Zərdüşt Əizadə: ”Dağlıq Qarabağ Heydər Əliyevə özünün yüksək vəzifələrə çəkilməsi və ailəsinin rifahı üçün əsas şərtlərdən biri idi”
ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, hazırda isə Rusiya Xarici Kəşfiyyat İdarəsinin sədri olan Vyaçeslav Trubnikov “Baltnews” agentliyinə
müsahibəsi
ndə eks-prezident Heydər Əliyevlə bağlı məlumat verib.
Qarabağın nizamlanması prosesinə toxunan Trubnikov deyib ki, Heydər Əliyev Ermənistana ərazi güzəştləri etməyə razı idi.
“Mərhum Heydər Əliyev və Robert Koçaryan, üstəgəl Dağlıq Qarabağ rəhbərliyi bizi çox düzgün başa düşürdülər. 2000-ci ilin aprelində biz Florida ştatında Ki-Uestdə görüşdük. Biz düstur tapdıq: Beynəlxalq Valyuta Fondunun pulu ilə Azərbaycandan cənuba və Ermənistandan Stepanakertə dəhlizi təmin etmək olardı. Amma Heydər Əliyeviç… O, əvvəlcə heç kimə demirdi, yaxın həmkarlarına danışdıqda isə onlar “Necə yəni, ərazilərimizin hissələrini verəcəyik?” deyə şaha qalxdılar”, deyən sədr təfsilatı açıqlamayıb.
Keçmiş həmsədr Vyaçeslav Trubnikovun sözlərinə görə, planda sülh əldə olunduqdan sonra münaqişə zonasına MDB-dən sülhməramlı qüvvələr göndərilməsi nəzərdə tutulurdu.
Azadlıq Radiosunun Ermənistan xidməti ölkənin keçmiş xarici işlər naziri
Vardan Oskanyanın
yazılarından belə bir məqamı xatırladır.
“Əliyevin atası oğlunu Qarabağ problemindən qurtarmaq və ona mümkün müharibə təhlükəsindən azad ölkə qoyub getmək istəyirdi. Əliyev belə bir kompleksli qərarı Naxçıvanla maneəsiz dəhliz yaradılması əvəzində, Dağlıq Qarabağı Laçın dəhlizi ilə birlikdə Ermənistana verməkdə görürdü. Ki-Uestdə buna razılıq verən Heydər Əliyev Bakıya dönəndə bu razılaşmadan imtina elədi və proses dalana dirəndi”, – Vardan Oskanyan deyir.
“Turan”
V.Trubnikovun fikirlərini belə şərh edib: Həmin vaxt rəsmi Bakı gözlənilmədən həmsədrlərin Azərbaycan və Dağlıq Qarabağ üçün təklif etdiyi “ümumi dövlət” formulunu dəstəkləmişdi. Bundan dərhal sonra xarici siyasət üzrə dövlət müşaviri Vəfa Quluzadə, bir müddət sonra isə XİN rəhbəri Tofiq Zülfüqarov və prezidentin köməkçisi Eldar Namazov vəzifələrindən istefa etdiklərini bildirmişdilər.
“İstefaların səbəbini heç kim rəsmi olaraq açıqlamırdı, amma onlar şəxsi söhbətlərdə Əliyevin Naxçıvana dəhliz müqabilində Qarabağa müstəqillik verməyə hazır olduğunu etiraf edirdilər.
Bu, Amerikanın nizamlama planı idi, Ermənistan parlamentində 8 deputatın, parlamentin spikerinin və baş nazirin güllələndiyi terror aktından sonra pozulmuşdu”- Turan İA belə yazıb.
Meydan TV Vyaçeslav Trubnikovun və Vardan Oskanyanın söylədikləri haqda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov və prezidentin sabiq köməkçisi Eldar Namazovla əlaqə saxlamağa cəhd edib. Tofiq Zülfüqarov bu məsələni şərh etməmək qərarına gəldiyini bildirsə də, Eldar Namazovla əlaqə saxlamaq mümkün olmayıb.
Siyasi şərhçi Zərdüşt Əlizadə isə hər iki şəxsin söylədiklərinin həqiqət olduğunu və “Turan”ın şərhini bölüşdüyünü bildirib: “Bu barədə Ki-Uestdə iştirak edən rəsmi şəxslər sussalar da, bir müddət sonra tədricən müzakirənin detalları müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılırdı”.
Şərhçi iddia edir ki, Ki-Uest görüşü sabiq prezidentin 1969-cu ildən apardığı siyasətin nəticəsi sayılmalıdır.
Z.Əlizadə bildirib ki, hələ sovet dövründə Heydər Əliyev Siyasi Büroya seçilmək və imperiyanın paytaxtından təşəkkür almaq üçün mərkəzin bütün göstərişlərini yerinə yetirirdi: “Kimlərsə mənim dediklərimi yalan olduğunu söyləyəcək, amma gedişata baxın. 1970-ci illərdən Ermənistana güzəştlər həyata keçirilirdi. Dağlıq Qarabağda ermənilərin sayı süni şəkildə artırdı, separatçı elementlər güclənirdi və Azərbaycan SSRİ-nin rəhbərliyi azərbaycanlıların sıxışdırılmasına qarşı heç bir tədbir görmürdü. Məqsəd bir idi: Moskvanın dəstəyilə hakimiyyətini möhkəmləndirmək. Ardınca Heydər Əliyev Siyasi Büroya seçildi və əlaqələr qurdu, imperiya dağılanda isə həmin əlaqələrdən istifadə edərək yenidən hakimiyyətə qayıtdı”.
Z.Əlizadə sual edir: “Əgər Heydər Əliyev güzəştə getməyəcəkdisə, niyə Səfər Əbiyevi müdafiə naziri və Rusiyanın adamı hesab olunan Nəcməddin Sadıqovu Qərargah rəisi saxlayırdı? Axı bu zabitlərin birinci Qarabağ müharibəsindəki fəaliyyəti hamıya bəlli idi. Beləliklə, atəşkəs Əliyevə sərf edirdi, çünki o, bununla ölkəni ailəsinin özəl şirkətinə çevirmək istəyirdi və niyyətinə nail oldu. Bugünkü Azərbaycan gerçəkliyi mənim dediklərimi təsdiqləyir və kim razılaşmırsa, mübahisə etməyə hazıram”.
Siyasi şərhçi onu da əlavə edib ki, üç həmsədr dövlətin maraqları Azərbaycanın ərazi bütövlüyünə qarşıdır: “Baxın, Ermənistan işğal etdiyi əraziləri qaytarmayacağını açıq bildirir. Həmsədr dövlətlər isə Azərbaycana deyir ki, BMT-nin nizamnaməsində nəzərdə tutulan özünümüdafiə hüququndan istifadə etmə, müharibə aparma və Ermənistanla danışığı davam etdir. Beləliklə, danışıqlar sonsuza qədər uzanır və Qarabağ problemi Fələstin probleminə çevrilir. İndi kim təkzib edə bilər ki, böyük dövlətlər bu münaqişədən istifadə edib Cənubi Qafqazı gələcəkdə Yaxın Şərq kimi xarabazara çevirməyəcək? Azərbaycanda isə Qarabağı unudan nəsil yetişir. Bir daha deyirəm, Dağlıq Qarabağ Heydər Əliyevə özünün yüksək vəzifələrə çəkilməsi və ailəsinin rifahı üçün əsas şərtlərdən biri idi. Və o, buna nail oldu”.