Siyasi şərhçi məsələyə aydınlıq gətirib
Venesuela Milli Assambleyasının (parlament) sədri Xuan Quaido (Juan Guaido) özünü ölkənin müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edən şəxs elan edib.
Yanvarın 23-də ABŞ prezidenti Tramp Venesuelada müxalifətin liderini prezident kimi tanıyıb.
Venesuelada parlament müxalifətin nəzərindədirsə, onda niyə avtoritarizmdən, diktaturadan danışılır?
Siyasi şərhçi Şahin Cəfərli öz “Facebook” hesabında məsələyə aydınlıq gətirməyə çalışıb.
“Venesuela yaxın illərə qədər demokratik ölkə idi, ən azı seçkilər normal keçirilirdi. Ümumiyyətlə, bütün Latın Amerikasında parlamentarizm ilk dəfə, 1811-ci ildə məhz Venesuelada təşəkkül tapıb. Nikolas Maduro özünün ilk seçkisində, 2013-cü ildə 50,7 faiz səslə qalib gəlib. İndiki parlament – Milli Assambleya 2015-ci ilin dekabr seçkilərində formalaşıb və müxalifət bloku (“Demokratik birliyin dəyirmi masası”) 164 yerdən 109-nu əldə edib. Maduro parlamentin qəbul etdiyi qanunları yerinə yetirməkdən imtina edib, hansı ki, bu, açıq Konstitusiya pozuntusu idi. Nəticədə ölkədə siyasi böhran və ikitirəlik başlayıb,”- şərhçi izah edib.
Şahin Cəfərli deyib ki, Neftin qiyməti aşağı düşdükdən sonra ölkə ağır iqtisadi böhran girdabına yuvarlanıb və xalq arasında dəstəyini itirən Maduro avtoritar rejim qurmağa başlayıb. Parlament 2016-cı ilin oktyabrına Maduroya etimad referendumu təyin edib, lakin hökumətə bağlı olan seçki qurumu referendumu təşkil etməyib. 2017-ci ilin yanvarında parlament Maduronu impiçment edib, prezidentə yaxın Ali Məhkəmə isə bu qərarı qanunsuz sayıb.
Maduro 2017-ci ilin mayında Konstitusiya Assambleyası (KA) adlı yeni orqan təsis edib və iyunda bu quruma seçki keçirib. Milli Assambleya (MA) bu orqanı anti-konstitusion sayıb və müxalifət partiyaları seçkiləri boykot ediblər.
Nəticədə KA-ya yalnız Maduronu dəstəkləyən partiyaların nümayəndələri seçilib, daha doğrusu, təyin olunub. Qərb dövlətləri və əksər Latın Amerikası ölkələri KA-nı tanımayıb. KA 2017-ci ilin avqustunda MA-nı buraxıb və parlamentin funksiyalarını öz üzərinə götürüb. Təbii ki, MA bu qərarı rədd edib və indiyə kimi fəaliyyətini davam etdirir.
“Maduro 2018-ci ilin mayında prezident seçkisi keçirib. Əsas müxalif qüvvələr seçkini boykot edib və Maduro 67,8 faiz səslə qalib elan olunub. MA və onu dəstəkləyən dünya ölkələri seçkini tanımayıblar. Nüfuzunun pik vaxtında və ölkədə vəziyyətin nisbətən yaxşı olduğu dövrdə 50 faizdən bir qədər artıq səs alan Maduronun ölkə aclıq və səfalətə sürükləndikdən sonra böyük xalq dəstəyi ilə seçilməsi yəqin ki, heç kimə inandırıcı görünmür,”- Şahin Cəfərli yazıb.
Venesuelanın prezidenti Nikolas Maduro əleyhinə aksiyalar onun yanvarın 10-da prezident kimi and içərək, ikinci dəfə bu vəzifələri icra etməyə başladıqdan sonra start götürüb. Aksiya bütün ölkəni bürüyüb.
Yanvarın 23-də paytaxt Karakasda parlament sədri Xuan Quaido prezidentin səlahiyyətlərini icra etməyi öz üzərinə götürüb.
Maduronun tərəfdarlarının da aksiya keçirdiyi haqda məlumat verilir. Venesuelada hökumət əleyhinə mitinqlərdə 15 nəfərdən çox adamın öldürüldüyü bildirilir.
N.Maduro 2018-ci ilin mayında keçirilən seçkilərdə qalib elan edilib, andiçmə mərasimini isə 2019-cu il yanvarın 10-da keçirib.
Müxalifət seçiciləri nəticələrinin Maduronun xeyrinə olacağının əvvəlcədən məlum olan seçkiləri boykot etməyə çağırıb.
Seçkilərin legitimliyi və şəffaflığı ABŞ və Avropa İttifaqında suallar yaradıb və seçkilərin nəticələri tanınmayıb.
Tərəfdaşları qarşısında çıxış edən N.Maduro ABŞ-ın Venesueladan getməli olduğunu və ABŞ-ın Venesuelanıın siyasətinə və iqtisadiyyatına müdaxilə etməsindən təngə gəldiyini bəyan edib.