə edən qismində sürücünün atasının adı keçir.


“Müstəntiq işi saxtalaşdırıb, hakim də saxta işə baxır”

Məhkəmənin indiyədək dindirdiyi zərərçəkmiş də, şahidlər də saxtadır:

“Müstəntiqin tərtib etdiyi ittiham aktı saxtadır. Hakimlər saxtakarlığı üzə çıxarmaqdansa, saxta şahidləri, saxta zərərçəkmişi dindirir, bizim vəsatətləri qəbul etmir. Məsələn, maşını mənim yoluma çıxaran və toqquşmaya səbəb olan sürücü Nemət Feyzullayevi maşından iki polis əməkdaşı çıxarıb yerə uzatmışdılar. Gəlib məhkəmədə ağ yalan danışdılar, dedilər ki, guya Neməti hadisə yerində görməyiblər. Hər şeyi sürücünün atası Əflatun Feyzullayevin adına rəsmiləşdirilib. Halbuki, həmin adam heç hadisə vaxtı maşında olmayıb. Hadisə yerinin yaxınlığındakı mağazanın müşahidə kamerasına baxış keçirilməsini tələb etmişdim, müstəntiq dedi, həmin vaxt guya kamera işlək vəziyyətdə olmayıb. Halbuki, kameranın yaddaşı silinmişdi. Çünki əks tərəfdən gələn “Qazel”-in mənim yoluma, qarşıma çıxması kameraya düşmüşdü. Şahidlərsə hadisə yerindən 200-300 metr aralıda olanlar və hadisəni görməyənlərdir. Vəkilim məhkəməyə həmin yeddi şahidin dindirilməsi üçün vəsatət təqdim etdi, hakim qəbul etmədi. Kor-kor, gör-gör, adam öz yolundan əks yola çıxıb, mənim maşınımın qarşısına çıxıb, hər şey bir anda baş verdiyindən əyləci basa bilməmişəm. Hadisədən sonra özümüz də hadisə yerində video, fotolar çəkmişik, həmin videolardan, fotolardan da açıq görünür ki, avtomobil sürətlə gəlib və əks yola çıxıb, deyirlər yox, günah səndədir. Məhkəmə nə videoları qəbul edir, nə fotoları, nə də vəkilimin verdiyi vəsatətləri… Vəkilim də həmin vəsatəti məhkəməyə poçt vasitəsilə göndərməli oldu. Həmin yeddi nəfər hadisəni görən adamlardır. Onlar da mənimlə eyni vaxtda Göyçaydan Sumqayıta maşın alverinə gedirdilər. Rayondan eyni vaxtda çıxmışdıq, yolu maşın karvanı şəklində gedirdik”.


Zərərçəkmiş qismində ata və oğul dindirilib

Qeyd olunduğu kimi, bu iş üzrə istintaq orqanı zərərçəkmiş qismində Şamaxı sakini Əflatun Feyzullayevi və onun oğlu Nemət Feyzullayevi tanıyıb, dindirib. O bildirib ki, müxtəlif rayon ərazilərindəki heyvan bazarlarında heyvan alqı-satqısı ilə məşğul olur. İyunun 17-də oğlu Nemətlə birlikdə özünə məxsus “Qazel”-lə evdən çıxıb. Bakı-Şamaxı-Yevlax yolu ilə Ağsu istiqamətində hərəkət edərkən əks istiqamətdən gələn, Vasif Cabbarovun idarə etdiyi “VAZ-21074 markalı avtomobil onun qarşısına çıxıb, avtomobillər toqquşub. O, huşunu itirib və ayıldıqda özünü Bakıda xəstəxanada görüb. Ona bildirilib ki, oğlu Nemət yüngül yaralanıb, qarşı tərəfdən gələn və onun maşınıyla toqquşan maşındakı iki sərnişin isə həlak olub.

Nemət Feyzullayev də atasının ifadəsinə uyğun ifadə verib.

Məhkəmə iclası iyunun 17-də davam etdiriləcək. Vasif Cabbarovun vəkili hadisənin şahidi olmuş 7 nəfərin dindirilməsi üçün məhkəməyə poçt vasitəsiylə vəsatət göndərib. Vasif Cabbarov ümid edir ki, növbəti məhkəmə iclasında həmin vəsatət təmin olunacaq.

Ana səhifəBölgəGöyçay sakini: Müstəntiq qarşı tərəflə əlbir olub cinayəti ayağıma yazdı