Ödənişsiz efir vaxtı yalnız İctimai Televiziyada olacaq
Martın 19-dan Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkisinin təşviqat kampaniyası start götürür.
Seçki qanunvericiliyinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır. Seçki gününə 1 gün qalmış, aprelin 10-da səhər saat 08.00-da təşviqat kampaniyası dayandırılacaq və həmin gün sükut günü elan ediləcək.
Təşviqat zamanı ödənişsiz efiri yalnız İctimai Televiziya təklif edir.
İctimai Televiziya eyni zamanda ödənişli efir vaxtı da elan edib, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi üçün minimum 20 manat, maksimum qiyməti isə 50 manat müəyyən edib.
İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazım olacaq. Kanal bildirib ki, ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər.
“Xəzər” TV isə axşam saatlarında dəqiqəsi 6 min manata efir vaxtı təyin edib.
Azərbaycanda növbəti prezident seçkiləri 2018-ci ilin oktyabr ayında keçirilməli idi. Fevralın 5-də prezident İlham Əliyevin sərəncamı ilə ölkədə növbədənkənar prezident seçkiləri aprelin 11-ə təyin edildi.
MSK bugünə qədər prezidentliyə səkkiz nəfərin namizədliyini təsdiq edib – hazırki dövlət başçısı İlham Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyev və namizədliyi AXC Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.
Müxalifət partiyaları seçkini boykot etdiklərini bəyan ediblər.
Bu il keçiriləcək seçki nəticəsində prezident ilk dəfə olaraq yeddi il müddətinə seçiləcək.