Xədicənin pozitivliyi…

Qadın dirənişinə susamış ölkəmiz…

Source:

Jurnalist Xədicə İsmayılın həbsdən çıxandan sonra Azadlıq qəzetinə verdiyi müsahibə mənə stimul verdi. Xədicə, həbsdə olduğu müddətdə də ictimaiyyətə xeyli pozitiv mesajlar ötürürdü. Həmin mesajlar cəmiyyətin ictimai fəal təbəqəsinə xeyli stimul verirdi. Bu barədə müsahibəsində belə qeyd edir:

“Ən çox qorxduğum o idi ki, dostlarım, həmkarlarım depressiyaya düşərlər. Çünki özüm o məqamları hər dəfə dostlarım həbsə düşəndə yaşamışam. Bəzən adam özünü gücsüz hiss eləyir və s. Çalışırdım ki, məndən nigaran qalmasınlar. Fikirləri daha effektiv işə cəmlənsin. Mən çox şad idim ki, baş verəcəyindən narahat olduğum depressiyanı görmədim”.

Depressiv halın yaşanmaması məhz Xədicənin ictimaiyyətə ünvanladığı məktublardakı pozitiv əhval-ruhiyyə ilə birbaşa əlaqəli idi. Faktiki olaraq görürük ki, həbsin yaratdığı məhrumiyyət, məhdudiyyət və digər neqativ hallara dözümlülüyü bir çoxları bacarmır.

Ətrafımda olan xanımların əhval-ruhiyyəsi pozulanda və onların həyatdan şikayətin eşitdikdə, Xədicə İsmayılın həbsxanadan yolladığı pozitiv mesajları xatırladırdım. Onlara məhbəsin yaratdığı məhdudiyyətə rəğmən Xədicənin mətanətindən və mübarizəsindən xəbər verir, öz azad həyatları ilə həbsdə olan birinin arasında müqayisə etmələrini və nəticə çıxarmalarını bildirirdim. Sözlərimin onlara təsiri olanda sevinirdim.

Azərbaycan qadınlarına həyat mübarizəsi aparmaq üçün Xədicə kimi qadınların həyatlarından tez-tez bəhs etmək lazımdır. Onlara azadlığın necə şirin nemət olduğunu aşılamaq gərəkdir. Çünki azad qadın özü kimi azad övlad yetişdirir, onu mübarizəyə hazırlayır. Despotik rejimlərə isə qadınlıq şərəfindən məhrum mütilər gərəkdir ki, onların övladları da itaətkar olsunlar…

Buna isə maksimum dərəcədə imkan verməməli, əlimizdən gələni etməliyik ki, qadınlarımız azad təfəkkürə yiyələnsinlər. Bir şeyi yaxşı dərk etməliyik ki, azad ruhlu qadınların hesabına azad gələcək qurmaq şansımız daha realdır. Bir yerdə oxumuşdum ki, intellekt uşağa genetik olaraq ən çox anadan keçir. Bu vacib məqamdır. Həm də hamımıza bəllidir ki, uşaq ən çox anası ilə vaxt keçirir. Bir daha qeyd edirik ki, bəzən cəmiyyəti tərbiyə edən daha çox qadınlar olur. Ona görə qızlara uşaqlıqdan “ərə getmək” haqqında moizələrdən çox, vicdan və ləyaqət haqqında danışmaq lazımdır.

Bu yaxında internetdə şəhərin mərkəzi hissələrindən birində çəkilmiş videonu izlədim. Deməli, cavan bir oğlanı dörd tərəfdən dövrəyə alıb, əzişdirərək avtomobilə tərəf aparan polislərin əlindən oğlanı ətrafdakı insanlar xilas edir. Oğlan ilk əvvəl qışqırıb, kömək istəyir. Hadisəyə ilk reaksiya verib, köməyə gələn isə cavan bir qadın olur. Maraqlısı odur ki, həmin qadının yanında azyaşlı uşaq da vardı və o, yanındakı uşağa baxmayaraq haqsızlığa etiraz edib, oğlanı polislərin əlindən xilas etməyə çalışır.

Məhz qadının qətiyyətindən sonra ətrafdakılar cürətə gəlib, qadına qoşulur və oğlanı polislərin əlindən xilas edirlər. Polislər avtomobilə oturub, ərazidən uzaqlaşırlar. Bax, belə! Bir qadının qətiyyəti və cəsarəti ətrafdakıları da haqsızlığa qarşı çıxmağa, gücün zəifi əzməsinə imkan verməsinə göz yummağa imkan vermədi.

Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə qadınların fəallaşması hiss olunur. Bir dostum var, deyir ictimai nəqliyyatda, əsas da sürücünün avtobusu pis idarə etməsinə, salonda siqaret çəkməsinə və s. neqativ hallara ən çox qadınlar etiraz edir.

Bu hal məni çox sevindirir. Əgər hakim rejim seçkilər zamanı təhsil və səhiyyədə çalışan onminlərlə qadını saxtakarlığa təhrik etməklə onların mənlik və ləyaqət hissini zədələməsə, qızlaramız məcburi “ərə verilməsə”, qısqanclıq üstündə radikal təzyiqlərə məruz qalmasa Azərbaycan qadınları daha firavan və xoşbəxt olarlar. Qadınların sıxışdırıldığı cəmiyyətlərdə harmoniya olmaz; əxlaqi-mənəvi mədəniyyət olmaz. Bizimkilər isə qadınların təhsil almasını, işləməsini, bir sözlə ictimai fəallığını ona görə istəmir ki, onları hərtərəfli istismar etsinlər.

Qız və qadınlarımızın başlıca xoşbəxtliyi təhsillə və mədəniyyətlə çiçəklənə bilər. Hər şeyin zamanla daha da yaxşı olacağına şübhəm yoxdur. Xədicə İsmayılın həbsxanadakı təcridxana işçilərinə dediyi kimi “Gülümsəyin, qaraciyəriniz sevinsin, gülümsəyəndə qaraciyər sevinir”.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəXədicənin pozitivliyi…