XII əsrin ikinci yarısında ingilislər İrlandiyada gedən daxili çəkişmələrdən istifadə edərək adaya müdaxiləyə başladılar. Bu müdaxilə nəticəsində İrlandiyanın şərq hissəsi İngiltərənin nəzarətinə keçdi. Krallıqda gedən proseslərdən və bəzi başqa hadisələrdən (məsələn, XIV əsrin ortalarındakı taun epidemiyası) asılı olaraq ingilislərin ada üzərindəki nəzarəti gah güclənir, gah zəifləyirdi.
XVI əsrdə ingilis-irland münasibətləri üçün çox önəmli iki hadisə baş verdi. Adanın bütün ərazisinə nəzarət ingilislərin əlinə keçdi. İngiltərə kralı VIII Henrix 1541-ci ildə İrlandiyanı krallıq, özünü də oranın kralı elan etdi.
Başqa bir önəmli hadisə isə daha əvvəl baş vermişdi. VIII Henrix ona heç cür oğlan varis doğa bilməyən, bircə qızından savayı dünyaya gətirdiyi bütün uşaqları körpə ikən ölən Araqonlu Katerinanı boşamaq istəyirdi. Lakin xristianlığın katolik məzhəbində, hansına ki, ingilislər də məxsus idilər, boşanmaq qadağan idi.
Buna görə də xüsusi icazə üçün Roma papasına müraciət edildi. Papa VII Kliment isə bu icazəni vermədi. Qeyd edək ki, papanın belə inadında katolik ehkamlarına riayətdən daha çox Katerinanın qardaşı oğlu, Müqəddəs Roma imperiyasının imperatoru V Karlın qəzəbindən qorxması mühüm rol oynayırdı.
Bir neçə il çəkən yazışmalardan sonra bu ziddiyyət böyük bir tarixi hadisə ilə nəticələndi. 1534-cü ildə parlamentin qəbul etdiyi qərarlara əsasən, İngiltərə kilsəsi Roma papasının tabeliyindən çıxaraq müstəqil oldu və kral bu kilsənin rəhbəri elan edildi. İngiltərə kilsəsinin anqlikanlıq adını alacaq ideologiyası katolisizmin müəyyən ehkamlarını saxlasa da, daha çox protestantlığa yaxın idi.
İrlandiya əhalisi isə katolik məzhəbinə sadiq qaldı. Bu da ingilis və irlandlar arasında mövcud olan ziddiyyətə dini çalar da qatdı. O zaman bütün Avropada önəmli olan bu məzhəb düşmənçiliyi Otuzillik müharibədən sonra xeyli zəifləsə də, eyni sözləri İrlandiya haqqında demək olmaz.
1801-ci ilə kimi Böyük Britaniya (İngiltərə və Şotlandiyanın 1707-ci ildə birləşməsindən sonra dövlətin rəsmi adı) və İrlandiya eyni monarxın başçılıq etdiyi ayrı-ayrı dövlətlər sayılırdı. 1801-ci ildə isə hər iki dövlətin parlamentlərinin qəbul etdiyi İttifaq aktı sayəsində Böyük Britaniya və İrlandiyanın Birləşmiş Krallığı adlı vahid dövlətdə birləşdilər.
Birinci dünya müharibəsindən sonra Avropada imperiyaların çöküşündən və yeni dövlətlərin yaranmasından ruhlanan irlandlar 1919-cu ildə müstəqillik uğrunda silahlı mübarizəyə başladılar. Bu mübarizəyə 1905-ci ildə yaradılan millətçi Şinn Fan (tərcüməsi: biz özümüz) Partiyası və onun hərbi qanadı olan İrlandiya Respublika Ordusu (İrish Republican Army – İRA) rəhbərlik edirdi.
Dünya müharibəsindən sonra maliyyə vəziyyəti acınacaqlı olan İngiltərə irlandların müstəqillik mücadiləsinə yalnız iki il müqavimət göstərə bildi. 1921-ci il dekabrın 6-da imzalanan ingilis-irland müqaviləsi Azad İrlandiya dövlətinin yaranmasını nəzərdə tuturdu. Müqavilədə eyni zamanda qeyd olunurdu ki, əgər protestantların çoxluq təşkil etdiyi ərazilərin əhalisi istərdilərsə, Böyük Britaniyanın tərkibində qala bilərdilər.
Mövzunun çox genişləndirəcək və oxunaqlığına təsir edə biləcək mürəkkəb detallara varmadan qısaca qeyd edim ki, proses adanın 26 qraflıqdan ibarət hissəsində müstəqil İrlandiya Respublikasının (ərazisi 70 273 kv km) və 6 qraflıqdan ibarət Şimali İrlandiyanın (ərazisi 13 843 kv km) yaranması ilə nəticələndi.
İrlandiya Respublikasında yerli katolik əhali əksəriyyət təşkil edirdi. Şimali İrlandyada isə əsasən gəlmə ingilislər və şotlandların hesabına protestantlar çoxluqda idilər. Şimali İrlandiya Birləşmiş Krallığın tərkibində qalır, dövlətin adı da müvafiq olaraq Böyük Britaniyanın və Şimali İrlandiyanın Birləşmiş Krallığı şəklini alırdı.
***
Adanın kiçik də olsa bir hissəsinin Birləşmiş Krallığın tərkibində qalmasından irlandların hamısının məmnun olduğunu söyləmək olmazdı. Bu ərazilərin də İrlandiya Respublikasına qatılması uğrunda mübarizə davam edirdi və bu mübarizənin əsas təşkilatı İRA idi.
Onu da vurğulamaq lazımdır ki, illər ötdükcə Şimali İrlandiyada katolik əhalinin sayı artırdı. Bu, bir tərəfdən onların daha çox kənd yerlərində yaşamaları ilə, digər tərəfdən də katolisizmin boşanma və aborta qəti qadağası ilə bağlı idi.
1960-cı illərin sonlarından etibarən Şimali İrlandiyadakı konflikt daha da güclənməyə başlayır. Katoliklər bir çox sahədə – işə qəbul (xüsusən dövlət orqanlarında), mənzil bölgüsü və s. – ayrı-seçkiliyə məruz qalmalarına etiraz edirlər.
Protetant çoxluq bu etirazlara “Olster loyalistləri”, “Narıncı orden”, “Olster könüllülü qüvvələri” kimi yarımhərbi təşkilatlar yaratmaqla və katoliklərə hücumlarla cavab verir.
İRA isə vəziyyətə hazır görünmür və passiv davranır. Daha radikal mübarizə tərəfdarları Müvəqqəti İrlandiya Respublika Ordusu deyilən təşkilat yaradırlar. Bundan sonra məqaləmizdə İRA deyiləndə də əsasən Müvəqqəti İRA nəzərdə tutulacaq.
Qarşıdurmanın güclənməsi və qurbanların artması Britaniya hökumətini 1969-cu ilin avqustunda Belfast və Derri şəhərlərinə qoşun hissələri yeritməyə vadar edir. Katoliklərin çoxu bu addımı alqışlayırlar, çünki hərbçilərin bitərəf mövqe tutacağına ümid edirlər. Amma bu ümidlər özünü doğrultmur.
1971-ci ilin avqustun 9-11-də Şimali İrlandiyanın paytaxtı Belfastda paraşüt polkunun açdığı atəş nəticəsində 11 katolik öldürüldü. 1972-ci il yanvarın 30-da isə Derri şəhərində “Qanlı bazar günü” adını alan hadisələr baş verdi.
Dinc nümayişin qarşısını kəsən paraşütçülər onlara qarşı rezin güllələr, CS qazı və su şırnaqları tətbiq etdilər. Nümayişçilər buna daş atmaqla cavab verdikdə, hərbçilər döyüş güllələrilə atəş açdılar. Nəticədə 14 nəfər öldürüldü. Onlardan beşi həddi-buluğa çatmayan yeniyetmələr idi.
Bu hadisələrdən sonra Şimali İrlandiyada vəziyyət xeyli gərginləşdi. İrlandiya Respublikasında isə qəzəblənən insanlar Britaniya səfirliyinə hücum edərək binaya od vurdular. Şimali İrlandiyada küçə toqquşmaları, terror aktları intensivləşdi. Ümumən 1972-1975-ci illərdə Şimali İrlandiyada 475 adam həlak oldu.
***
Britaniya hökuməti 1972-ci ildə İRA ilə apardığı danışıqlar nəticəsində həbsxanalardakı təşkilat üzvlərinə xüsusi status (Special Category Status – SCS) tanınmasını öhdəsinə götürmüşdü. Bu, əslində “hərbi əsir” statusuna bərabər idi və İRA üzvlərinə Cenevrə konvensiyasında nəzərdə tutulan imtiyazları şamil edirdi.
Onlar həbsxana paltarı geyinmir, başqa dustaqlar üçün məcburi olan gündəlik işlərdə işləmirdilər. Bundan əlavə, dustaqlar mədəni-kütləvi tədbirlər də keçirirdilər. Məsələn, ana dillərini bilməyən dustaqlara irland dili öyrədilirdi. Bəzən isə bu tədbirlərdə Şimali İrlandiyanın azadlığı barədə mühazirələr oxunur, partizan və gerilya müharibəsinin qaydaları öyrədilirdi.
Lakin belə status-kvo çox çəkmədi. 1976-cı ildə Şimali İrlandiya işləri üzrə nazir Merlin Ris bildirdi ki, martın 1-dən sonra törədilən cinayətlərə görə məhkum olunan dustaqlara SCS şamil edilməyəcək və onlar adi cinayətkarlara bərabər tutulacaqlar. Bu qayda köhnə məhbuslara aid edilmirdi.
Elə həmin 1976-cı ildə Şimali İrlandiyada yerləşən Meyz həbsxanasında İRA məhbuslarını saxlamaq üçün 8 yeni blok tikildi. Onlar quruluşlarına görə H hərfini xatırlatdıqlarından H-blok adı verildi.
1976-cı ilin payızında H-blok ilk məhkumu qəbul etdi. İRA üzvü olan Kiran Nagent avtomobil qaçırmağa görə məhkum olunmuşdu. Həbsxanada onun paltarı alındı və dustaq geyimi verildi. Lakin Nagent özünü cinayətkar hesab etməyərək bu geyimdən imtina etdi və çılpaq qalmamaq üçün yataq adyalına büründü.
Bununla da “adyal etirazı” adlanan aksiya başlandı. 1976-cı ilin sonunda H-blokda dustaq geyimindən imtina edərək adyala bürünən məhkumların sayı 40 nəfərə çatırdı. 1978-ci ildə belələrinin sayı 300-ü keçmişdi. Etirazçıların tələbləri 5 maddədən ibarət idi.
1. Həbsxana uniformasını geyməmək hüququ;
2. Həbsxana işləri ilə məşğul olmamaq hüququ;
3. Digər məhbuslarla əlaqə saxlamaq, maarifləndirici və əyləncəli tədbirlər təşkil etmək hüququ;
4. Hər həftə bir görüş, bir məktub və bir bağlama hüququ (qaydalara görə belə hüquq ayda bir dəfə idi);
5. Etiraz aksiyasında iştiraka görə itirdikləri remissiya hüquqlarının bərpası.
Son tələblə bağlı izah edim ki, qaydalar nümunəvi davaranışa görə dustaqlar üçün bir sıra güzəştlər nəzərdə tuturdu. Bu güzəştlər rejim qaydalarının yumşaldımasından, daha tez-tez görüş, məktub və s. hüquqlardan tutmuş cəza müddətinin yarısını çəkdikdən sonra azadlığa çıxmaq hüququnu ehtiva edirdi.
Etiraz aksiyası isə təbii ki, nümunəvi davranış sayılmadığından, iştirakçılar həmin güzəşt hüquqlarını itirirdilər. Son tələb də məhz bununla bağlı idi. Lakin Böyük Britaniya hökuməti tələblərin qəbulundan imtina etdi.
“Adyal etirazı” ilə yanaşı irland məhbuslar “çirkli etiraz” deyilən aksiya da keçirirdilər. Onlar çimmir, üzlərini, saçlarını qırxmırdılar. Üstəlik öz ifrazatlarını kameralarının divarlarına yaxırdılar.
Həbsxana əməkdaşları mütəmadi olaraq xüsusi vasitələrlə silahlanaraq kameralara hücum edir, məhkumları çıxararaq zorla çimizdirir, saçlarını və saqqallarını qırxırdılar. Bu zaman onlarla, yumşaq desək, heç də kübar davranılmırdı.
Kameraların divarları da yüksək təzyiqli su ilə təmizlənirdi. Lakin geri qayıdan dustaqlar hər şeyə yenidən başlayırdılar. Onlar xüsusən sərt rəftar edən əməkdaşlar barədə məlumatları azadlıqdakı dostlarına ötürürdülər. Müqavimətin davam etdiyi beş il ərzində 19 həbsxana əməkdaşı İRA tərəfindən öldürülür.
Qətllər, terror aktları başqa şəxslərə yönəlik də davam etdirilir. Bunların arasında ən çox rezonans doğuran admiral Luis Mauntbettenin 1979-cu ildə qətli oldu. O, ali rütbəli donanma zabiti olmaqla bərabər kraliça II Yelizavetanın yaxın qohumu – ərinin əmisi idi.
Dörd məhbus saxlanma şəraiti ilə bağlı Avropa İnsan Hüquqları Komissiyasına müraciət etdilər (1998-ci ilə qədər şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə birbaşa müraciət edə bilməzdilər. Onlar eyniadlı komissiya müraciət edir, əgər komissiya şikayəti qəbul edərdisə, iş məhkəməyə göndərilirdi).
Lakin komissiya 1980-ci ilin iyununda şikayəti rədd etdi və mövcud vəziyyəti dustaqların diqqət cəlb etmək üçün özlərinin yaratdıqları qənaətinə gəldi.
Adyal etirazının və çirkli etirazın nəticə vermədiyini görən məhbuslar aclıq aksiyasına başlamağı qərara aldılar. Oktyabrın 27-də başlayan aksiyada 7 nəfər iştirak edirdi. Onlardan altısı İRA, biri isə 1974-cü ildə yaranan İrlandiya milli-azadlıq ordusu (İNLA) üzvü idi. Dekabrın 1-də onlara qadın həbsxanasından 3 məhbus da qoşuldu.
Dekabrın 18-də Britaniya hökuməti şərtləri qəbul etməyə hazır olduğunu bildirdi. 53 gün davam edən, artıq bir iştirakçının komada olduğu aclıq aksiyası dayandırıldı. Amma yanvar ayında məlum oldu ki, hökumət cığallıq edir. Dustaqlar öz istədikləri paltarları geyinmək istərkən, onlara hökumətin seçdiyi mülki geyim təklif olundu.
Belə olduqda irlandlar fevralın 4-də verdikləri bəyanatda böhranın həll olunmadığını, bu işdə Böyük Britaniya hökumətinin müqəssir olduğunu və tezliklə aclıq aksiyasının bərpa ediləcəyini bildirdilər.
***
Aksiyanı martın 1-də, ” Special Category Status”un ləğvinin beşinci ildönümündə başlamaq qərara alındı. Bu dəfə aksiyanın taktikası dəyişdirilmişdi. İndi bir neçə nəfər eyni zamanda aclığa başlamayacaqdı.
Aksiyanın müddətini uzatmaq və hökumətə maksimum təzyiq göstərmək üçün iştirakçılar biri digərindən müəyyən müddət sonra aclığa qoşulacaqdı. Bu taktika “şahmat qaydası” adlanırdı.
Martın 1-də 27 yaşlı Bobbi Sends aksiyaya başlayan ilk şəxs oldu. Martın 15-də Frensis Hyuz, daha bir həftə sonra isə Reymond MakKriş və Petsi O’Hara aksiyaya qoşuldular. İlk üç nəfər İRA, sonuncu isə İNLA üzvü idi.
Aksiyanın başlanmasından beş gün sonra onun önəmini və rezonansını artıran hadisə baş verdi. Böyük Britaniya parlamentinin aşağı palatasının Şimali İrlandiyadan seçilən üzvü Frenk Maqueyr vəfat etdi və həmin dairədə növbədənkənar seçki təyin olundu.
Katolik siyasi təşkilatlar müzakirələrdən sonra qüvvələrini parçalamamağı və Bobbi Sendsin vahid namizədliyini irəli sürməyi qərara aldılar. Aprelin 9-da baş tutan səsvermədə Sends 30492 səs toplayaraq protestantların namizədi Harri Uestə (29046 səs) qalib gəldi və parlamentin ən gənc üzvü seçildi.
Robert Gerard Sends və ya qısaca Bobbi Sends 1972-ci ildə 18 yaşında Müvəqqəti İRA-ya qoşulmuşdu və elə həmin ilin oktyabrında qanunsuz silah saxlamağa görə həbs edilmişdi. 1976-cı ildə azadlığa çıxan Bobbi bir il sonra silahlı atışmada iştirak etdiyinə görə 14 il azadlıqdan məhrum edilir. İndi də parlamentin üzvü seçilirdi.
Bu qələbə aclıq aksiyasının uğurla nəticələnəcəyinə ümidi artırdı. Axı hökumət parlament üzvünün aclıqdan ölməsinə imkan verə bilməzdi. Üstəlik, Sendsin yeni statusu aksiyaya beynəlxalq diqqəti artırdı.
Amma 1979-cu ildən Marqaret Tetçerin rəhbərlik etdiyi hökumətin mövqeyində dəyişiklik baş vermədi. Şimali İrlandiya işləri üzrə nazir Hamfri Atkins “Əgər cənab Sends öz həyatını intiharla yekunlaşdırmaqda israr edirsə, bu onun seçimidir” söylədi.
Müxtəlif vasitəçilərin – katoliklərin ali dini rəhbəri Roma papasının şəxsi nümayəndəsinin, Avropa insan haqları komissiyasının rəhbər şəxslərinin və başqalarının Bobbi Sendslə görüşərək onu aclığı dayandırmağa inandırmaq cəhdləri uğursuz oldu.
Aprel ayında hökumətin güzəştə gedəcəyinə ümidlər olduğu üçün aclıq aksiyasına yeni qoşulanlar olmadı. Amma bu ümidlər boşa çıxdı. Mayın 5-də, aclıq aksiyasına başlamasından 66 gün sonra Bobbi Sends vəfat etdi. Bu hadisə Şimali İrlandiyada vəziyyəti xeyli gərginləşdirdi, katolik-protestant toqquşmaları vüsət aldı.
Baş nazir Marqaret Tetçer hadisəyə belə şərh verdi: “Cənab Sends məhkum olunmuş cinayətkar idi. Ö, özünü öldürmək istədi. Bu onun təşkilatının öz qurbanlarına (yəni, İRA teraktları nəticəsində ölənlərə – Y.S.) tanımadığı seçim hüququ idi”.
Xristianlıqda intihar ağır günah sayılır və belə halda keşişlərə dəfn zamanı iştirak və dini ritualların icrası qadağan edilir. Yalnız başqalarını xilas etmək və digər ali məqsədlər naminə öz həyatını qurban verərsə, bu intihar deyil, fədakarlıq sayılır. Katolik kilsəsi də Bobbi Sendsi intiharçı yox, ali məqsədlər naminə özünü qurban verən fədakar saydı və din xadimlərinə dəfnində iştiraka icazə verdi.
Böyük Britaniya parlamentinin üzvü olan, lakin heç bir iclasında iştirak etməyə macal tapmayan Bobbi Sendsin mayın 7-də Belfastdakı dəfnində 100 mindən artıq irlandiyalı iştirak etdi. Avropa və ABŞ-ın bir çox şəhərlərində Böyük Britaniya hökuməti əleyhinə aksiyalar keçirildi, krallığın bayrağı yandırıldı.
Sendsin vəfatından sonra İngiltərə parlamentinin qəbul etdiyi qanuna əsasən cəza müddətinin bitməsinə 1 ildən çox qalan dustaqlar seçkilərdə namizədliklərini verə və parlament üzvü seçilə bilməzdilər. Beləliklə, başqa irland məhkumun Sendsin yerinə seçilməsinin qarşısı alındı.
Bobbi Sendslə birlikdə aksiyaya başlayan digər 3 nəfər də may ayında vəfat etdilər. Frensis Hyuz mayın 12-də aclığın 59-cu günü vəfat etdi. Martın 22-də eyni gündə aclığa başlayan Reymond MakKriş və Petsi O’Hara elə eyni gündə də vəfat etdilər – mayın 22-də. Bu zaman onların aclığa başlamasından 61 gün keçirdi.
Lakin bu qurbanlarla aclıq aksiyası dayanmadı. May ayında başqa 5 nəfər aksiyaya başladı. Ümumiyyətlə, sentyabrın sonlarına kimi aksiyaya 23 nəfər qoşuldu. Onlardan yeddisi İRA, üçü İNLA üzvü olmaqla 10 nəfər həlak oldu. Onların ən gənci 23, ən yaşlısı 30 yaşında idi.
Yerdə qalan 13 nəfərdən ikisi kəskin ağrılar səbəbindən aksiyanı dayandırdılar. 4 nəfər huşunu itirdikdən sonra ailəsinin razılığı ilə süni şəkildə qidalandırıldı. Bu zaman onlardan biri, hazırda Böyük Britaniya parlamentinin aşağı palatasının üzvü olan Lourens MakKyoun artıq 70-ci gün idi ki, aclıq edirdi.
Bir nəfər ailəsinin eyni seçim edəcəyi xəbərdarlığından sonra aclığı dayandırdı. Digər 6 nəfər isə oktyabrın 3-də aclıq aksiyasının bitməsi elanından sonra saat 15.15-də aclığı dayandırdılar.
***
Sentyabrın 14-də Hamfri Atkinsin yerinə Ceyms Prior Şimali İrlandiya işləri üzrə nazir təyin edilmişdi. Bu dəyişikliyə hökumətin aksiya ilə bağlı siyasətində dəyişiklik eyhamı kimi baxmaq olardı. Tetçer hökuməti zahiri sərtliyini qorusa da və “terrorçularla heç bir danışığa getməyəcəyini” söyləsə də, kulislər arxasında belə danışıqların getdiyi istisna deyil.
Təsadüfi deyil ki, aclıq aksiyasının dayandırılmasından 3 gün sonra Ceyms Prior bəyanat verərək bəzi tələbləri qəbul etməyə hazır olduğunu bildirdi. Danışıqlardan sonra türmə işlərində iştirakdan savayı bütün tələblər yerinə yetirildi.
Lakin irland məhbuslar onsuz da bu işlərə çıxmaqdan imtina edirdilər. Üstəlik, 1983-cü ildə Meyz həbsxanasından qaçışdan sonra bütün emalatxanalar bağlandı. Bununla da 5 il davam edən müqavimətin bütün tələbləri yerinə yetirildi. Bu zaman rəsmən onlara heç bir xüsusi status tanınmadı.
Aclıq aksiyasının davam etdiyi 7 ay ərzində Şimali İrlandiyada gərginlik görünməmiş həddə yüksəldi. Bu dövrdəki toqquşmalarda, hücumlarda, terror aktlarında 34 mülki şəxs olmaqla 61 nəfər həlak oldu. 1981-ci ildə təhlükəsizlik qüvvələri təxminən 30 min plastik güllə işlətdilər, nəticədə 7 nəfər həyatını itirdi. Müqayisə üçün göstərək ki, sonrakı 8 il ərzində bütövlükdə yalnız 16 min plastik güllə işlədildi və 4 nəfər həlak oldu.
İrland respublikaçılarının baş nazir Marqaret Tetçerə nifrəti maniakal şəkil aldı. 1984-cü il oktyabrın 12-də mühafizəkarlar partiyasının qurultayının keçirildiyi Brayton Qrand oteldə baş verən partlayış nəticəsində 5 nəfər həlak oldu, 34 nəfər yaralandı. Lakin Tetçer xəsarət almadı.
***
Şimali İrlandiya konfliktinin 1998-ci il aprelin 10-da imzalanan Belfast razılaşmasından sonra bitdiyi qəbul olunur. Razılaşma Şimali İrlandiyanın statusunu və idarə olunmasını, Şimali İrlandiya və İrlandiya respublikası arasındakı münasibətləri, nəhayət, İrlandiya Respublikası ilə Birləşmiş krallıq arasındakı münasibətləri tənzimləyirdi.
Şimali İrlandiya parlamentinin və hökumətinin (hər iki məzhəbin nümayəndələrinin iştirakı olmaqla 12 nəfərdən ibarət) yaradılması nəzərdə tutulurdu. Şimali İrlandiyaya ərazi iddiasından əl çəkən İrlandiya respublikası onunla bağlı məsələlərdə məsləhətçi statusu qazanırdı.
Belfast razılaşmasının bir sıra maraqlı cəhətləri var idi. Məsələn, qeyd olunurdu ki, Şimali İrlandiyanın əhalisinin çoxu Böyük Britaniyanın tərkibində qalmaq istəyir. Eyni zamanda həmin əhalinin əhəmiyyətli azlığı və İrlandiya adası əhalisinin əksəriyyəti birləşmə tərəfdarıdır. Sənəddə hər iki istək qanuni sayılırdı.
Şimali İrlandiya əhalisinin əksəriyyəti nə vaxtsa İrlandiyaya respublikasına birləşməyə səs verəcəkləri təqdirdə Britaniya və İrlandiya hökumətləri bu seçimi həyata keçirməyə borclu idilər.
Konfliktin iştirakçıları olan hərbiləşdirilmiş təşkilatlar iki il ərzində silahları yerə qoymalı, Böyük Britaniya hökuməti isə ərazidəki hərbi qüvvələrini “normal hədd”ə qədər azaltmalı idi. Belfast müqaviləsi həbsdəki dustaqların azad edilməsini də nəzərdə tuturdu.
Razılaşmaların həyata keçməsi heç də rəvan başa gəlmədi və qoyulan vaxtlara həmişə əməl olunmadı. Bununla belə, prosesin dinc məcraya yönəlməsi qarşısıalınmaz şəkil aldı. Artıq ictimai fikir də sülh tələb edirdi və bunu pozan təşkilat əvvəlki illərdən fərqli olaraq əhalinin dəstəyinə ümid edə bilməzdi.
Belfast razılaşması Şimali İrlandiyaya İrlandiya Respublikası ilə sıx əlaqələri olan Böyük Britaniyanın muxtar ərazsisi kimi status qazandırdı. Hazırda Avropa birliyindən çıxmaq istəyən Böyük Britaniyanın qarşısında duran əsas problemlərdən biri də iki İrlandiyanın qanunla nəzərdə tutulan əlaqələrini pozmamaqdan ibarətdir.
***
Bobbi Sends və əqidədaşlarının aclıq aksiyası bütün dünyada geniş rezonans doğurdu. İndi dünyanın bir çox ölkələrində onların adı verilən obyektlərə, şərəflərinə ucaldılan abidələrə rast gəlmək olar. Ancaq ən maraqlı hadisələr İranda baş verdi.
İran İslam Respublikasının rəhbərliyi Böyük Britaniya səfirliyinin yerləşdiyi, əvvəllər Uinston Çörçillin adını daşıyan küçəyə Bobbi Sendsin adını verdi. Bu isə o demək idi ki, səfirliyin ünvanı göstərilən blanklarda Sendsin adı əks olunacaqdı.
Bu arzuolunmaz vəziyyətdən qaçmaq üçün Britaniya səfirliyi giriş qapısını səfirlik binasının əks tərəfindən qoydu. Bura artıq Firdovsi xiyabanı idi və iranlılar onun adını dəyişməyi özlərinə rəva görə bilməzdilər.
Sonda aclıq aksiyasında həyatını itirən şəxslərin siyahısını təqdim edirik.