”Kreml regionda geosiyasi durumun dəyişdiyini görməlidir”
“Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, həmin addımlara insidentlərin araşdırılması və digər etimad tədbirləri daxildir: “ATƏT praktik planda necə hərəkət etməyin vacibliyi ilə bağlı çoxdan yol xəritəsi hazırlayıb. Biz hesab edirik ki, ATƏT məkanında müxtəlif münaqişələrin həllinə maraq göstərən Almaniya sədrliyi fikrini buna kökləməlidir, ATƏT-in sədri səlahiyyətlərini burada nümayiş etdirməlidir. Berlinin bu sahədə öz məsuliyyətini anlaması üçün hər cür kömək etməyə hazırıq”.
Kazan sənədi ilə bağlı jurnalistin sualına S. Lavrov belə cavab verib: “Danışıqların bilavasitə iştirakçısı kimi deyə bilərəm ki, Ermənistan Kazan sənədini rədd etməyib”.
S.Lavrovun açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Azərbaycan siyasi dairələri və ictimaiyyəti Kazan sənədi haqda məlumatı daha çox Ermənistan mətbuatından və rəsmilərindən eşidir. Onların dediyindən belə çıxır ki, Kazan sənədi Madrid Prinsiplərinə əsaslanır və ətraf rayonlar boşaldılandan sonra Azərbaycan üzərinə güc tətbiq etməmək prinsipini götürür. Və bu razılaşma xüsusi sənədlə təsbit olunmalı və nəticədə Dağlıq Qarabağda referendum keçirilməlidir. Amma Azərbaycan bu təklifləri rədd edib: “Düzdür, 1994-cü il atəşkəsindən sonra Azərbaycandan güc tətbiq etməməsi və problemin yarımçıq həlli tələb edilib. Azərbaycan bununla razılaşsaydı, heç nəyə nail olmayacaqdı və Ermənistan danışıqlardakı üstünlüyünü rəsmiləşdirirdi. Ermənistanın Rusiyayla birgə Kazan sənədini gündəmə gətirməkdə məqsədi yenidən həmin qaralamanı müzakirə predmetinə çevirməkdir. Azərbaycan isə bununla razılaşa bilməz. Səbəb isə odur ki, aprelin əvvəlindəki hərbi əməliyyatlar üstünlüyümüzü tam əks etdirib və siyasi vəziyyət də dəyişib. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi üzvləri Azərbaycana dəstək verirlər və bu, Rusiya üçün də bir mesajdır. Kreml regionda geosiyasi durumun dəyişdiyini görməlidir. Belə bir vəziyyətdə Ermənistanın gündəliyi dəyişməsinə yol verilməməlidir. Rəsmi Bakının tələbi 5 yox, 7 rayonun qaytarılmasıdır. Yalnız Laçın dəhlizi müzakirə predmeti ola bilər, humanitar dəhliz kimi. Ermənilər isə bununla razılaşmırlar, səbəb də odur ki, 7 rayon qaytarılsa, status-kvo dəyişəcək”.
İlqar Vəlizadə Lavrovun “Son illər Rusiyanın vasitəçiliyi ilə bir sıra addımlar razılaşdırılıb ki, bunları həyata keçirmək lazımdır” açıqlamasını belə şərh etdi: “Münaqişənin tənzimlənməsi yönündə hazırda təşəbbüs obyektiv və subyektiv səbəblərdən Rusiya tərəfdədir. Kreml bu təşəbbüsü saxlamaq niyyətindədir. Çox təəssüf ki, Minsk Qrupunun digər həmsədrləri məsələyə çox passiv yanaşır və sanki təşəbbüsü özləri Rusiyaya veriblər. Bununla da deyirlər ki, ATƏT çərçivəsində hər hansı sənəd imzalansa, o da Rusiyanın vasitəçiliyi ilə baş verəcək. Azərbaycanın şərtləri aydın olduğundan bu, prinsipial məsələ deyil. Lakin bir məqam vurğulanır ki, əgər Rusiyanın vasitəçiliyi ilə məsələ həll olunsa, Moskva sülhməramlı qoşunlarını bölgəyə gətirsin. Bax, onda fərqli situasiya yaranır. Amma Lissabon razılaşmasına əsasən, hansısa dövlətin sülhməramlıları ümumi qoşunların sayından 30 faizdən çox olmamalıdır. Azərbaycan və Minsk Qrupunun digər həmsədrləri danışıqlarda sülhməramlılar məsələsi gündəmə gələndə Lissabon Sammitindəki razılaşmanı xatırlada bilər. İndiki mərhələdə əsas məsələ 7 rayonun qeyd-şərtsiz boşaldılmasıdır, Ermənistanın buna razılaşmasına gəlincə, onlar Rusiyanın göstərişi ilə hərəkət edir. Əgər İrəvan razılaşmasa, Ermənistan-Rusiya münasibətlərində gərginlik yaşanar. Çünki Azərbaycan öz mövqeyini çəkinmədən ortaya qoyub, Ermənistan üçün başqa variant qalmayıb. Ya yenidən müharibəyə getməlidirlər, Rusiya isə buna yol verməz, ya da Azərbaycanın şərtləri qəbul olunmalıdır”.
Siyasi şərhçi Rusiya XİN rəhbərinin İrəvanda səsləndirdiyi fikirləri Bakı səfərində də dilə gətirəcəyini dedi: “Amma Bakının mövqeyi ona aydındır. Güman ki, o, İrəvanda bunları deyib, indi qarşı tərəfin cavabını gətirir. Əlbəttə, Rusiya 5 rayonun da qaytarılmasıyla prosesin getməsini istəyər, amma Azərbaycan bununla razılaşmayacaq. Yəqin ki, Lavrov Ermənistan rəsmilərindən başqa yanaşma almağa çalışacaq”.