Birləşmiş Krallıq Avropa Birliyini sazişsiz tərk etməli ola bilər
Böyük Britaniya millət vəkilləri Baş nazir Tereza Meyin Brexit sazişini Krallığın Avropa Birliyindən çıxmalı olduğu gün üçüncü dəfə rədd edib.
Bu, o deməkdir ki, Birləşmiş Krallıq Avropa İttifaqının Brexiti təxirə salmaq üçün son tarix olaraq təyin etdiyi 22 may tarixini qaçırmış oldu. Bu səbəbdən Birləşmiş Krallıq Avropa Birliyini sazişsiz tərk etməli ola bilər.
Mey millət vəkillərinə “Bu, onların Brexiti qarantiyaya almaq üçün son şanslarıdır,” – deyə bildirmişdi. Millət vəkilləri səslərini sadəcə Baş nazirin Brexit sazişinə, yəni Krallığın Avropa Birliyindən çıxma tarixinin müəyyən edilməsinə veriblər. Əmək Partiyası qeyd edib ki, Brexit sazişini siyasi deklarasiyadan ayırmaq “Brexitə kor-koranə səs vermək” deməkdir.
Partiyanın lideri Ceremi Korbin (Jeremy Corbyn) deyib ki, “Nümayəndələr Palatası aydın qərar verib və saziş indi dəyişməlidir”.
“Alternativlər tapılmalıdır. Əgər Baş nazir bunu qəbul etmirsə, o getməlidir. Gələcəkdə qeyri-müəyyən tarixdə deyil, əksinə indi,” – deyə Korbin çıxışında qeyd edib.
Baş nazir qeyd edib ki, Birləşmiş Krallıq yeni alternativ yollar axtarmalıdır. Mey Parlamentin Nümayəndələr Palatasının qərarını “dərin təəssüf doğuran məsələ” adlandırmışdı. “Mən qorxuram ki, biz Nümayəndələ Palatasında bu prosesin son həddinə çatmışıq,” – deyə o bildirib.
Eyni zamanda Baş nazir deyib ki, Böyük Britaniyanın mayda Avropa Parlamentinə seçkilərdə iştirak etməsi "qaçınılmaz" deyil.
Mey indi 12 aprelə qədər Avropa Birliyini sazişsiz tərk etməməsi üçün danışıqlar prosesini uzatmağa çalışmalıdır. Bu müddət ərzində o, Nümayəndələr Palatasında Brexit sazişinə dəstək qazanmalıdır.