”Direktor müəllimlərə dərsin 1 saatını 25 manatdan satır”

Qusarda məktəb direktoru rüşvət almaqda günahlandırılır

Source:
Qusarda məktəb
Qusarda məktəb


Qusarda məktəb direktoru rüşvət almaqda günahlandırılır

“Direktor Zərifə Saruxanova müəllimlərdən qanunsuz olaraq pul yığır. Bu yaxınlarda, o, ibtidai sinif müəllimlərinə işdən çıxarmaq bəhanəsi ilə hədə-qorxu gələrək, onlardan rüşvət aldı”.

Bunu Meydan TV-yə işini itirmək qorxusu ilə adını açıqlamaq istəməyən Qusar rayonu, Əvəcuq kənd tam orta məktəbinin ibtidai sinif müəllimi deyir. Onun sözlərinə görə, bir müddət öncə direktor Zərifə Saruxanova müəllimlərə 2-ci və 4-cü siniflərin birləşdiriləcəyini bildirib:

“Dedi ki, siniflərin komplektləşməsini və iki nəfər müəllimin ixtisar olmasını istəmirsinizsə, pul verin. Mən nə qədər maaş alıram ki, onun yarısını kiməsə verim? Etiraz etdim, pul verməyəcəyimi bildirəndə, cavabında məni işdən çıxarmaqla hədələdi, “Pul verməsən, yaxşı yol” – dedi. Məcbur olub, direktora 50 manat verdim. Məktəbdə beş nəfər ibtidai sinif müəllimi var, bizdən ümumilikdə, 700 manat yığıldı. Birləşdirilməsi nəzərdə tutulan siniflərin birində 11, digərində isə 14 nəfər şagird təhsil alır”.

Şikayətçinin dediyinə görə, valideynlər də siniflərin birləşdirilməsinə etiraz edir: “Hazırda kənddə əməlli-başlı qalmaqal yaşanır”.

Zərifə Saruxanova
Zərifə Saruxanova

Müəllimlər məsələ ilə bağlı Təhsil Nazirliyinin “qaynar xətt”inə müraciət etmək istəyiblər:

“Lakin alınmadı, nazirlikdə anonim zənglərə baxılmırmış. Neyləyək, anonim müraciət etməyə məcburuq, çünki işimizi itirməkdən qorxuruq. Bir sözlə, direktorun özbaşınalıqlarından cana doymuşuq. Anlaya bilmirəm, bu ölkədə bir sinifə təhsil verəcək qədər vəsait yoxdur? Saat bölgüsünə görə də müəllimlərdən rüşvət alınır. Hələ keçən il məktəbdə 10 və 11-ci sinifləri ləğv edirdilər. Məktəb doqquzillik olacaqdı. Zərifə Saruxanova yenə müəllimlərdən 2 min manat pul yığdı, guya məsələni həll etdi”.

Məktəbin kərgüzarı Xatirə Məmmədova da şikayətçidir:

“Keçən il müəllimlərdən 2 min manat pul yığıldı. Təşkilatçı Azad Muradov gəldi, məndən bir aylıq əməkhaqqımı istədi. Dedim ki, müəllim deyiləm, niyə pul verim? Pul vermədiyimə görə Azad hamının yanında məni təhqir etdi, üstəlik, itələdi. Mən də özümü itirdim, ürəyim getdi. Təcili Tibbi Yardım çağırıldı, mənə iynə vuruldu. O adam müəllimlərdən pulu alır, direktora verir, yarısını da özü yeyir”.

X.Məmmədova deyir ki, hadisə ilə bağlı Qusar Rayon Prokurorluğuna şikayət ərizəsi yazıb. Həmçinin Təhsil Nazirliyinə müraciət edib:

“Həmçinin Baş Prokurorluğa da yazdım ki, Azad Muradov məni təhqir edib və itələyib. Məni Qusar Rayon Təhsil Şöbəsinə çağırdılar. Susdurmaq üçün maaş kartıma 100 manat pul köçürüldü. Mənə mükafat yazdılar ki, başqa yerlərə şikayət etməyim. Lakin Təhsil Nazirliyinin “qaynar xətt”inə zəng edib bildirdim ki, direktor məni işdən çıxarıb, yerimə başqa bir qadını gətirmək istəyir. Çünki direktor rahat dayanmırdı, artıq məni məktəbdən uzaqlaşdırmaq istəyirdi. Həmin qadın Zərifə Saruxanovaya 3 min manat göstərib. Zərifə də min cür hoqqa çıxardı ki, məni işdən uzaqlaşdırsın, amma bacarmadı. Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Musatafayev də söhbətə qarışdı, sonra ara sakitləşdi”.

Xatirə Məmmədova deyir ki, 10 ilə yaxındır Əvəcuq kənd tam orta məktəbində kargüzar işləyir. Aylıq əməkhaqqı da 140 manatdır. “Mən o pulla 5 uşaq saxlayıram” – söyləyir:

“Məktəbdə özbaşınalıq, haqsızlıq hökm sürür. Direktor hələ də mənə işdə maneələr törədir. Ayrıseçkilik qoyur, gözümçıxdıya salır. Bu qadın 10 ildir ki, direktor işləyir. Müəllimlərə dərsin 1 saatını 25 manatdan satır. İnformatika, əmək təlimi, riyaziyyat, rus dili daxil olmaqla bütün müəllimlərdəm pul yığılır. Qusar Rayon Təhsil Şöbəsindən Zərifə Saruxanovaya şərait yaradıblar, heç kim ona “gözün üstə qaşın var”, – deyə bilmir. Kefi necə istəyir, elə də edir”.

Məktəbin digər fənn müəllimləri isə aşağı siniflərin birləşdirilməsindən xəbərsizdirlər. Coğrafiya müəllimi Emin Məmmədov “Məktəbdə 15 saatım var. Direktor məndən pul istəməyib. Hətta istəsələr də, verə bilmirəm,”- deyir.

Qusarda məktəb
Qusarda məktəb

İngilis dili müəllimi Fəridə Babayev isə “aşağı siniflərdə dərs saatlarım yoxdur deyə elə bir söhbət eşitməmişəm. Mənə məktəb direktoru tərəfindən hansısa təzyiq, hədə-qorxu olmayıb, pul tələb edilməyib. Məncə, yalan söhbətdir,” – söyləyir.

Azərbaycan dili və ədəbiyyat müəllimi Etibar Həkimov “Şəxsən məndən pul istəyən olmayıb,”- deyə bildirir:

“Məndən heç, hətta təhsil şöbəsinin müdirinin özü belə pul istəməz”.

Direktor müavin Alim Bağışov “Mən heç nə bilmirəm. Direktor özü vəziyyəti izah edər. Elə bir söhbət oldu, amma siniflər birləşdirilmədi. Siz ən yaxşısı, direktorla danışın,”- dedi.

Məktəbin direktoru Zərifə Saruxanova isə Meydan TV-nin müxbiri ilə görüşməkdən və sualları cavablandırmaqdan imtina etdi. O, telefon danışığı zamanı işinin çox olduğunu dedi:

“Məgər müəllimlərdə pul var ki, yığaq? Pul nə gəzir? Kim yığıb o pulu? Elə bir şey yoxdur, sizə yalan məlumat veriblər. İndi işim var, hazırda məktəbdə deyiləm, sabah gələrsiniz, danışarıq. Siniflərin birləşməsinin mənə heç bir dəxli yoxdur, maaşıma təsir etmir. Nə müəllimlərdən pul yığmağın, nə də ki, siniflərin birləşdirilməsinin mənə heç bir xeyri yoxdur. Xatirə xanım əzəldən belədir. Şikayət etmək, məktəbə ləkə yaxmaq onun çoxdankı adətidir. Onun ali təhsili var, müəllim işləmək istəyir. Deyirəm ki, imtahandan keç, mən də səni müəllim götürüm. İmtahansız müəllim olmaq hazırkı tələblərə cavab vermir. Kollektivlə qəsd-qərəzlik aparır. Məktəbdə ondan başqa şikayətçi yoxdur. Bu, birinci dəfə deyil. O, 6-7 ildir ki, məktəbdə işləyir. Bu illər ərzində onun peşəsi, işi müxtəlif instansiyalara şikayətlər yazmaqdır. Gəliblər, yoxlayıblar, heç nə çıxmayıb.

Siniflərin birləşdirilməsi məsələsinə gəlincə, ərazi maliyyə hesablaşma mərkəzi ilə danışdım. Xahiş etdim, bu il istisna hal kimi siniflər birləşdirilməsin. Çünki bir müəllim havada, işsiz qalırdı. Sadəcə xahiş etdim, zəng etdim, vəssalam. Nə pul yığmaq? Müəllimdə pul var?”

Qusar Rayon Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev Meydan TV-yə açıqlamasında siniflərin birləşməsi prosesinin dayandırıldığını deyib. Söyləyib ki, siniflərin komplektləşməsi ərazi maliyyə hesablaşma mərkəzində yaranan maddi vəsait çatışmazlığına görə idi:

“O məsələ artıq həll olundu. Maliyyə problemi vardı deyə siniflər birləşdirilirdi. Qanunvericilikdə siniflərin birləşdirilməsinə icazə verilir. Regionda komplekt siniflərlə işləyən xeyli sayda məktəb var. Şagird sayı az olduğuna görə siniflər birləşdirilir. Valideynlər bunu bilmir. Onlara bu təcrübəni izah etdik. Bu işə 2 saylı ərazi maliyyə hesablaşma mərkəzi baxır. Mən maliyyəçi deyil, təhsil işçisiyəm. Biz onlara çoxsaylı müraciət etdik ki, valideynlər arasında qalmaqal var. Razılıq aldıq, yenidən sinifləri ayırdıq. Bütün bu olanları rayon rəhbərliyi də, orqanlar da bilir. Hazırda məktəbdə sakitlikdir, hər şey öz qaydasında gedir. Bütün bu söhbətlər məktəbdəki həmin xanımın işidir, direktorla yola getmir”.

Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətindən və Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmadı.

Ana səhifəBölgə”Direktor müəllimlərə dərsin 1 saatını 25 manatdan satır”