Böyük Tzin İmperiyasının imperatriçası – ”Əjdaha” Tsı Si

“Bu qədər zaman hökm sürdüm, amma xalqıma heç bir faydam toxunmadı”.

Source:
45499
Cixi

“Bu qədər zaman hökm sürdüm, amma xalqıma heç bir faydam toxunmadı”. – “Dul imperatriça” Tsı Si

“Dul imperatriça” Tsı Si (Cixi) mancurların Böyük Tzin imperiyasının (1644-1912) ilk və tək qadın lideridir.

Onun siyasi olimpdə de-fakto birinci şəxs olduğu 1861-1908-ci illər barədə təzadlı rəylər var. Hakimiyyət uğrunda fasiləsiz qanlı çəkişmələr, bir neçə yatırılmış üsyan, məğlubiyyətlə nəticələnmiş bir neçə müharibə, hakim zümrənin zəifləməsi, ölkənin texniki və iqtisadi cəhətdən geri qalması – Tsı Sinin siyasi rəqibləri və xarici düşmənləri sayəsində onun hakimiyyət dönəmi əsasən belə xarakterizə edilir. Az qala yarım əsr böyük bir imperiyanı “dəmir əllə” idarə etmiş “dul imperatriça” (1835-1908) rəqiblərinə qarşı amansızlığıyla da məşhurdur. Bəzi tarixçilər onu Avropa tarixinin məşhur intriqaçı qadınlarına – Messalina, Fulviya, Yuliya Aqrippina və Yekaterina Mediçiyə bənzədirlər.

Amma onun hakimiyyəti dönəmində müsbət işarəli hadisələr də az olmayıb -ölkənin orta əsrlərdən müasir dövrə adlaması; elektrikləşmə, dəmir yolu, teleqraf, telefon, Avropa səhiyyəsi, müasir ordu və donanma, təhsil islahatları, Avropa tipli orta və ali məktəblərin açılması, xarici ekspertlərin iştirakıyla konstitusiya mətninin hazırlanması cəhdi, maliyyə islahatları, institusional islahatlar vasitəsilə konstitusiyalı monarxiyanın qurulması prosesinin başlanması, işgəncələrin qadağan edilməsi, qadınların ayaq pəncələrini tənziflə bağlamaq ənənəsinin qadağan edilməsi, qadınlara təhsil almaq və işləmək hüququnun verilməsi və hətta – bəzi araşdırmaçıların yazdığına görə, – ölümündən az əvvəl ümumi seçki hüququ tətbiq etmək fikrinə düşməsi.

****

İmperiyanı qadınların idarə etməsini qadağan edən qanunu mancurlar 17-ci əsrdə qəbul etmişdilər. İki əsr sonra Tsı Si bu qanunu pozmuş, çinlillərin “pərdə arxasından idarə etmək” adlandırdıqlar üsul-idarəni tətbiq etməklə, öz oğlu da daxil, bütün rəqiblərini sıradan çıxarmışdı. Hakimiyyətdə sadəcə naib (regent) kimi təmsil olunan və axıra qədər qəddarlığından əl çəkməyən bu qadının son illərdəki rəsmi titulları beləydi: Mərhəmətli, Xoşbəxt, Nicatverici, Lütfkar, Ən birinci, Qorunan, Sağlam, Dərin düşüncəli, Aydın, Sakit, Möhtəşəm, Sadiq, Uzunömürlü, Sayılan, Ali, Müdrik, Uca, Nur saçan.

Tsı Sinin bir də bir ləqəbi vardı – “Əjdaha”.

Tanınmış zadəgan nəslinə məxsus ailəsi ona Lan Ke (Yaşıl Səhləb Çiçəyi) adını vermişdi. O, digər mancur qızlardan daha savadlıydı, Beşkitabçı konfutsiçilik qanunlarını, qədim Çinin yeddi hərbi kanonu olan “U-Tzin”i və Çini idarə etmiş 24 hakim sülalənin tarixini öyrənmişdi.

Lan Kenin atası məmuruydu, rüşvət almağı xoşlayırdı, enişli-çıxışlı karyerası vardı, bəzi mənbələrə görə, dövlət vəsaitlərdən qeyri-effektiv istifadə ittihamıyla həbs də olunmuşdu. Əvvəllər varlı olan ailə onun ölümündən sonra maddi sıxıntılar çəkməyə başlamış və deyilənə görə, qızcığaz beç uşaqla qalmış anasının xahişinə görə imperator sarayına cariyə getməli olmuşdu.

Çin adətinə görə, Vacib İşlər Palatasının işçiləri zaman-zaman Pekin küçələrində imperator üçün “qız ovu”na çıxır, yaşı iyirmidən çox olmayan gözəl qızları toplayıb Göy Oğluna xidmət üçün imperator sarayına aparır və qruplara ayırırdılar. “Tsin sarayı haqqında qeydlər”də (Yuy Juylin) yazıldığına görə, müsabiqəyə 9 pilləli rütbə dərəcəsinin ancaq ilk 3-nə aid olan məmurların qızları qatıla bilərdilər. 1852-ci ilin yayında imperator Syanfenin hərəminə 28 qız qəbul edilmişdi, onlardan biri Lan Ke idi.

Hərəmdəki bölgü bu şəkildəydi:

imperatorun qanuni arvadı – 1 nəfər;

imperatorun qiymətli cariyəsi – 1 nəfər;

qiymətli cariyələr – 2 nəfər;

üçüncü dərəcəli cariyələr – 4-72 nəfər;

dördüncü dərəcəli cariyələr – 84 nəfər;

5-ci dərəcəli cariyələr – 120 nəfər.

Lan Keni 5-ci dərəcəli qrupa salmışdılar. Bu qrupun cariyələri imperator bağının ən aşağı hissəsində, kiçik evciklərdə yaşayırdılar. Onlar daha şanslı “əmtəələr” üçün paltar, ayaqqabı, kosmetika hazırlayır, onlara digərlərindən daha az qulluqçu xidmət edirdi. Bakirə olanların yuxarı dərəcəyə keçmək şansı daha yüksəkdi – belələrinin adı jetonlara yazılıb imperatorun yataq otağındakı qabın içinə qoyulurdu. İmperator ya özü ordan jeton götürüb xədimə verir, ya da bunu onun ixtiyarına buraxırdı.

Ən sonuncu qrupda olan Lan Kenin bu “lütfə” nail ola bilməsini onun xədimlərə rüşvət verməsilə izah edirlər (Xırda xərclər üçün cariyələrə illik 150 lyan verilirdi). Amma imperatorla ilk görüş uğursuz alınır. Gənc qızın “müqəddəs” otağa girməsilə çıxması arasındakı vaxt o qədər qısa olur ki, hamı onun bir də ora aparılmayacağına inanır. Amma gənc qız ruhdan düşmür, imperatorun maraq və vərdişlərini öyrənməyə başlayır, yenə xədimlərin köməyilə gecələr gizlicə bağı tərk edib məşur kurtizan Sunun yanına gedir, ondan sevgi dərsləri alır. Günlərin birində baş xədim bağa gəzməyə çıxmış imperatorun marşrutunu Lan Kenin evciyinə sarı yönəldir. Hökmdar həmin an “təsadüfən” mahnı oxumağa başlayan qızın səsini eşidib nökərlərə dayanmağı əmr edir, taxt-rəvanından enib onun yanına gedir.

Bu görüşdən sonra Lan Ke Syanfenin sevimli cariyəsinə çevrilir, statusu sürətlə yüksəlir. Amma o arxayınlaşmır, bu halın uzun sürməyəcəyini təxmin edərək imperatorun arvadı Tsianın hörmətini qazanıb onun dəstəyilə mövqeyini möhkəmlətmək qərarına gəlir. Həmin ərəfədə Tsian “təsadüfən” özünü pis hiss edir, xədimin məsləhətilə Lan Keni yanına çağırır və o da gəlib imperatriçanın yataq otağında zəhər tozu “tapır”. Beləliklə, plan baş tutur, Lan Ke tezliklə imperatorun qiymətli cariyəsi elan edilir.

****

Gənc yaşlarından düzənsiz eşq həyat yaşamış imperator Syanfen bir neçə dəfə zöhrəvi xəstəliklərə yoluxmuşdu, amma bir çox kişi kimi, o da övladının olmamasını arvadından görürdü. Halbuki əlaqədə olduğu qadınların heç biri, o cümlədən, Lan Ke də ondan hamilə qalmırdı. Ona görə də Syanfen eşidəndə ki, Səhləb çiçəyi hərəmə gətirilən gənc qızları zərərsizləşdirmək üçün onlara ağır işgəncələr verib öldürtdürür, artıq bezmiş olduğu “qiymətli cariyəsinə” ölüm hökmü kəsir. Bunu eşidən Lan Ke “va-bank” oynayıb ikicanlı olduğunu bəyan edir, sevincdən məst olan imperator ona qiymətli hədiyyələr bağışlayır və 1856-cı ilin yayında doğulan oğlan uşağını – şahzadə Tonqcini öz vəliəhdi elan edir (Bir çox mənbədə qeyd edilir ki, əslində həmin uşağı bir neçə ay bağlı qapı arxasında saxlanan çin əsilli qulluqçu qız dünyaya gətirmişdi və doğuşdan dərhal sonra xədimlər onu öldürmüşdülər).

Bundan sonra Səhləb çiçəyi imperatorun etibarlı referenti rolunda çıxış edir. Onun fenomenal yaddaşı, məsələlərin mahiyyətini dərhal anlamaq və faktlarla hadisələri əlaqələndirmək bacarığı imperatora çox fayda verir. Amma o, qocaldıqca Lan Kedən uzaqlaşır, daha çox arvadı Tsianın yanında vaxt keçirməyə başlayır. Bu, Çində İkinci tiryək müharibəsinin getdiyi zamanlardı (Birincisi imperator Daoquanın dövründə baş vermişdi (1840), Böyük Britaniya tiryək ticarətinə qoyulan qadağaya görə Çin sahillərinə hərbi-dəniz birlikləri çıxarıb Daoquanı güzəştə getməyə məcbur etmiş, amma leqallaşdırma qərarı verməsinə nail ola bilməmişdi. İkinci müharibəni də (1856) bu məqsədlə başlamışdı, bu dəfə fransızlarla birlikdə). Üstəlik, ölkədə həm də vətəndaş müharibəsi (1850-1864) gedirdi (Kvantun əyalətində sosial iğtişaş olaraq başlamış, Taypin Tien-kuo dövlətinin qurulmasıyla müşayiət olunmuş Taypin üsyanı yüzminlərlə insanın həlak olduğu ən qanlı və dağıdıcı vətəndaş müharibələrindən biri sayılır). O günlərdə Səhləb çiçəyi Syanfenə milliyyətcə çin olan istedadlı komandan Tzen Qofanı məsləhət görmüş və generalın 1855-ci ildəki uğurları, taypinlərin mərkəzi şəhəri Nankində onları sıxışdırması Tsı Sinə xeyli nüfuz qazandırmışdı (Syanfenin ölümündən sonrasa imperatriça Tsı Si Taypinq üsyanını yatırmaq üçün müstəmləkəçilərin köməyindən istifadə etmişdi və bu, Çin tarixində ilk belə hadisəydi).

Qeyd: Qərbi Avropa ölkələrinin Çin bazarlarına nəzarət uğrunda mübarizəsi 19-cu əsrin əvvəllərindən start götürür. Tzin imperiyası texnoloji baxımdan ondan çox üstün olan bu ölkələrlə rəqabətə tab gətirə bilmir və bir neçə diplomatik və hərbi məğlubiyyətə uğrayaraq əsrin sonuna yaxın faktiki olaraq yarımüstəmləkə halına düşür. Nə ənənəvi qapalı cəmiyyəti, nə də Yaponiyadakı Meydzi islahatlarına uyğunlaşdırılmış “özünügücləndirmə siyasəti” Avropanın müdaxiləsindən müdafiə olunmağa yetmir. Qeyri-bərabər müqavilənin bağlanmasıyla nəticələnən Birinci tiryək müharibəsindəki məğlubiyyət Çinin parçalanması prosesinin başlanğıcını qoyur. 19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinə qədər Avropa ölkələri, ABŞ və Yaponiyayla 13 qeyri-bərabər müqavilə imzalayan Çin bir çox dəniz limanını itirir, xarici siyasətdə izolə olunmuş vəziyyətə düşür, yerli mədəniyyətə və dini ənənələrə hörmət bəsləməyən missionerlər axınına məruz qalır.

Tiryək müharibələri vəTaypin üsyanı monarxiya üsul-idarəsinin zəif və qüsurlu tərəflərini, Çinin siyasi və iqtisadi geriliyini üzə çıxardı. Amma o zaman mancur aristokratiyası baş verənlərdən dərs çıxara bilmir. Tzin sarayı daxildə və beynəlxalq aləmdə baş vermiş dəyişiklikləri anlamaq iqtidarında olmur. Çinin konservativ dairələri onlara xalq üzərində hakimiyyətin təminatı kimi görünən köhnə qaydaları qorumaqda israr edir. Çinin sosial-tarixi inkişaf mərhələsinə keçməsi üçün yeni daxili və xarici zərbələr lazım gəlir.

Tsı Si aktiv siyasətə başlayanda Tzin imperiyası “bağlı qapılar” siyasətinin acı nəticələrini görməyə başlamışdı. Qərb ölkələriylə toqquşmalardakı uğursuzluqlar cəmiyyətin müxtəlif təbəqələrində müxtəlif reaksiyalar doğurmuşdu.

Yüksək təbəqələrdə hələ də Çinin Avropadan üstün olması inamı hökm sürürdü, amma hətta onlar da anlamağa başlamışdılar ki, ölkənin hərbi gücünü artırmaq lazımdır. Tsı Sinin əhatəsindəki mancur-çin bürokratları hesab edirdilər ki, “özünügücləndirmə” ideyası ilk növbədə ordunun modernləşdirilməsinə və döyüş qabiliyyətinin artırılmasına xidmət etməlidir. Onlara görə, ordu təkcə xarici dövlətlərin aqressiv müdaxiləsini yox, həm də xalq kütlələrinin antihakimiyyət aksiyalarını dəf etməliydi. Qərbin texniki yeniliklərini əxz etmək məcburiyyətində qalan zümrə bu yeniliklərdən “Qərb barbarlarını cilovlamaq” üçün yararlanmağı planlaşdırsa da, monarxiyanın sarsılacağı qorxusuyla konfutsiçi Çinin ənənəvi siyasi-etik əsaslarından bir addım da olsa geri çəkilməyi düşünmürdü.

Kapitalist Qərbin nailiyyətlərindən istifadəyə qarşı çıxanlarsa israr edirdilər ki, dövlətin gücü daha çox xalqın yüksək əxlaqından və təmiz ruhundan asılıdır, nəinki silahlardan. Konfutsi təliminə inanan bu konservativ kəsim sübut etməyə çalışırdı ki, insan silahdan güclüdür və müharibələrdə mənəvi üstünlük hərbi texnikanın üstünlüyündən vacibdir. Bu mübahisədə konservatorlar tərəfdə duran Tsı Si yeni sənayenin yaranmasına da mane olmurdu. Qərb dövlətlərinin narazılığından ehtiyat edən imperatriça,o cümlədən, saray əyanları onları inandırırdılar ki, “özünügücləndirmə siyasəti” yalnız daxili sabitliyi qorumağa, xalq üsyanlarını yatırmağa yönəlib.

İkili effekt verən “özünügücləndirmə” bir tərəfdən Çin sənayesinin böyüməsinə səbəb olurdusa, digər tərəfdən korrupsiyaçı bürokratik nəzarət üzündən ölkənin sosial inkişafını əngəlləyirdi. Amma bütün çatışmazlıqlarına, ziddiyyətlərinə və feodal-monopolist mahiyyətinə rəğmən, bu süni və məcburi dövlət kapitalizmi ağır sənayenin və iri burjuaziyanın inkişafını stimullaşdıracaq daha üstün formaya keçid üçün zəmin hazırlayırdı.

****

Mancur qadınların çoxundan fərqli olaraq Lan Ke çin dilində həm oxuya, həm də yaza bilirdi, üstəlik, xətti də gözəldi. Ona görə də imperator hesabatları xülasə və ya qərarlar yazmağı ona həvalə etmişdi. Bu, sevimli cariyənin tədricən idarəetmə işlərinə qoşulmasına gətirib çıxarmışdı. İlk dövrdə Syanfenq bundan narahat olmuşdu, amma sonra tənbəlliyi güc gəlmiş və o, Lan Kenin bütün işləri ələ almasına imkan yaratmışdı. Bəziləri bu vəziyyəti görüb baş xədim vasitəsilə Səhləb çiçəyinə pul göndərir, o da həvəslə bu pulları götürürdü.

İkinci tiryək müharibəsinin sonlarına yaxın (sentyabr, 1860) Syanfenin əsgərləri Britaniya elçisini həbs edib işgəncə verdilər, sonra da öldürdülər. Buna cavab olaraq ingilislər və fransızlar Pekinə hücum edib şəhəri dağıtdılar, imperatorun yay sarayına od vurdular. Tsı Si hamını şəhərdə qalmağa çağırdı: “Bu xain vəhşilər – ingilislər və fransızlar bizi onlarla görüşə məcbur etmək fikrindədirlər. Bizim istənilən güzəştimiz İmperiya qarşısında borcumuzu pozmaq olardı. Ona görə də biz qoşunlarımıza mümkün olan ən yüksək enerjiylə onlara qarşı hücuma keçməyi əmr edirik”. Orduda nə güc qalmışdı, nə də silah vardı, amma Tsı Si o son dərəcə ümidsiz situasiyada özünün qəhrəman döyüşçü obrazını yaradırdı; imperator sarayı boşalmış, Çin öz maraqlarına zidd olan müqavilələr imzalamışdı və təkcə Tsı Si əsl qəhrəman kimi davranırdı.

Düşmənlərə əsir düşməmək üçün imperator və yaxınları Rexe əyalətinə qaçdılar. Orda Syanfen yenidən Lan Kedən uzaqlaşdı, arvadı Tsian dövlət işlərindən anlamadığı üçün idarəçiliyi knyaz Çenə həvalə edib gəncliyindəki kimi aramsız içməyə və tiryək çəkməyə başladı. Sevimli cariyə onun ölümündən sonra üzləşəcəyi təhlükələri önləmək üçün Tsianın vasitəçiliyilə imperatordan regentlik hüququ “qopardı” (Amma Syanfen gizli şəkildə başqa bir əmr də imzalayıb arvadı Tsiana istənilən an Lan Keni öldürmək hüququ verdi). Artıq onun yeni titulu vardı – Qərb imperatriçası Tsı Si (Mərhəmətli və Xoşbəxtlik bəxş edən). Ənənəyə görə birinci imperatriça Tsianın ölümü onun da ölməsini şərtləndirirdi deyə, Lan Kenin nəinki ondan qurtulmaq şansı vardı, əksinə, onu qorumağa məhkumdu.

Vəliəhdin anasına tanınan regentlik hüququ hakim zümrəni ciddi dərəcədə narahat etdi – onlar üçün bu, hakimiyyətin (bəzilər üçünsə canının) itirilməsi deməkdi. Ona görə də Syanfenin favoriti Su Şun imperatora yaxınlığından istifadə edib qərarı dəyişdirtdi, vəliəhdin qəyyumluğu Regent Şurasına həvalə edildi. İmperat öz ölümündən dərhal sonra Tsı Sinin öldürülməsi haqqında da əmr hazırladı. Xədimlər vasitəsilə bu plandan xəbər tutan “çiçəyi burnunda” imperatriça Tsı Si Syanfenin möhürünü oğurladı. Sonrakı günsə imperator qayıq gəzintisi zamanı “təsadüfən” suya düşdü və soyuqlayıb möhkəm xəstələndi. İmperatriça Tsian Tsı Sini həbs etdirib ərinin qulluğunda durdu, Syanfen ancaq bir neçə ay sonra özünə gəldi.

Bir müddət sonra (1861) imperator vəfat etdi. Tsı Sinin həyatını araşdırmış tarixçilər – həm tənqidçiləri, həm də dəstəkçiləri bu ölümdə onun da payı olduğunu güman edirlər. Kimisi hesab edir ki, imperatriça Syanfeni zəhərləyib, kimisi onun bunu başqalarının əliylə etdiyini düşünür, bəzilərinə görəsə ən azı daha tez-tez tiryək çəkməyə həvəsləndirdiyinə görə Tsı Si imperatorun ölümünü tezləşdirib.

Onun fəndgirliyi hadisələrin sonrakı inkişafında daha bariz şəkildə üzə çıxdı. Syanfenin əmrlərindən biri “itdi” (imperatordan sonra onun da ölməsini nəzərdə tutan əmr), Su Şunun təyinatını təsdiqləyən əmrsə möhürsüz olduğu üçün etibarsız hesab edilirdi. Mövcud siyasi sistem qadının imperator taxtına əyləşməsinə imkan vermədiyi üçün Tsı Si nüfuzlu alimlərdən birini saraya dəvət edib ondan qədim tarixdəki qadın hökümdarların siyahısını hazırlamağı xahiş etdi, məlum oldu ki, o vaxta qədər 8 belə nümunə olub. Sonra o, baş xədimin məsləhətilə uzaq qohumu (həm də sevgilisi olduğu deyilən) zabit Jun Lunu imperator qvardiyasına komandan təyin etdi. Bəzi mənbələrdə Su Şunu və tərəfdarlarını yeni komandanın həbs etdiyi qeyd edilir. Başqa bir versiyaya görəsə imperatriça gizli şəkildə knyaz Qun və knyaz Çenlə görüşür (əlbəttə ki, yenə də baş xədimin köməyilə). Görüşdə qoşunun Pekinə istiqamətləndirilməsi və Regent Şurasının buraxılması haqda razılıq əldə edilir. Su Şuna tabutu Pekinə qədər müşayiət etməyi tapşırmaq və beləliklə də onu prosesdən uzaqlaşdırmaq nəzərdə tutulmuşdu.

Qədim ənənəyə görə, mərhum imperatorun arvadı və oğlu onun tabutunu dəfn mərasimi keçirilən məkanda qarşılamalıydılar. Bu ənənəyə uyğun fərmanda Su Şudan başqa hamıya Pekinə yola düşmək əmr edilir. Belə də olur. İmperator korteji şəhərə daxil olan kimi Qunun ordusu tərəfindən mühafizə edilir, mərasim iştirakçıları zala toplaşandan sonra Qun Regent Şurası üzvlərinin vəzifələrindən azad olunmaları və həbs edilmələri haqqında fərmanı oxuyur. Digər iki fərmanda Tsian və Tsı Siyə “dul imperatriça” statusu verilməsi, vəliəhdin yetkinlik yaşı çatana qədər onların ölkəni birgə idarə edəcəkləri və Qunun knyaz-regent təyin olunduğu yazılmışdı. Geriyə yalnız bir məsələ qalırdı – Su Şunu həbs etmək.

(ardı var)

Ana səhifəAnalitikaBöyük Tzin İmperiyasının imperatriçası – ”Əjdaha” Tsı Si