Bölgələrdən toplanan vergilərin artdığı deyilir

”Əgər, doğrudan da, inkişaf deyilən qədərdisə, onu market və bazarlarda görərdik”

Source:
Vergilər Nazirliyi
Vergilər Nazirliyi


”Əgər, doğrudan da, inkişaf deyilən qədərdisə, onu market və bazarlarda görərdik”

Vergilər Nazirliyi cari ilin 10 ayı ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 576,7 milyon manat vəsaitin daxil olduğunu və bununla proqnoz tapşırığına 111,6 faiz əməl edildiyini açıqlayıb.

“Report”-un nazirliyə istinadən yaydığı məlumatda qeyd olunur ki, regionlar üzrə dövlət büdcəsinə daxil olan vergilərin 74,7 faizdən çoxu qeyri-dövlət sektoruna aiddir:

“2017-ci ilin müvafiq dövrü ilə müqayisədə sənaye üzrə daxilolmalarda 8,2%, ticarət üzrə 19,6%, xidmət sahəsi üzrə 18,6%, kənd təsərrüfatı üzrə 57,6% artım qeydə alınıb. Kiçik və orta sahibkarlıq subyektlərində yoxlamaların sayının minimuma endirilməsi, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə regionlarda qeydiyyatda olan vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının sayı ötən 10 ayda 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 57% azalıb”.

Bildirilib ki, ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün şəhər və rayonlar, o cümlədən öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən 32 şəhər və rayon üzrə büdcə proqnozları yerinə yetirilib. Real sektorda vergi daxilolmalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb. Regionlardan daxil olan vergilərin, demək olar ki, bütün tədiyyələr üzrə əhəmiyyətli dərəcədə artımı qeydə alınıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi üzrə 3,8 faiz, mənfəət vergisi 42,5 faiz, gəlir vergisi üzrə 10,1 faiz, aksizlər üzrə 67,3 faiz, sadələşdirilmiş vergi üzrə isə 22,5 faiz artım qeydə alınıb.

“2019-cu ildə xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan həyata keçirən şəhər və rayonların sayının 34-ə çatdırılması nəzərdə tutulub. Bu amil bir daha regionların inkişafı ilə bağlı yürüdülən siyasətin mühüm göstəricisi kimi rayonların iqtisadi potensialının artırılması, maliyyə xərclərinin və investisiya layihələrinin yerli resurslar hesabına həyata keçirilməsi, bölgələrdə fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarından istifadə olunması və vergi ödəmə imkanlarının artması ilə bağlıdır”, – deyə məlumatda vurğulanıb.

Vergilər Nazirliyinin açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev təklif edir ki, nazirlik yaxşı olardı, artımın hansı vergilər hesabına olduğunu da açıqlasın:

“Bu, çox vacibdir. Dövriyyə və gəlir vergiləri var. Dövriyyə vergiləri artırsa, o zaman söhbət ƏDV, aksizlərdən gedir, malların qiyməti artanda əhalinin büdcəsindən çıxır. Manatın 2018-ci ildəki alıcılıq qabiliyyəti 2005-ci ilə nisbətən 3 dəfə aşağıdır. Bizim üçün vacib olan regionlarda beznesin gəlirlərinin artmasıdır. Gəlir vergisi, insanların işlədiyi əməkhaqqısından vergidir, mənfəət vergisidir. Nazirlik dövriyyə və gəlir vergilərini müqayisə edib nəticəni ortaya qoysun”.

Rövşən Ağayev
Rövşən Ağayev

Rövşən Ağayev deyir ki, belə olan halda regionlardan daxilolmalar artırsa, bu, daha çox nominal dövriyyənin genişlənməsi hesabınadır. Əsas büdcədə faizin necə dəyişdiyidir. Regionlarda inkişaf proqramlarının icrasına baslandığı 13 il əvvəl bölgələrin büdcədə payı 4 faiz ətrafında idisə, indi ən yaxşı halda 3 faizdir.  Ona görə “hər 100 manat büdcənin formalaşmasında regionların payı nə qədərdir” sualına cavab verilsə, daha yaxşı olar”.

İqtisadçı-alim Nazim Bəydəmirli Mikayıl Cabbarovun təyinatından sonra müxtəlif maarifləndirici tədbirlərin artdığını bildirib:

“Təbii ki, şəffaflandırma regionlarda artıma təsirini göstərir və bu haqda deyilənlər inandırıcıdır. Əvvəlki illərdə bu və ya digər formada təkcə Bakıda deyil, həm də bölgələrdə sahibkarın real gəlir və xərclərini nəzərə almadan, dövriyyələrinə baxıb “ödəməli olduqları” müxtəlif rəqəmlər söyləyirdilər. Bəzən bu dövriyyə Vergi Məcəlləsi ilə qoyulmuş 2,4 faiz sadələşmiş vergi dərəcəsini belə üstələyirdi və qeyri-qanuni tələblər qoyulurdu. Görünən odur ki, əvvəlki illərdə kimlərinsə şəxsi maraqlarına xidmət edən “qanunsuz tələblərə” son qoyulub. Bu mənada şəffaflığın artması nəticəsində kifayət qədər dəyişiklik var”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Ancaq Nazim Bəydəmirli qeyri-neft sektoru və regionların özünü maliyyələşdirilməsi barədə fikirləri kifayət qədər nikbin saymır:

“2019-cu ilin dövlət büdcəsində müxtəlif regionlarda gəlirlərin xərcləri üstələməsi, “onlara dotasiya verilmir” fikrinin qabardılması əvvəllər Bakıda vergi qeydiyyatında olmuş bir sıra vergi ödəyicilərinin və ya onların struktur bölmələrinin regionlarda təkrar vergi ödəyicisi kimi qeydiyyata düşməsindən qaynaqlanır. Belə bir süni qeydiyyat prosesi bir neçə illər öncə başladılmışdı və mənim fikrimcə, iqtisadi anlayışa zidd bir proses idi. Məncə, müsbət siqnalların görülməsi üçün kifayət qədər iş görülməlidir. Birinci, məmur sahibkarlığı ləğv olunmalı, inhisarçılıq aradan qaldırılmalı, hər bir vergi ödəyicisinin hüquq və vəziflərinin bərabər olması təmin edilməlidir. Bu islahatlar keçirilməsə, statistikanın neft və qaz əhəmiyyətini “azaldaraq”, qeyri-neft sektorunun inkişafını göstərməyi doğru saymıram. Bunu sübut etmək üçün uzağa getmək lazım deyil, hər bir şəxs yaxınlığındakı marketə baş çəkib hansı malların Azərbaycanda istehsal olunduğunu, hansılarının xaricdən gətirildiyini görə bilər. Əgər, doğrudan da, inkişaf deyilən qədərdisə, onu market və bazarlarda görərdik. Qərəz, iqtisadiyyatın idxaldan asılılığını aradan qaldırmaq üçün, istisadi fəaliyyəti daha da stimullaşdırmaq üçün birinci növbədə bölgələrdən şəhərə köçmüş, iqtisadi miqrasiyaya məruz qalmış yüzminlərlə vətəndaşın geriyə qayıtmasına çalışılmalıdır, özü də inzibati yollarla deyil, stimullaşdırıcı addımlarla. Bu, sadəcə, vergi dəyişikliyi ilə həyata keçməyəcək və bütövlükdə işləyə biləcək, regionların kompleks sosial-iqtisadi problemlərini həll edə biləcək bir Dövlət Proqramının qəbulu sürətlənməlidir. Təbii ki, Vergilər Nazirliyinin iqtisadiyyatı şəffaflandırmaqla, “kölgə iqtisadiyyatını” azaltmaqla bağlı təşəbbüslərinə dəstək verilməlidir. Amma bütün bunlara qədər hökumət dövlət və idarəetmə xərclərini azaltmağı, inhisarçılığı və məmur sahibkarlığını ləğv etməyi də yaddan çıxarmamalıdır”.

Ana səhifəAnalitikaBölgələrdən toplanan vergilərin artdığı deyilir