İran – Səudiyyə qarşıdurması fonunda Azərbaycan- yeni Suriya təhlükəsi

Belə perspektiv Azərbaycanın parçalanmasının xəbərçisidir

Source:


Belə perspektiv Azərbaycanın parçalanmasının  xəbərçisidir

Səudiyyə Ərəbistanı ilə İran arasında gərginləşən münasibətlər “soyuq savaş” həddinə çatıb. Yanvarın 2-də şeyx Nimr Baqir əl-Nimrlə birlikdə 47 nəfər şiə aliminin Səudiyyə Ərəbistanında edam edilməsi Yaxın Şərqdə dəngələrin dəyişməsinə səbəb oldu. Hər iki müsəlman ölkəsi arasındakı münasibətlər digər ölkələrə də sirayət etməyə başlayıb. Belə ki, Bəhreyn də İranla diplomatik əlaqələri kəsdiyini elan edib və iranlı diplomatlardan ölkəni tərk etməyi tələb edib. Şeyx Nimrin edamına Avropanın bəzi təşkilatları da münasibət bildirib. BMT-nin baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistanında şeyx Nimr ən-Nimr də daxil, 47 şiə aliminin edamından sarsıldığını bildirib. Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, Səudiyyə Ərəbistanında şiə din xadimi Şeyx Nimr ən-Nimrin edamı sünnilər və şiələr arasında gərginlik üzündən təhlükəli nəticələr verə bilər. Azərbaycanda da artıq dini kəsim arasında baş verən hadisəyə münasibət bildirilməyə başlanıb.  Bir sıra dini qurumlar adıçəkilən edamı pisləyiblər. Ekspertlər hesab edirlər ki, şeyxin edamı məzhəb qarşıdurmasını daha da dərinləşdirəcək və gələcəkdə regionda təhlükəli hala gələcək. Bu olayın Azərbaycana da təhlükəli perspektiv açdığı deyilir. Ümumiyyətlə, şiə aliminin  öldürülməsinə etiraz edənlər çoxluq təşkil edirlər. Əksər dünya ölkələri bu addımı kəskin şəkildə pisləyiblər. Lakin baş verənlər  məzhəb uğrunda mübarizədən daha çox Yaxın Şərq uğrunda mübarizə təsəvvürü yaradır. İran artıq ciddi şəkildə Yaxın Şərqdəki proseslərə  müdaxilə etməyə başlayıb. Bu proses Bəhreyn və Yəməndə birbaşa özünü göstərib. Unutmaq olmaz ki, İran ordusu və Tehranın dəstəklədiyi “Hizbullah” Suriyada fəaliyyət göstərir. İran Suriyadakı müxaliflərə qarşı mübarizə aparır. Göründüyü kimi, məsələ təkcə sünni və şiə arasındakı qarşıdurma ilə yekunlaşmır. Baş verənlər güclü dövlətlər tərəfindən gündəmə gətirilmiş məsələyə bənzəyir. Bu məsələ daha çox siyasi və geosiyasi çalarlara malikdir. Baş verənlər Yaxın Şərq regionunda qüvvələr nisbətinin daha şəffaf qütbləşməsini şərtləndirir. Belə ki,  Rusiya, İran, B.Əsəd Suriyası, PKK və əks qütbdə dayanan ABŞ,Türkiyə, İsrail, Ərəb ölkələri liqası, Azad Suriya Ordusu və NATO ölkələri prosesə qoşula bilərlər. İlk baxışdan, Səudiyyə Ərəbistanı və İranda dövlət ideologiyası dünyəvi yox, dini xarakter daşıyır.

Ümumiyyətlə, Yaxın Şərqdə əhalinin böyük əksəriyyəti müsəlmanlardır. Həm də bu müsəlman əhalisi ayrı-ayrı məzhəb daşıyıcıları olduğundan prosesə din qatqısı da əlavə olunur. Bu da region əhalisinin özünün məhz dini yox, qlobal proseslərin siyasi oyunçusuna çevrilməsini təmin edir. Yəni, bölgədə məzhəb savaşına qoşulanlar özləri də bilmədən qlobal güclərin yanında yer almış olurlar. Bu proseslər ideoloji yox, geosiyasi və geoiqtisadi maraqlar fonunda əhəmiyyət kəsb edir. Yəni qlobal güclərin orbitində olan dövlətləri dini-ideoloi maraqlar yox, strateji ölçülü geosiyasi və geoiqtisadi maraqlar şirnikləndirir. Baş verənlər İranın maraqlarına da xidmət edir. Şiə şeyxinin edam olunması İrana bir sıra geosiyasi bəhanələr verir və diplomatik münasibətlərə xələl gətirir. Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə İslam ordusu yaranmaqdadır. Bu, İran, Rusiya və Çin kimi dövlətlərin Yaxın Şərqə müdaxilələrinin qarşısını almağa yönəlmiş addımdır. Həmin koalisiyanın içərisində nüvə silahına malik Pakistan və regionun güclü dövlətlərindən olan Türkiyə də var.  Göründüyü kimi, məsələ göründüyü qədər də sadə deyil.

Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik bu sualı da aktuallaşdırıb. Azərbaycan kiminlədir və ya Azərbaycan bu durumda hansı mövqe tutmalıdır? İlk baxışdan, şiələr Azərbaycanda çoxluq təşkil edir. Lakin sual açıq qalır – Azərbaycan hakimiyyətinin rəğbəti kimədir? Tehran və Bakı münasibətlərində yaranan gərginlik fonunda Səudiyyə Ərəbistanı Azərbaycanın hakimiyyətinin müttəfiqidir və Ermənistanla diplomatik münasibətləri yoxdur, İran isə İrəvanla sıx əməkdaşlıq edir. Digər tərəfdən, Azərbaycan hakimiyyəti şiə məzhəbinə qarşı daha dözülməz münasibətdədir və digər radikal dini cərəyanlara qarşı xeyli loyaqlıq sərgiləyir. Sağlam məntiq onu tələb edir ki, Azərbaycan Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalsın. Lakin bu məsələ o dərəcədə dərinləşməkdədir ki, Bakının proseslərə hansısa formada cəlb ediləcəyi istisna edilmir.

Azərbaycanda demokratik institutların dağıdıldığı bir zamanda etnik və yaxud dini qarşıdurmanın mümkünlüyü qaçılmaz olur. Azərbaycanın beynəlxalq qurumlarla yaşadığı problemlər ölkənin təcrid olunması ilə sonuclanır. Demokratiyanın yoxluğu isə radikalizmə yol açır. Bu, dini və etnik qarşıdurma ilə sonuclana bilər. Belə qarşıdurmanı mümkün edən amillərdən biri də ölkədə baş verən sosial ədalətsizlik və korrupsiya hallarıdır. Bu kimi neqativ göstəricilər millətçiliyin və etnik separatizmin, dini radikallığın inkişafına rəvac verir. Problemlərin mövcudluğunda əsas etnosu günahkar bilmək, hakimiyyəti məhz dominant etnosun təmsilçiliyi kimi göstərmək milli zəmində qarşıdurma yaratmaq istəyən qrupların fəaliyyəti üçün tam şərait yaradır.

Qeyd edək ki, artıq uzun illərdir ki, ölkənin şimal bölgəsinin bəzi ərazilərində Azərbaycan qanunlarına boyun əyməkdən yayınmaq halları, rəsmi Bakıya meydan oxumaq cəhdləri və dövlət dilinə sayğısız münasibət müşahidə edilməkdədir. Bu ərazilərdə yaşayan əhalinin əhəmiyyətli bir kəsiminin çörək pulu dalınca Rusiyaya yollanması qonşu ölkəni daha da cəlbedici göstərir. Azərbaycanda Rusiya ilə müqayisədə problemlərin daha çox olması separatçı kəsimə “Rusiya tərkibində, qardaş Dağıstanla birləşərək, daha yaxşı yaşaya bilərdik” fikrini aşılamağa rəvac vermiş olur. Bir sözlə, şimal bölgələrində müəyyən qüvvələr Moskvaya Bakıdan daha çox arxalanırlar. Bununla paralel, müəyyən təxribatçı qüvvələrin “Müstəqil Ləzgistan” yaratmaq cəhdləri vəziyyəti daha da qəlizləşdirir. Şimal bölgəsində sələfi əqidəli insanların gün-gündən güclənməsi isə gələcəkdə Azərbaycanda etnik münaqişənin dini müstəviyə transfer edə biləcəyini ehtimal etməyə əsas verir. Belə ki, ölkənin cənub bölgəsində də iki ölkənin təsiri aydın hiss olunur – İran və əlbəttə ki, əsas dolanışıq mənbəyi olan Rusiya. Bu bölgədə şiəliyin əsas amil olması isə gələcəkdə şimal və cənub bölgələrinin dini müstəvidə savaşının xəbərçisidir. Belə perspektiv Azərbaycanın ən azı iki hissəyə parçalanması cəhdindən xəbər verir.

Azərbaycanın parçalanması və zəiflədilməsi üçün bundan “gözəl” fürsət ola bilməz. Maraqlıdır ki, istər bəzi separatçı talış mərkəzləri, bəzi ləzgi mərkəzləri eyni dəyirmi masalarda iştirak edir və rəsmi Bakını şantaj edirlər. Baxmayaraq ki, onlar gələcəkdə bir-birilərinə qarşı savaşın iştirakçıları ola bilərlər.

Onu da vurğulayaq ki, etnik məsələ o dərəcədə zərif məsələdir ki, hakimiyyətin seçdiyi “balta üsulu” ilə həll etmək cəhdləri yalnız zərər vura bilər. Artıq separatçıların təbliğatı üçün münbit şərait yaradılıb və baş verənləri etnik dözümsüzlük kimi dəyərləndirmələr başlanıb.

Daha bir əsas amil ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı tənəzzülə doğru gedir. Proseslər elə bir nöqtədədir ki, perspektiv aydın deyil. Hər şey bir anın içində dəyişə bilər. Ölkə seçim qarşısındadır – ya etnik və dini qarşıdurmanın yaratdığı xaos dəyişikliklərə səbəb olacaq, ya da Azərbaycan demokratik bir ölkəyə çevriləcək. Əgər xaos baş verərsə, hakimiyyət dəyişikliyi qaçılmaz olacaq, amma iqtidara gələn yeni qüvvənin kimliyi müəmmalı qalır. Demokratik və mötədil müstəvinin yoxa çıxdığı bir zamanda təkfirçi dindarlar və etnik separatçılar əsas qüvvəyə çevrilə bilər.  Belələri ilə  isə normal danışıq aparmaq mümkün deyil. Bəlkə də proseslər elə buna hesablanıb. Qərbdən uzaqlaşmağın bir bədəli olmalı idi.  İndi Qərb cavab verir. İqtisadi tənəzzül yaşayan Azərbaycan idarəolunan xaosun hökm sürdüyü bir ölkəyə çevrilə bilər. Bir sözlə, Azərbaycanın “Suriyaya çevrilməsi” təhlükəsi reallaşmaqdadır. Rüşvət, korrupsiya, işsizlik, ədalətsizliyin hökm sürdüyü anti-demokratik ölkələrdə başqa yol qalmır…

Ana səhifəAnalitikaİran – Səudiyyə qarşıdurması fonunda Azərbaycan- yeni Suriya təhlükəsi