Entebbe əməliyyatı

İsraillə qarşıdurmalardan terrorçular bəzi dərslər alıblar

Source:


İsraillə qarşıdurmalardan terrorçular bəzi dərslər alıblar

27 iyun 1976-cı il, bazar günü. İsrailin paytaxtı Tel-Əvivdən Parisə uçan, Fransanın “Air France” aviaşirkətinə məxsus A300 təyyarəsi Afinada aralıq enişi edir. Burada o, daha 58 sərnişini mindirərək yerli vaxtla 12.30-da yenidən havaya qalxır və Parisə doğru üz tutur. Onun göyərtəsində 247 sərnişin və 12 ekipaj üzvü var. Lakin Afinada minən sərnişinlərdən dördünün məqsədi Parisə getmək deyil.

Salonda “kəmərləri bağlayın” işarəsi verən işıq sönən kimi bu dörd nəfər ayağa qalxır və əllərindəki tapançaları sərnişinlərə doğru yönəldərək kimsənin tərpənməməsini əmr edirlər. Onlardan ikisi Fələstin Azadlığı uğrunda Xalq Cəbhəsi təşkilatının üzvü olan kişilərdir. Digər ikisi isə Qərbi Almaniyada gerilya fəaliyyəti göstərən İnqilabi özəklər təşkilatından bir qadın və bir kişidir.

Onlar pilot kabinəsinə daxil olaraq uçuşun istiqamətini cənuba doğru dəyişməyi tələb edirlər. Saat 14.58-də təyyarə Liviyanın Benqazi şəhərində eniş edir. Liviyanın gənc lideri Müəmmər Qəddafi fələstinlilərin möhkəm dostu kimi tanınır. Lakin təyyarə burada dayanmır. Yeddi saat çəkən fasilədən sonra yanacaq dolduraraq havaya qalxır və yenə cənuba üz tutur.

Onu əlavə edək ki, sərnişinlərdən hamilə bir qadın doğuş ağrılarının başlanması (və yaxud da simulyasiyası) səbəbindən Benqazidə sərbəst buraxılıb.

Yaşadığı Londona göndərilən qadın İsrail kəşfiyyatına ilk mühüm məlumatları (terrorçuların sayı, cinsi və milli tərkibi, silahları haqqında) verir. Üstəlik, o, təqdim olunan şəkillərdən iki almanı tanıyır, onların Briqitta Kulman və Vilfrid Böze olduqları aydınlaşır.

İsraillə qarşıdurmalardan terrorçular bəzi dərslər alıblar. Onlar heç zaman İsrailin “El Al” aviaşirkətinin təyyarələrini qaçırmağa cəhd etmirlər. Əvvəla, ciddi təhlükəsizlik tədbirləri üzündən bu şirkətin təyyarələrinə silah keçirmək olduqca müşkül məsələdir. Digər tərəfdən, həmin təyyarələrdə həmişə sərnişin qiyafəsində xüsusi xidmətlərin silahlı əməkdaşları olur.

Başqa bir dərs onadan ibarətdir ki, qaçırılan təyyarəni İsraildə yerə endirib hökumətə ultimatum vermək faydasız işdir. İsrail xüsusi təyinatlıları dünyada ən bacarıqlı kommandos sayılırlar. 1972-ci ildə “Qara sentyabr” təşkilatı Belçikanın “Sabena” aviaşirkətinin təyyarəsini ələ keçirərək Tel-Əvivin Lod aeroportunda endirmiş, sərnişinlərin azadlığı müqabilində İsrail həbsxanalarındakı 315 fələstinli dustağın azad edilməsini istəmişdi. Lakin İsrailin Sayeret Matkal dəstəsinin kommandosları heç bir itkiyə yol vermədən terrorçuları zərərsizləşdirə bilmişdilər.

Bunları bilən terrorçular ələ keçirdikləri təyyarəni İsraildən mümkün qədər uzaq məsafədə yerə endirməyi düşünürlər. Bütün dünya, o cümlədən İsrail hökuməti və ordusu təyyarənin uçuş istiqamətini maraq və həyəcanla izləyir. A300, nəhayət, Şərqi Afrikada yerləşən Uqandanın Entebbe şəhərində yerə enir. Bu zaman artıq iyunun 28-i, saat 03.15 idi.

Uqandaya artıq beş il idi ki, o dövrün ən odioz və qəddar diktatorlarından biri olan İdi Amin başçılıq edirdi. Hakimiyyətinin ilk illərində İsraillə normal münasibətləri olan Amin daha sonra sosialist blokuna doğru yönəldi. O, xüsusən Qəddafi ilə yaxın dost idi və ondan tez-tez maddi yardım alırdı. Xarici siyasətdə belə dönüş təbii ki, Fələstin təşkilatları ilə də yaxınlaşmağa səbəb oldu. Məhz bu səbəblərdən qaçırılan təyyarəni Entebbedə endirmək qərara alındı.

Sərnişinləri Entebbe beynəlxalq hava limanının köhnə terminalında yerləşdirən terrorçular (burada onalara daha 4 nəfər fələstinli qoşuldu) tələblərini irəli sürürlər. Onlar 40 nəfəri İsraildə, 13 nəfəri isə Aropanın dörd ölkəsində saxlanılan silahdaşlarının azad edilməsini və 5 milyon ABŞ dolları tələb edirdilər. Bu şərtlərin yerinə yetirilməsinə iki gün vaxt verilir, əks halda girovları öldürməyə başlayacaqlarını bildirdilər.

Entebbe əməliyyatı
Entebbe əməliyyatı

***

İsrail terrorçularla hər hansı bir danışığı qəbul etmirdi. Hesab olunurdu ki, tələblərinin yerinə yetirilməsi terrorçuları növbəti hücumlara, girov qaçırmalarına həvəsləndirə bilər. Buna görə də hər zaman insidenti silah gücünə həll etməyə çalışırdılar.

Bu antiterror əməliyyatı “Sabena” hadisəsi kimi uğurlu da ola bilərdi, 1974-cü ildə Maalot şəhərində 25 məktəblinin ölümü ilə nəticələnən əməliyyat kimi uğursuz da. Lakin bütün hallarda terrorçular anlamalı idilər ki, İsrail vətəndaşlarının girov götürülməsi ilə tələblərinin yerinə yetirilməsinə nail olmaq mümkün deyil. Bu İsrailin rəsmi mövqeyi idi.

Entebbenin İsraildən 3500 km uzaq məsafədə olması, Uqanda rəhbərliyinin düşmən mövqeyi səbəbindən əməliyyat keçirmək, ümumiyyətlə, mümkünsüz görünürdü. Amma 244 nəfəri taleyin ümidinə buraxmaq da olmazdı. Ona görə də bu dəfə İsrail rəhbərliyi tərəddüd keçirirdi.

İsrailin rəsmi mövqeyindən xəbərdar olan girov yaxınları iyunun 28-də Baş nazirin iqamətgahına qarşı hücuma keçməyə cəhd göstərdilər. Onlar terrorçuların tələblərinin yerinə yetirilməsini, doğmalarının qaytarılmasını tələb edirdilər. Aksiya iştirakçılarının qarşısına çıxan nümayəndələr budəfəki hadisənin xüsusiyyətlərini nəzərə alaraq hökumətin danışıqlara gedəcəyini söylədi.

Əslində isə, bu, ictimai rəyi sakitləşdirmək üçün söylənən yalan idi. Baş nazir İshaq Rabin danışıqlara meyl etsə də, müdafiə naziri Şimon Peresin rəhbərlik etdiyi daha radikal qrupun mövqeyi qalib gəldi. İsrail ordusunun kommandosları artıq xilasetmə əməliyyatı üçün hazırlıqlara başlamışdılar. Lakin, ilk növbədə, vaxt qazanmaq lazım idi.

İsrail Uqanda prezidenti ilə əlaqə saxlayaraq terrorçuların tələblərini yerinə yetirəcəklərini, sadəcə bunun üçün zamana ehtiyac olduğunu söylədilər. Onlar İdi Amindən insidentin dinc yolla, qurbansız həllində yardımçı olmasını xahiş etdilər. Əvəzində yəhudi lobbisinin ona Nobel sülh mükafatı verilməsini təmin edəcəyini bildirdilər.

Olduqca şöhrətpərəst adam olan, hətta “Britaniya imperiyasının hamisi və Şotlandiya kralı” kimi titullar qəbul edən İdi Amin bu perspektivdən xeyli məmnun oldu. Digər tərəfdən Amin Afrika Birliyi Təşkilatının iyulun ilk günlərində Mavrikidə keçirilən növbəti sammitində iştirak etməli idi və girovların qətlinə görə orada problemlərlə üzləşmək istəmirdi.

Onun təzyiqi ilə terrorçular İsrailə verdikləri möhləti iyulun 4-ü, saat 13.00-a qədər uzatdılar. İndi böyük ümid bəslənilməyən, lakin əlacsızlıqdan müraciət edilən xilasetmə əməliyyatına hazırlaşmaq olardı.

***

İlk addımlardan bəzi ümidverici hallar ortaya çıxdı. Məlum oldu ki, girovların saxlanıldığı köhnə terminalı İsrail şirkəti tikib. Onun arxivindən terminalın çertyojları əldə edildi və diqqətlə öyrənildi.

Entebbedə isə İdi Amin az qala hər gün girovları ziyarət edir, İsrail hökumətini gec qərar qəbul etməkdə qınayır. Onun terrorçulara rəğbəti açıq-aşkar hiss edilir. Hava limanındakı Uqanda hərbçilərini də artıq terrorçuların müttəfiqi hesab etmək olardı.

Həmin vaxt terrorçular müsadirə etdikləri pasportlar vasitəsilə girovlar arasında seleksiya işi aparırlar. İsrail vətəndaşları əvvəlki salonda qalır, digər ölkələrin vətəndaşları isə (yəhudi olub-olmamasından asılı olmayaraq) başqa salona keçirilirlər. Terrorçular “biz yəhudilərlə deyil, İsraillə savaşırıq” – söyləyirlər.

Girovlar arasında nasist həbs düşərgəsində olmuş bir qadın qoluna döyülmüş rəqəmləri Vilfrid Bözeyə göstərir və baş verənləri həbs düşərgəsi ilə eyniləşdirir. Solçu olan Böze nasistlərlə müqayisəni özü üçün təhqiramiz hesab edərək, “mən nasist deyiləm, idealistəm” cavabını verir. Əvəzində Briqitta Kulman özünü əsl nasist kimi aparır.

İyunun 30-da terrorçular İsrail vətəndaşı olmayan yaşlı, xəstə, uşaqlı analardan ibarət 48 nəfəri azad edirlər. Ertəsi gün yenə İsrail vətəndaşı olmayan daha 100 nəfər azadlığa buraxılır. A300 təyyarəsinin fransalı ekipajına da Entebbedən getmək icazəsi verilir, lakin kapitan Mişel Bakos öz sərnişinlərini tərk etməkdən imtina etdikdə ekipajın digər üzvləri də ona qoşulur.

Yəhudi əsilli Fransa vətəndaşı, 19 yaşlı Jan-Jak Maymoni soydaşlarını tərk etməkdən imtina edərək onlarla qalır. Eləcə də, ABŞ və Fransa vətəndaşları olan iki qadın İsrail vətəndaşları olan ərlərinin yanında olmağa üstünlük verirlər. Beləliklə, terrorçuların əlində 94 sərnişin və 12 “Air France” əməkdaşı qalır.

İsrail hökuməti azad edilən insanlardan gərəkli ola biləcək bütün informasiyanı almağa çalışır. Entebbedə terrorçulara neçə nəfərin qoşulduğu, onlarla Uqanda hərbçilərinin münasibəti, silahlanmaları, girovların terminalın hansı hisəsində saxlandıqları və digər məlumatlar öyrənilir.

Şahidlər yəhudilərə daha bir mühüm məlumat da verirlər. Onlar bildirrilər ki, saat düz 23.00-da girovlara yatmaq əmri verilir. Bundan sonra terrorçular növbə ilə onların başı üzərində gəzişərək keşik çəkirlər. Bu məlumatın niyə mühüm olduğunu daha sonra görəcəyik.

İsraillilər Uqanda hərbçilərinin döyüş bacarığını o qədər də yüksək qiymətləndirmirdilər. İsrail generalalrından biri müdafiə naziri Şimon Peresə “Entebbeni tutmaq üçün 100, Uqandanı tutmaq üçün isə 500 komandos yetərlidir” söyləyirdi.

Əldə olunan bütün məlumatları toplayan İsrail ordusunun Sayeret Matkal xüsusi təyinatlı dəstəsi Yonatan Netanyahunun (İsrailin hazırkı Baş naziri Binyamin Netanyahunun qardaşı) başçılığı altında “Kürəşəkilli ildırım” adı verilən, daha sonralar isə sadəlik üçün “Entebbe əməliyyatı” adlandırılacaq xilasetmə əməliyyatının planını hazırlayıb ordu rəhbərliyinə, onlar da hökumətə təqdim edirlər. Hökumətin təsdiqindən sonra əməliyyat başladı.

***

Plana görə xilasetmə əməliyyatında iştirak edən 100 hərbçi 4 uzaqməsafəli Herkules təyyarəsində havaya qalxacaqdılar. Onları iki Boinq-707 təyyarəsi müşahidə edəcəkdi. Boinqlərdən biri uçan qərargah kimi təchiz olunmuşdu və general Yekutiel Adam oradan əməliyyata rəhbərlik edəcəkdi. İkinci Boinqdə isə səhra qospitalı yerləşəcəkdi.

Təyyarələr o zaman İsrailin işğalında olan Şarm əl-Şeyxdən havaya qalxmalı və Qırmızı dənizin üzərindən cənuba doğru yönlənməli idilər. İsraillə düşmən münasibətdə olan Səudiyyə Ərəbistanı, Misir və Sudan radarlarına düşməmək üçün Qırmızı dəniz üzərində 1500 km-dən artıq məsafəni su səthindən 30 metrdən çox olmayan hündürlükdə uçmalı idilər. Bu, olduqca qorxulu iş idi. Azacıq diqqətsizlik təyyarənin suya toxunmasına və məhvinə səbəb ola bilərdi.

Bundan sonra təyyarələr Keniya ərazisinə daxil olaraq oradan Uqandanın hava məkanına keçməli idilər. Səhra hospitalı olan Boinq Keniyanın paytaxtı Nayrobidə eniş edərək gözləməli idi. Digəri isə Entebbenin üzərində dövrə vuracaq, general Adam buradan rəhbərlik edəcəkdi.

İlk Herkules təyyarəsi digərlərindən 7 dəqiqə tez Entebbe hava limanına enməli idi. Buradakı 29 nəfərlik qrup Yonatan Netanyahunun komandanlığı altında hücum əməliyyatını həyata keçirəcək, girovları azad edəcəkdi. Lakin bir problem vardı. Uçuş-enmə zolağından köhnə terminala 2 km-ə yaxın məsafə vardı.

Bu məsafəni şübhə doğurmadan necə qət etmək olardı?

İdi Aminin girovları ziyarət etməsinin əks olunduğu görüntülərə baxan israillilər bunu yansılamaq qərarına gəldilər. Herkulesin yük yerindən Aminin malik olduğu “Mercedes”in və onu müşayiət edən “Land Rover”in eynisi düşməli və hücum qrupu onlarla terminala yaxınlaşmalı idilər. Üzərində Uqandanın dövlət bayrağının dalğalandığı “Mercedes” hərbçilərdə İdi Aminin Mavrikidən qayıtması təsəvvürünü yaratmalı idi.

Digər Herkules təyyarəsi enənə qədər hücum qrupu Uqanda hərbçilərini və terrorçuları zərərsizləşdirməli, girovları azad etməli idilər. Zirehli transportyorlara da malik olan digər kommandoslar müdafiə mövqeyi tutaraq girovların ilk təyyarə ilə təxliyəsini təmin etməli, uqandalıların təqibin qarşısını almaq üçün aeroportdakı hərbi təyyarələri məhv etməliydilər. Bundan sonra onlar da gəldikləri təyyarələrə minərək geri qayıdacaqdılar.

Geri qayıdarkən Herkuleslər Nayrobidə enəcək və yanacaq dolduracaqdılar. Qeyd edək ki, Keniyanı öz hava məkanını və aeroportunu yəhudilərin ixtiyarına verməyə razı salmaq asan olmadı. Bunsuz isə əməliyyat baş tuta bilməzdi, çünki təyyarələr yenidən yanacaq doldurmadan geri qayıda bilməzdilər.

Əməliyyat zamanı diversantlara da yer ayrılırdı. Onlar başqa yollarla və daha öncə Entebbeyə gəlməli, hava limanının telefon xəttini kəsərək ətraf aləmlə əlaqəsinə imkan verməməli idilər. Hava limanına hərbi yardım gələrdisə, onun da yolunu kəsmək diversantların vəzifəsi idi.

Belə bir mürəkkəb, ağlagəməz plan hazırlanmışdı. İlk Herkules təyyarəsinin pilotu olan Yoşua Şani deyir: “Bu cür planların hazırlanmasına və məşq edilməsinə aylar lazımdır. Bizim isə iki günümüz vardı. Əməliyyatın cəmi 2%-ni məşq etdik, 98%-i isə improvozasiyaya buraxdıq”.

Əməliyyatın ümidsizlik aktı olmasına aşağıdakı nümunə parlaq sübutdur. Baş nazir Rabin əməliyyatın uğur ehtimalını müəyyənləşdirmək üçün Peresə belə suallar göndərir: “Əməliyyat Aminin qayıtması vaxtı ilə üst-üstə düşürmü? Uğur ehtimalı nə qədərdir?” Peres belə cavab verir: “Vaxt üst-üstə düşmür. Hamı deyir ki, bu, mümkün deyil”.

***

Saat 16.15-də başlayan uçun plan üzrə keçdi və gecə saat 12-yə işləmiş ilk Herkules hava limanında eniş etdi. Əməliyyat üçün məhz bu vaxtın seçilməsi təsadüfi deyildi. Azad olunan girovların dediyinə görə, indi girovlar uzanmalı, terrorçular isə ayaq üstdə olmalı idilər. Deməli, onları ayırd edərək zərərsizləşdirmək çətin olmayacaqdı.

Herkulesin yük yeri açıldıqda ordan kommandosların oturduğu “Mercedes” maşını və “Land Rover” cipləri endi və terminala doğru irəlilədilər. Lakin tam sakitliklə irəliləmək mümkün olmadı. Uqanda əsgərlərindən birinin hərəkəti Yonatanda təşviş oyadır və atəş əmri verir. Bununla da hücum edənlər gözlənilməzlik amili kimi üstünlyü itirirlər.

Yerdə və dispetçer qülləsində olan uqandalılar naməlum qonaqlara atəş açmağa başlayırlar. Hücumçuların çoxu onlarla atışmaya girişir. Dəstənin komandir müavini Muki Betser isə kiçik qrupla girovlar saxlanılan zala doğru irəliləyir.

Xoşbəxtlikdən, terrorçular çöldəki atışmanın səbəbini anlamırlar. Onlar israillilərin qəfildən Entebbedə peyda olacaqlarını ağıllarına belə gətirmirlər. Buna görə də girovlara qarşı hər hansı bir addım atmırlar. Betser və dəstəsi qısa atışmadan sonra bütün terroçuları zərərsizləşdir bilir.

Lakin qurbansız da ötüşmür. Könüllü olaraq israilli soydaşları ilə qalan Jan-Jak Maymoni gələnlərin İsrail əsgərləri olduğunu anlayan ilk girov olur. O, sevincdən yerindən sıçrayır və… Betser tərəfindən terrorçu zənn edilərək öldürülür. Daha iki girov da çarpaz atəş altında qalaraq həlak olurlar.

Terrorçular zərərsizləşdirilsələr də, girovları təxliyə etmək hələ mümkün olmur. Çünki çöldə Uqanda əsgərləri ilə şiddətli atışma gedir. Altı kommandos, o cümlədən Yonatan Netanyahu ağır yaralanırlar. Yalnız digər üç Herkulesdəki əsgərlər texnika ilə birlikdə köməyə gələndən sonra uqandalıları susdurmaq mümkün olur. Bu zaman Netanyahunun öldüyü məlum olur.

106 girovdan 102 nəfər sağ-salamat azad edilirlər. Üç girov həlak olur. Girovlardan biri, 74 yaşlı Dora Blox halı pisləşdiyinə görə bir gün öncə Entebbedə xəstəxanaya yerləşdirilmişdi. Ertəsi gün İdi Amin biabırçı məğlubiyyətin acığını bu qoca qadından çıxır. Öldürülən Dora Bloxun nəşi illər sonra İsrailə gətirilərək dəfn edilir.

Gecəyarısına az qalarkən ilk iki təyyarədə girovlar və hərbçilərin bir hissəsi havaya qalxır. Digər kommandoslar Uqanda Hərbi-hava qüvvələrinə məxsus 11 ədəd Miq-17 və Miq-21 təyyarələrini sıradan çıxarırlar. Bundan sonra onlar da Entebbedən ayrılırlar. Saat 2-də sonuncu Herkules yanacaq doldurmaq üçün Nayrobidə eniş edir. Bununla da “Kürəşəkilli ildırım” əməliyyatı inanılmaz uğurla yekunlaşır.

Əməliyyat nəticəsində 106 girovdan 102-i xilas edildi. 4 girov, 1 kommandos itirildi, 7 terrorçu öldürüldü. Həlak olan Uqanda hərbçilərinin sayı barədə yekdil fikir yoxdur. 33 nəfərdən 45 nəfərə qədər göstərilir.

***

Təyyarələr İsrailə dönmək üzrə havada ikən mətbuat xilasetmə əməliyyatının uğurla keçdiyini və girovların azad olunduğu xəbərini yaydı. Minlərlə insan girovları qarşılamaq üçün Ben-Qurion hava limanına axışdı.

Entebbe əməliyyatı İsrailin tarixində müstəsna yer tutur. Girovları azad edib geri qayıdarkən kommandoslardan biri təyyarədə “biz bunu bacardıqsa, hər şeyi bacararıq” söyləmişdi. Ertəsi gün bütün İsrail eyni fikirdə idi. Bu isə bir dövlət, bir millət üçün çox vacib hissdir.

İdi Amin fiaskosunun acığını Dora Bloxla yanaşı ölkədə yaşayan keniyalılardan çıxdı. 100-ə qədər keniyalı öldürüldü, 3 mindən artığı Keniyaya qaçdı. Uqanda suverenliyinin pozulmasını əsas gətirərək BMT Təhlükəsizlik Şurasının çağırılmasını və İsrailin qınanmasını tələb etdi.

Lakin Şura nə İsraili, nə də terrorçulara yardıma görə Uqandanı qınayacaq heç bir sənəd qəbul etmədi. Baş katib Kurt Valdhaym bəyan etdi ki, İsrailin aksiyası BMT üzvü olan dövlətin milli suverenliyinin kobud pozuntusudur. Cavabında İsrailin BMT-dəki nümayəndəsi, gələcək prezident Haim Hersoq aşağıdakıları söylədi:

“Bizim Şuraya cavabımız çox sadədir: Biz törətdiyimizlə fəxr edirik, çünki İsrailin vəziyyətində olan (bu vəziyyətlə Şura üzvləri yaxşı tanışdırlar) kiçik bir dövlətdə insan ləyaqətinin, insan həyatı və azadlığının ali dəyərlər olduğunu nümayiş etdirdik. Biz təkcə kişi, qadın, və uşaqlardan ibarət yüzdən artıq insanın xilası ilə deyil, etdiklərimizin insan azadlığı işinə töhfəsi ilə də qürur duyuruq”.

Keniyanın xilasetmə əməliyyatı çərçivəsində İsraillə əməkdaşlıq etməsində kənd təsərrüfatı naziri Bryus Makkenzi müstəsna rol oynadı. İdi Aminin göstərişi ilə Makkenziyə qarşı sui-qəsd təşkil edildi. 1978-ci il mayın 24-də təyyarəsinin partladılması nəticəsində öldürüldü.

Qərbi Almaniya xilasetmə əməliyyatını “özünümüdafiə əməliyyatı” adlandırdı. Fransa, İsveçrə, İngiltərə İsrailə haqq qazandırdı. Amerikada bir çoxu xilasetmə əməliyyatının ABŞ-ın İstiqlalal Bəyannaməsinin qəbulunun 200 illiyində baş verməsini vurğuladı.

O dövrdə İsraillə çox yaxşı münasibətləri olan İran Sayeret Matkal kommandoslarının müstəsna qabiliyyətini qeyd edərək girovların azad olunması münasibətilə təbrik etdi, “Yonatan Netanyahunun şəhid olmasından” isə üzüldüyünü bildirdi.

1972-ci il Münhen olimpiadasındakı uğursuzluqdan sonra xilasetmə əməliyyatları ilə bağlı tərəddüdlər yaranmışdı. Məsələn, 1975-cı ildə “Karlos Çaqqal” ləqəbli terrorçi Vyanada OPEC ölkələrinin nazirlərini girov götürəndə tələblərini yerinə yetirmək qərara alındı.

“Kürəşəkilli ildırım” isə dövlətləri antiterror əməliyyatlarına həvəsləndirdi. Getdikcə daha çox ölkə terrorçularla danışıq aparmaqdan imtina etməyə başladı. İsrailin özündə isə əməliyyatı həlak olan komandirin şərəfinə “Yonatan əməliyyatı” adlandırmağa üstünlük verdilər.

P.S. İsrail kommandoslarının əməliyyatı qeyri-adiliyinə görə dərhal kinemotoqrafın diqqətini çəkdi. Bir il ərzində “Entebbedə qələbə”, “Entebbeyə reyd”, “Yonatan əməliyyatı” adlı üç bədii film çəkildi. Dördüncü film isə bu il çəkilib və “Entebbe” adlanır. Həmin film ABŞ-da “Entebbedə 7 gün”, Rusiyada isə “Kürəşəkilli ildırım əməliyyatı” adı ilə göstərildi.

Ana səhifəAnalitikaEntebbe əməliyyatı